Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

«Azadlıq musiqisi qeyri-azad ölkədə»


Anar Məmmədli
Anar Məmmədli
Azərbaycanda bir qrup hüquq müdafiə təşkilatı Bakıda keçiriləcək «Eurovision-2012» musiqi yarışması ilə bağlı kampaniyaya başlayıb. Kampaniya «Azadlıq musiqisi qeyri-azad ölkədə» adlanır.

Kampaniya təşkilatçıları bəyan edir ki, Azərbaycanın «Eurovision» qələbəsi ölkə üçün mədəni hadisə olmaqla yanaşı, ictimai-siyasi əhəmiyyətə də malikdir. Çünki Azərbaycan təkcə yarışmanın keçirildiyi ölkə kimi yox, həm də demokratik dəyərlərə hörmət edən, Avropa ailəsinin həqiqi bir üzvü kimi çıxış etməlidir.

Kampaniya təşəbbüsçülərindən Anar Məmmədli deyir ki, onların məqsədi Azərbaycanda 5 istiqamətdə dəyişikliklərə nail olmaqdır:

QHT-LƏRİN 5 İSTİQAMƏTDƏ DƏYİŞİKLİK İSTƏYİ...

«Birincisi, Azərbaycanda siyasi motivlərlə həbsdə olan insanlar azad olunmalıdır. İkinci məsələ İctimai Televiziya ilə bağlıdır. İstəyirik ki, İTV-də plüralizm təmin olunsun. Üçüncü, sərbəst toplaşma hüququnun tanınmasıdır. Bundan başqa, insanların mülkiyyət hüquqlarının pozulmasını dünyaya çatdırmaq istəyirik. Və nəhayət, sonuncu məsələ viza rejimidir ki, Azərbaycana gələn əcnəbilər zaman-zaman problemlərlə üzləşirlər».

Kampaniya təşkilatçılarından Leyla Yunus isə deyir ki, onlar musiqi yarışmasına qatılacaq demokratik ölkələrin diqqətini Azərbaycanda insan haqlarının vəziyyətinə yönəltmək istəyirlər:

«BELƏ BİR ÖLKƏDƏ BAYRAM KEÇİRMƏK MÜMKÜNDÜRMÜ?»

Şahvələd Çobanoğlu
«Öz vicdanları onlara imkan verirmi? Qan axa-axa, siyasi dustaqlar otura-otura, işgəncə ola-ola, söz azadlığı olmaya-olmaya belə bir ölkədə bayram keçirmək mümkündürmü?».

Kampaniyaya qoşulan köşə yazarı Şahvələd Çobanoğlunun fikrincə, Azərbaycanın «Eurovision» müsabiqəsinin qalibi olması təzad yaradıb:

«NECƏ OLDU Kİ, QƏRƏZLİ AVROPA SƏNİ MAHNI MÜSABİQƏSİNİN QALİBİ ELƏDİ?»

«Necə ola bilər ki, mahiyyətcə Avropaya oxşamayan bir ölkə bir Avropa müsabiqəsinin qalibi oldu? Və ya məsələyə başqa tərəfdən baxaq. Azərbaycan hakimiyyəti insan haqlarının durumu ilə bağlı hesabatlar səslənəndə, həmişə deyir ki, Avropa qərəzlidir. Bəs necə oldu ki, qərəzli Avropa səni mahnı müsabiqəsinin qalibi elədi?».

RATİ sədri Emin Hüseynov isə Avropa Şurası və Avropa Yayım Şurası arasında imzalanan Memorandumu xatırladır:

«Bu memorandum məhz Avropa Yayımçılar Birliyinə üzv olan ölkələrdə insan hüquqlarına sadiqlik prinsiplərini rəhbər tutan bir sənəddir. Bu mexanizmləri biz yaxından öyrənmişik. Gördük ki, bundan ölkədə insan haqlarının vəziyyəti ilə bağlı effektiv istifadə etmək olar. Azərbaycan da Avropa Yayımçılar Birliyinin üzvüdür və müəyyən öhdəliklər də üzərinə götürüb».

Təşəbbüsçülərin dediyinə görə, kampaniya silsilə tədbirlərlə davam edəcək və istənilən təşkilat bura qoşulmaqda sərbəstdir.
XS
SM
MD
LG