Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:30

Yusif Səmədoğlu. 220 №-li otaq



Sizə əhvalatı olduğu kimi – bir şey artırıb – əskiltmədən danışmaq istəyirəm.

Moskva. İyul ayının sonu.

Mənim kiçik otağımın pəncərələri taybatay açıqdır.

Eşikdən içəri sərin meh vurur. Mən beş il yaşadığım bir otağı diqqətlə nəzərdən keçirirəm, elə bil ilk dəfədir ki, bu otaqdayam.

Burada hər şey – kitab şkafının rəflərinə pərakəndə halda səpələnmiş kitablar, arxasında yuxusuz gecələr keçirdiyim qəhvəyi stol, ağ nikeli qapqara tökülüb qaralmış köhnə çarpayı, - hər şey, hər şey nə qədər mənə əzizdir!

Moskva. İyul ayının sonu.

Mən bu gün diplom almışam, qara cildli bir diplom. Mənim beşillik tələbəlik həyatım artıq arxada qalmışdır. Görən doğma Moskvada keçirdiyim bu beş ili mən unuda bilərəmmi? Bir gün də belə yox?

Moskva. İyul ayının sonu.

Axşam saat yeddinin yarısıdır. Mən tələsməliyəm. Çünki çoxdan bəri görüşmədiyim dostlarımın yanına gedəcəyəm.

Saat yeddiyə on beş dəqiqə qalanda pencəyimi geyib küçəyə çıxıram…

Bilmirəm, niyə tramvay o səkkizmərtəbəli binanın qarşısında dayanan kimi, ürəyim döyünməyə başladı. Bir müddət tramvaydan düşməyə belə tərəddüd etdim.
Binaya yanaşan kimi ilk andan nəzərimi qapıya vurulmuş enli qara lövhə cəlb etdi: «Tələbələr yataqxanası».

Bir il qabaq bu lövhə yox idi. Düz bir il idi ki, mən dostlarımı görmürdüm.

Qapını açıb içəri girdim.

Gününü görüb dövranını sürmüş qoca komendanta pasportumu təhvil verib gedəcəyim otağın nömrəsini dedim və altıncı mərtəbəyə qalxdım. Üstündə «220» rəqəmi yazılmış qapının qabağında dayandım. Qapını yüngülcə itələdim. Qapı cırıltı ilə açıldı.

220 №-li otağa girən kimi üstünə araq butulkaları, konserv qutuları, qədəhlər düzülmüş balaca stolun yanında çəngəl-bıçağı silən Elmarı gördüm. Ondan bir az aralı, stolun baş tərəfində, İslam əllərini oynada-oynada sarısaçlı, sinəsiaçıq, aşağıya doğru darlaşan qolsuz paltar geymiş bir qızla söhbət edirdi.

- Paho, gör bizə kim gəlib?.. Ay səni xoş gördük! Balam, bizi lap yaddan çıxarmısan ki? Axı, belə iş olmaz! – deyə Elmar əlini dəsmala silib üstümə yüyürdü, bərk-bərk məni qucaqladı, iki dəfə üzümdən, bir dəfə dodaqlarımdan öpdü. Bizdən bir az kənarda əlləri cibində dayanan İslam gülür, kirpilərini tez-tez qırpırdı. Hələ də məni buraxmayan Elmarın qolları arasından birtəhər çıxıb İslama tərəf yönəldim, əlini bərk-bərk sıxdım, onu öpmək üçün özümü qabağa verdim. İslam mənim məqsədimi duyub geri qanrıldı, güldü, sarı dişləri göründü.

- Ay salam, salam! Nə əcəb səndən? – deyə birdən susdu, bizə yanaşan sarısaçlı qızın qolundan tutdu, məni ona ciddi bir görkəmlə təqdim etdi, elə bil dostunu yox, rəsmi bir adamı təqdim edirdi.

- Nika tanış ol. Bizim azərbaycanlıdır, neftçilərdəndir.

Nika əlini uzatmadan adını dedi və incə bir səslə:

- Bəs sizin adınız? – deyə soruşduqdan sonra qolundan asılmış redikülündən yaylığını çıxarıb alnının tərini sildi.

Mən də adımı dedim. Nika isə daha danışmadı, susdu. İslamın üzünə baxıb nədənsə dodaqlarını marçıldatdı.

İslam qızın əlini əlləri arasına alaraq ona tərəf əyildi, qulağına nəsə pıçıldadı. Qız güldü. Araya bir neçə saniyəlik sükut çökdü. Sonra İslam qızın qolunu buraxıb stolu arxasında çörək doğrayan Elmarı çağırdı:

- Elmar, sən Nikayla stolu sahmanla, biz də bir az söhbət edək.

Nika Elmarın yanına getdi.

Biz İslamla çarpayının üstündə oturduq. Mən diqqətlə İslama fikir verdim. Adam da bu qədər kökələrmiş! Sizi inandırıram ki, əgər İslamı küçədə görsəydim, tanımazdım. İndi yanımda oturan İslam mənim tanıdığım, iki yoldaş arasında «sümük kisəsi» çağırılan İslam deyildi!

İslam yerində qurcalandı, birdən «yaman istidir» deyə ayağa qalxdı. Pencəyini çıxartdı. Elə bil İslamın kök bədəni bunu gözləyirdi: o dəqiqə sinəsindən, qarnından, böyürlərindən, xeyli ət pırtladı; İslam tamam yumru bir şeyə döndü.

İslam mənim güldüyümü görüb, başını buladı, niyə güldüyümü başa düşdü.

- Demə, demə. Yaman kökəlmişəm. Ancaq məndən asılı deyil. İştahımın qabağını ala bilmirəm. Boq dast, yayda özümü arıqladaram. – dedi və təzədən yanımda oturdu.
O məndən əhvalımı, dərslərimin necə getdiyini, anamı xəbər aldı. Mən institutu qurtarmağımı dedikdə İslamın gözləri böyüdü, yerindən durdu:

- Mən ölüm?!

- Sən öl, bu da diplom.

Diplomu cibimdən çıxarıb ona verdim. Elmarla Nika da bizə yanaşdılar. Hər üçü növbə ilə diplomu alıb oxudular, ora-burasına baxdılar. Elmar dodaqlarını büzüb çox mənalı tərzdə başını tərpətdi, sonra əlini sıxdı:

- Təbriklər, min dəfə təbriklər, - dedi və stolun başına keçib hamımızın oturmasını xahiş etdi. Elmar qədəhləri doldurdu.

- Uşaqlar, bunu içək dostumuzun sağlığına! O gün olsun ki, aspiranturanı da qurtarıb olsun elmlər namizədi. Ura!

Hamı sağlığıma içdi. Elmar tez boşqablarımıza duzlu xiyar qoydu.

- İndi qoy hər kəs özü-özünə qulluq etsin. Daha mənim təhərim yoxdur, - deyə, o, qədəhləri təzədən doldurdu. Biz bir də içdik. Sonra bir də Elmar nədənsə o saat kefləndi, dili dolaşdı, tez-tez gəyirməyə başladı.

İslam əlindəki duzlu xiyardan dişdəm vurub Elmara dedi:

- Ay-hay, nə tez gözlərin qızardı.

Elmar göz vurdu, çiyinlərini əsdirə-əsdirə güldü.

- Təki gözlərim araqdan qızarsın!

Hamı gülüşdü. Sonra üç nəfər – İslam, Elmar və Nika öz aralarında danışmağa başladılar…

…Mənimsə yadıma orta məktəbdə oxuduğumuz vaxtlar düşdü. Mən onuncu sinifdə, İslamla Elmar doqquzda oxuyanda bizim dostluğumuzun bünövrəsi qoyulmuşdu. O zamanlar İslam özfəaliyyət dərnəyində tar çalır, Elmar isə oxuyurdu. Məktəbdə bir konsert olmurdu ki, bu iki nəfər orada iştirak etməsin.

Biz – üç dost vaxtımızın çoxunu kitabxanalarda keçirərdik. Həftədə bir-iki dəfə ya kinoya, ya teatra gedərdik. İslam böyüyəndə tarixçi, Elmar isə ədəbiyyatçı olacağını söyləyirdi. Mən elə o zamandan, bəlkə də daha tez, lap uşaqlığımdan neftçilikdən yapışmışdım. Dənizdəki neft buruqlarında işləmək, üz-gözüm mazutun içində evə qayıtmaq mənim ən müqəddəs arzum idi.

Vaxt keçdi. Orta məktəbi bitirib Moskvaya getdim. Neft institutuna daxil oldum. Bir ildən sonra Moskvada İslamla Elmarı qarşıladım. İkisi də Moskva universitetinin tarix fakültəsinə girdi.

Sonra tələbəlik illəri bir-birinin ardınca ötüb keçdi, bir yerdə yatdıq, bir yerdə durduq, üçümüz bir papirosu çəkdik, bir yerdə səhərə qədər imtahanlara hazırlaşdıq. Hər dəfə təqaüd alan kimi bir yerə yığışıb şənlik düzəltdik, dostları başımıza topladıq, bəzən səhərə kimi kef elədik. Aramızda xırda incikliklər də baş verdi, amma yarım saatdan sonra öpüşüb barışdıq. Bu illər ərzində İslamın tarı da bir gün belə susmadı, güldü, inildədi, segah çaldı, şikəstə dedi, ürəyimizi döyündürdü, gözlərimizi yaşartdı, hər dəfə yadımıza Bakını saldı.

Belə günlərimiz çox oldu. Ancaq bir gün gəldi ki, bizim dostluğumuz soyudu, İslamla möhkəm sözləşdik, o mənə dedi, mən ona.

Əhvalat belə olmuşdu.

Günlərin birində yenə İslamın yanına – 220 №-li otağa gəlmişdim. Qış idi. Otaqda istidən çox ürək sıxan bürkü vardı. Paltomu soyunan kimi İslamdan «tarı dınqıldatmasını» xahiş etdim. Əvvəlcə o boyun qaçırdı, dedi ki, çalmıram, kefim yoxdur. Mən bir də təkid etdim, zarafatyana ona «forslanma» dedim. O isə hirsli-hirsli üstümə çımxırdı:

- Sənin də bir tarın var, elə bilirsən ki, dünya sənindir. Tarın, kamançanın vaxtı keçdi.
Sözün düzü, məni gülmək tutdu. İslamın boynunu qucaqlayıb soruşdum:

- Bu fikirlər sənin başına hardan gəlib, ay İslam? Necə yanı tarın, kamançanın vaxtı keçdi?

- Heç hardan gəlməyib! Elə öz-özümə fikirləşib tapmışam, başa düşdün? – deyə o, kobudcasına məni itələyib çarpayısına uzandı.

Bu dəfə mən partladım. Deyəsən ona «əbləh» dedim. O isə məni «gic müsəlman» adlandırdı. Daha bir söz demədim, geyinib otaqdan çıxdım.

O gündən hər həftə onlara zəng vurar, bir-iki kəlmə ilə hal-əhvallarını xəbər alardım. Vəssalam.

Sonra vaxt gəldi, ali məktəbi bitirdim. Arada düz bir il dostlarımı görmədim. Çünki aramız soyumuşdu. Bir də başım qarışıq oldu. Gah imtahanlara hazırlaşdım, gah da diplom yazdım…

…Nəhayət, indi dostlarımın yanındaydım. İslam kökəlmişdi, Elmar arıqlamışdı. İkisi də Nikanın qolundan tutub bir-birinə aman vermədən ona nəsə deyir, üçü də şaqqıltı vurub gülürdü.

İslam mənə tərəf döndü, buxağının tərini silib bayaqkı gülüşün təsiri altında hıqqana-hıqqana soruşdu:

- Təyinatı hara almısan? – deyə o, yerindən qalxıb otağın o başına getdi, divardan asılmış aynadan özünə baxdı, sualını bir dəfə də təkrar elədi.

Yerimdən qalxıb İslamın yanına gəldim.

- Necə yanı hara? Bakıya almışam.

- Haraya? Bakıya? – deyə İslam təəccüblə soruşub Elmara tərəf döndü, qışqırdı. – Ey, eşidirsən? Deyir ki, işləməyə Bakıya gedəcəyəm.

Elmarın başı söhbətə çox qarışıq idi. O, Nikaya «bağışla» deyib bir anlığa bizə tərəf döndü və dedi:

- Hara? O xarabaya?

Mən Elmara cavab vermək istədim. İslam sözümü ağzımda qoydu:

- A kişi, Bakıda nə var? Ağlın olsun, gedib düşəcəksən müsəlmançılığın içinə, mədəniyyətsizlərin arasına. Gül kimi Moskvanı, restoranları, cananları qoyub hara gedirsən?

Bir söz deyə bilmədim. Nədənsə həm Elmarın «xaraba» kəlməsi, həm də İslamın son sözləri mənə həmin tar əhvalatını xatırlatdı. Bu iki şeyi bir-birinə bağlayan məna bədənimə üşütmə gətirdi.

- Əyə, İslam, Bakı sənə çörək verib. Elə danışma, - deyə mən fikrimi ifadə etmək üçün daha münasib sözlər axtarmağa çalışdım, ancaq sözümü qurtara bilmədim. Elə bu an Nika da bizə yanaşdı. İslamın qoluna girib yenə dodaqlarını marçıldatdı. Qız İslamdan soruşdu:

- Nə olub? Əgər gizlin deyilsə mənə də deyin…

İslam güldü, əllərini bir-birinə vuraraq qəribə bir səslə qıza başa saldı:

- Nika, bir bunun dediyinə bax. İşləməyə Bakıya getmək istəyir.

- Aha, demək patriotdur… Vallah ixtiyar məndə olsaydı bu «patriot» kəlməsini dilimizdən birdəfəlik silib atardım. Canım, bu Qafqazda nə tapmısıız? Sizin Qafqaz əhli, bizim də Tambov müjikləri… Fu!.. – deyə Nika hıqqıldadı, dediklərinin təsdiqi üçün İslamın üzünə baxdı.

İslam:

- Düzdür, düzdür, - deyə Nikanın sözlərinə şərik olduğunu bildirdi. Özü də necə bir soyuqqanlıqla!

Ürəyimi çırpındıran həyəcan elə bil dilimi, dodağımı qurutdu, bədənimi məngənə kimi sıxdı. Nədənsə İslamı ayağımın altına salıb əzmək istədim. Lakin özümü ələ aldım.
- İslam, - dedim, sən həmişə tar çalardın, şikəstə deyərdin Nizaminin, Füzulinin, Sabirin adı sənin dilindən düşməzdi. Yanında Azərbaycandan, Bakıdan danışanda gözlərin dolardı, «Vətənə qurban olum» deyərdin. Bəs indi? Axı, sənə nə olub?!
İslam məni dinləyir, təkəbbürlü görməklə başını bulayır, istehza ilə gülümsünürdü. O mənim susduğumu görüb Nikadan aralandı, bir o başa, bir bu başa getdi, sonra dayandı.

- Hm… Nizami, Füzuli… - dedi. – Sənin dediklərinin hamısı düzdür. Mən Nizamidən də, Füzulidən də, Sabirdən də həzz alardım, gecə yarıya qədər onları oxuyardım. Düzdür, mən tar da çalardım, şikəstə də deyərdim. Bax o tar mənim əlimdən yerə düşməzdi. – Burada o, sözünü kəsib divardan asılmış ağ sədəfli tarını göstərdi. Mən bayaqdan o tara fikir verməmişdim. İndi verdim. Tarın sədəfi qaralmış, üstünü toz basmışdı. Demək, artıq İslam tanrını əlinə almırdı, onun barmaqları o simlərə toxunmurdu. – Düzdür, sənin dediklərinin hamısı düzdür. Ancaq o vaxtlar keçdi. İndi o Nizami, o tar, o kamança, nə bilim, segahlar, zabillər nə sənə lazımdır, nə də mənə!

Dünya gözlərimdə qaraldı. Bu nə danışır? Axı, İslama nə olub? Bunu kim, hansı şərait belə edibdir? Moskvamı, Moskvada aldığı təhsilmi? Yox! Yox! Moskvada yüzlərlə azərbaycanlı oxuyubdur, lakin heç kəs bunun kimi danışmayıb, öz xalqından, mədəniyyətindən üz döndərməyib!.. Nika stolun arxasında qədəhləri dalbadal boğazına boşaldan, artıq əməlli-başlı keflənmiş Elmara tərəf getdi. Mən onun səsini eşitdim.

- Elmar, mən yatmaq istəyirəm.

- Nə-ə… Ya-yatm-aq… - deyə Elmar kəkələdi. – Yatmaq olar, amma qorxuram ki, o dəfəki kimi ərin səni burada tapa… Atamıza od vura…

İslam susduğumu görüb güldü, deyəsən mənə təsəlli vermək fikrinə düşdü.

Sən məndən incimə… Sən hələ çox şeyləri başa düşmürsən. İyirminci əsr hələ sənin beyninə girməyib, - dedi. – Əsr başqa əsrdir, mənim əzizim. Yeni gənclik meydana çıxdı. Bizi nə adlandırırlar, adlandırsınlar. Lakin biz varıq. Düzdür, çox azıq, amma varıq, yaşayırıq… İnsanın səbəstliyini, azad təfəkkürünü əlindən alan milli hisslər, ailə, nə bilim, cürbəcür adət-ənənələr bizim ruhumuza yaddır. Biz yalnız yaşamaq, kef eləmək, bu dünyadan nə mümkündürsə qoparmaq istəyirik… İyirminci əsr saksofon, truba, trombon əsridir. Biz lirikadan, insanın gözlərini kor edən romantik xəyallardan, ülvi məhəbbət kimi yabançı hisslərdən çox uzağıq. İnsan bir dəfə yaşayır… ona görə də biz öz hisslərimizi cilovlayırıq, bayaq dediyim kimi, həyatdan nə mümkündürsə qoparırıq… Əlbəttə, yəqin sən ürəyində bizə gülürsən. Haqqın da var. Çünki sən həyatı başqa cür başa düşürsən. Yalnız sənin yox, milyonlarla sənin kimilərin bizi görməyə gözləri yoxdur. Hamı bizə nədənsə stilyaqa, deyir, bizi hər yerdə biabır eləmək istəyirlər, bəzən lap üzümüzə də tüpürürlər. Amma biz məğlub olmuruq, yaşayırıq… Aydındırmı?

İslam susdu. Saatına baxıb gərnəşdi:

- Paho, saat on ikidir ki!

Bu, o demək idi ki, yəni çıx get.

Mənimsə elə bil dizlərim qurumuşdu, deyəsən gözlərim də yaşarmışdı.

- İslam axı, Azərbaycan…

İslam kobudcasına mənim sözümü kəsib qışqırdı:

- Rəhmətliyin oğlu, nə tapmısan ey bu Azərbaycanda! Cəhənnəmə qalsın sənin Azərbaycanın! Elə səhərdən tutuquşu kimi Azərbaycan, tar, kamança deyib ötürsən!..

O yandan Elmarın boğuq səsi eşidildi:

- A kişi, nə tar… Sən saksofondan danış!

Mənsə yenə bir söz deyə bilmədim. Doqquz ay bətnində yatmış, aylarla südünü əmmiş, laylasını dinləmiş, xeyir-duasını eşitmiş bir ananın üzünə ağ olan oğula nə demək olardı?!

Mən yalnız qapıya atıldım, hirsimdən əsə-əsə var səsimlə:

- Tfu sizin üzünüzə! – deyə qapını çırpıb çıxdım. Dəhlizdə arxamca qışqıram kefli Elmarın səsini eşitdim:

- Bizdən Azərbaycana salam!

Komendantdan pasportumu geri alanda o qoca kiş diqqətlə üzümə baxdı və soruşdu:
- Orada heç kim qalmadı? Yoxsa, gecdir, yatmaq vaxtıdır.

Mən nə etdiyimi bilmirdim. Yazıq qocanın üstünə qışqırdım:

- Xeyr, qaldı! Bir fahişə qaldı, bir də o fahişəyə oxşayan iki oğraş…

* * *

Küçəyə çıxdım. Gecə zülmət kimi qaranlıq idi. Beynimdəki dəhşətli uğultu sanki başımı partlatmaq istəyirdi. Qulaqlarımda daim kefli Elmarın son sözləri səslənirdi:

- Bizdən Azərbaycana salam!

Necə? Sizdən salam! Azərbaycana!? Yox, yox! Mən sizinlə duz-çörək kəsdiyimə görə Azərbaycana çatan kimi üzr istəyəcəyəm.

Səhər-axşam başı dumanlı olan bizim dağlardan üzr istəyəcəyəm!

Ələsgərin, Xəstə Qasımın, Abbasın yanıqlı sazından üzr istəyəcəyəm!

Gəncliyində daim beşik başında layla deyən, qocalığında isə daim xeyir-dua oxuyan bizim anaların ağ birçəklərindən üzr istəyəcəyəm!

Nəhayət, mən vicdanımdan, bir də anam Azərbaycanın torpağından üzr istəyəcəyəm!
Sonra…

Sonra isə Bakıda, Azərbaycanın hər şəhərində, hər kəndindlə hər yoldan ötəni saxlayıb bu sözləri deyəcəyəm:

- Gedin onları axtarın, tapın! Onlar 220 №-li otaqda yaşayırlar! Qorxmayın, onların üzünə tüpürün!
XS
SM
MD
LG