Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:25

«Azercell» və «Bakcell»ə 3G şərtləri


3G «üçüncü nəsil» şəbəkələri 2 GHz tezliyində işləyir
3G «üçüncü nəsil» şəbəkələri 2 GHz tezliyində işləyir
«Azercell», «Bakcell» mobil operatorları 3G lisenziyası almaq üçün Həmkarlar İttifaqı yaratmalı, arabağlantı, rouminq tariflərini aşağı salmalıdırlar.

Rabitə və İnformasiya Nazirliyinin avqustun 4-də yaydığı məlumatda deyilir ki, həmin mobil operatorlar bu şərtlərə əməl edərlərsə, onlara 3-cü nəsil (3G) mobil rabitə xidmətinin tətbiqi ilə bağlı lisenziya və tezlik verilə bilər.

ŞƏRTLƏRƏ ƏMƏL OLUNSA...

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov AzadlıqRadiosuna deyib ki, iyulun 24-də nazirlikdə «Azercell», «Bakcell» və «Azerfon» mobil operatorlarının nümayəndələri ilə onlara əlavə lisenziyaların və radiotezliklərin verilməsi imkanları müzakirə edilib. Həmin şirkətlərin nümayəndələri 5 bənddən ibarət protokola imza atıblar. Həmin protokolda adıçəkilən qurumlarda Həmkarlar İttifaqı təşkilatının yaradılması, arabağlantı, rouminq xidmətlərində tariflərin aşağı salınmasının davam etdirilməsi və s. məsələlərin öz həllini tapması nəzərdə tutulub. «Azercell», «Bakcell» protokolda nəzərdə tutulan bütün bəndlərə əməl etsə, yaxın vaxtlarda onlara 3G lisenziyası verilə bilər:

«Bu protokolda elə çətin və ya çoxlu vəsait tələb edən hər hansı məsələ yoxdur. Misal üçün Həmkarlar İttifaqlarının yaradılması nə çətin məsələdir ki? Özləri də bu məsələlərin həll edilməsinə razılaşıblar. Şirkət Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərirsə, bu məsələlərə də əməl edilməlidir. Özü də nazirlik də çalışır ki, həmin şirkətlərə 3G lisenziyasının verilməsi tez həll olunsun».

BİRCƏ «AZERFON» TƏLƏBLƏRƏ ƏMƏL EDİB

Əli Abbasov
Müşfiq Əmirov deyir ki, protokolu imzalayan şirkət nümayəndələri bütün şərtlərlə razı olduqlarını bildirsələr də, onlardan nazirliyə indiyə qədər hər hansı cavab verilməyib.

Azərbaycanda fəaliyyət göstərən 3 mobil operatordan yalnız birinə - «Azerfon» şirkətinə («Nar Mobile») 3G lisenziyası verilib. Müşfiq Əmirov deyir ki, iki mobil operatordan fərqli olaraq, həmin şirkət bütün tələblərə əməl edib.

Hələ ki nə «Azercell», nə də «Bakcell» bu məsələyə hər hansı şərh vermək istəmir.

Nazir Əli Abbasov bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, operatorların şəbəkəsi şəffaf olmalıdır. Operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. Nazir deməsinə görə, ikinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir, digər tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. Trafik haqqı 5 qəpikdən 2 qəpiyə endirilməlidir. Nazir deyib ki, hələ ki «Azercell»lə «Bakcell» buna razı olmur.

«Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək», - deyə nazir bildirib.

3G «üçüncü nəsil» şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə ötürür. 3G şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.
XS
SM
MD
LG