Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:33

Yusif Səmədoğlu. Foto-fantaziya



(Hekayə)

Teleqram gələndə arvadı evdə yox idi. Sadıq soruşdu:

- Doğrudan teleqramda mənim familim yazılıb?

- Yox, yalannan. Gecənin bu vaxtında poçtdan bura yorta-yorta gəlmişəm ki, səninlə zarafatım var! – Qoca tərs-tərs Sadığa baxdı.

Sadıq daha dinmədi. Əlini qapının tucağına qoyub dayanmış, dördmərtəbəni bir nəfəsə qalxdığından ağzını açaraq ağır-ağır nəfəs alan poçtalyonu yola saldı.

Otağa qayıtdı, stula keçirdiyi pencəyinin cibindən tapdığı səkkiz qəpiyi gətirib poçtalyonun cibinə qoydu.

Poçtalyon təşəkkür eləmədi, dabanları üstə fırlanıb, Sadığı təəccübləndirən bir çevikliklə pillələri iki-iki hoppana-hoppana aşağı endi.

Sadıq qapını bağlayıb zənciri keçirdi (arvadı evə gəlməyəcəkdi, gecə xəstəxanada növbətçi idi). Amma teleqramı o dəqiqə oxumadı.

Nəsə ürəyinə dammışdı. Otağa girəndə də teleqramı açmadı, sintetik süfrə ilə örtülmüş dəyirmi stolun üstünə qoydu.

Təəccüb qarışıq bir maraqla gözlərini teleqrama zillədi. Elə bil adi kağız parçasına deyil, qəflətən peyda olmuş balaca kərtənkələyə baxırdı.

Sadığın ürəyi sıxıldı. Son ildə teleqram, yaxud məktub aldığı yadına gəlmirdi.

Gecə on ikinin yarısında qapı zənginin çalınması, poçtalyonun «sroçni» deyə üç dəfə dalbadal çağırması müəmma ilə dolu bir hadisəyə çevrilmişdi.

O, teleqramı götürdü. «Xalanız qəflətən vəfat etmişdir. Dəfn dördündədir. Qonşular».

«Əzrayıl aparsın səni!» Hər şey aydın oldu. Saranın – Sadığın arvadının xalası rəhmətə getmişdi.

Birdən yadına düşdü ki, təxminən beş-altı ay bundan qabaq, o, Saranın təkidi ilə işindən-gücündən avara olub, üç gün Bakının apteklərini gəzərək qan təzyiqini aşağı salan nadir bir dərman axtarmışdı, ancaq tapmamışdı.

Sara ərinə inanmamış, tanışı olduğu apteklərə özü getmiş, amma axırda o da evə əliboş qayıtmışdı.

Saranın xalasına teleqram vurmuşdular ki, belə dərman hələ Bakıda yoxdur. Vəssalam… Sonra Sadıq qoca poçtalyonu xatırladı.

Onun nazik səsi, qapı açılan kimi nəzərə çarpan qırmızı burnu, qalın çatlaq dodaqları, boyunluğu və dirsəkləri sürtülüb ağarmış köhnə pencəyi indi Sadığı əsəbiləşdirdi.

Hətta Sadığa elə gəldi ki, bayaq qəbzə qol çəkəndə poçtalyon ona istehza ilə baxırdı…

Sadıq bir stəkan sirkə içibmiş kimi üz-gözünü turşutdu, taqətsiz üzgün bir halda teleqramı stolun üstünə qoydu və tamamilə qeyri-şüuri olaraq, meşin çəkələklərinin bir tayını ayağından çıxarıb otaqda gəzişməyə başladı.

Bufetin yanına qədər gedib dayandı, divarda, kəfgiri aram-aram yellənən «Nuh əyyamından» qalma köhnə saat ilə hər iki tərəfindən ağ dəsmallar asılmış plasmas rəfin arasında yuxarı-aşağı qalxıb-enən yaşıl milçəyə baxdı.

Başqa vaxt olsaydı, yavaşca, səs salmamağa çalışaraq, bufetin üstündəki köhnə qəzetlərdən birini götürüb boru şəklində bükər və sərrast zərbə ilə milçəyi öldürərdi...

Sadıq geri qayıtdı, stolun arxasında əyləşib başını əlləri arasına aldı. Gicgah damarları şişmişdi.

O, bir müddət nə üçünsə qımıldanmamağa, barmaqlarını belə tərpətməməyə çalışaraq, saatın beyninə işləyən taqqıltısına qulaq verdi.

«Əzrayıl aparsın səni!» - deyə acı-acı düşündü. Kimi? Saranın xalasınımı? Poçtalyonumu? Ya elə özünümü?.. Bir azdan başının ağrısı bir qədər azalandan sonra o, metal portsiqarını çıxarıb papiros yandırdı, yanğısını su ilə söndürürmüş kimi, acı tüstünü acgözlüklə ciyərlərinə çəkməyə başladı.

Lakin elə həmin dəqiqə də ürəkbulanması hiss etdi. Papirosu külqabına basıb bir neçə dəfə udqundu. «Əzrayıl aparsın səni!» - deyə bu dəfə ucadan dilləndi.

Əslinə qalsa, elə bu gün səhərdən Sadığınkı gətirməmişdi…

… Yuxudan kal qalxıb, əsnəyə-əsnəyə, ayaqlarını çarpayıdan sallayaraq çəkələklərini geyinən kimi hiss etdi ki, dünənki yorğunluğu hələ canından çıxmayıb.

O harada olduğunu belə dərk etmirmiş kimi, üzbəüz divardan asılmış köhnə fotoşəkilə küt, bir az da heyrətli nəzərlərlə baxıb, ərinə-ərinə qalxdı və mətbəxə yönəldi.

Arvadının adəti üzrə işə getməmişdən qabaq hazırlayıb stolun üstünə qoyduğu bir stəkan şərbəti xırda qurtumlarla içdi.

Şərbət ilıq idi, kömək eləmədi. Bütün bədənini başgicəlləndirici bir süstlük bürümüşdü.

«Mütləq həkimə getmək lazımdır, - deyə hirsli-hirsli düşündü. – Belə getsə heç nə! Canın sağ olmayandan sonra kimə gərəksən?..

Evdən çıxanda, tini burulub geniş küçə ilə işə yollananda evlər idarəsi müdiri Sübhi ilə rastlaşdı. Sadıq özünü görməməzliyə qoyub üzünü yana çevirəndə Sübhinin əvvəlcə fındığı gülüşünü, sonra cır səsini eşitdi:

- Yoldaş Sadıq, sabahın xeyir.

- Salam.

Sadıq dayandı. Müdir Sübhinin ağ çesuça pencəyinə baxdı. Yağışda, istidə, boranda bu pencək onun əynindən çıxmazdı.

Havalar lap soyuyanda, qar yağanda da o, üst-üstə iki, bəzən də lap üç yun arxalıq geyərdi, ancaq Sadıq onu paltoda görməmişdi.

Həmişə ağ çesuça pencək, başında da otuzuncu illərdə dəb olan uzun günlüklü «ispolkom» papağı…

Bəlkə də elə məhz buna görə bu məhəllədə yaşayan hər ikinci adam müdiri Sübhini ağıldan kəm sayırdı…

- Yoldaş Sadıq, nöş mənə birtəhər baxırsan, hə?

- Heç qarnım ağrıyır.- Sübhinin səsi də çesuça pencəyi kimi Sadığı əsəbiləşdirirdi.

- Səndən, yoldaş Sadıq, deyəsən şikayət eliyəsi olacağam.

- Niyə?

- Qanunu pozduğuna görə.

- O hansı qanundur?

- Sovet qanunu…

Məlum oldu ki, Sadıq yenə üç ay ev kirayəsini gecikdirmişdir.

- Qorxma, mən qanun pozan oğlan deyiləm. Aparıb pulu verəcəyəm. Ürəyini buz kimi saxla!

Müdir Sübhi Sadığın ona aşkar sezilən bir nifrətlə baxdığını görüb güldü. Güldü və Sadığı lap özündən çıxardı.

- Bura bax niyə hırıldayırsan? – deyə Sadıq bacardıqca sakit görünməyə çalışaraq əllərini plaşının ciblərinə dürtdü və aşağı basdı. Plaşının qırışları daha da çoxaldı.

- Bilmirəm, yoldaş Sadıq, sənin məndən nöş zəhlən gedir. Vallahi-billahi ki, heç baş çıxara bilmirəm. – O, başını buladı, müqabilində dayanmış bu qəzəbli adamın sifətinə qəribə bir diqqətlə nəzər yetirdi: elə bil Sadığın sifətində qarışqalar yeriyirdi. Məndə axı nə günah var?..

Mənə deyirlər ki, filankəs pulu nöş gətirib vermir, mən də gəlib o filankəsə buyururam. Düz eləmirəm yəni?

- Düz eləyirsən… Ancaq bəlkə həmin o filankəsin cibində heç qara qəpiyi də yoxdur, bəs onda necə? – Sadıq öz səsindəki mülayimliyə təəccübləndi. Bu, müdir Sübhinin də diqqətindən yayınmadı. O, bircə addım qabağa yeriyib, sözünün yarımçıq qalacağından ehtiyat edirmiş kimi tələsik dilləndi:

- Sən də düz deyirsən. Lap düz buyurursan. Ancaq sən elə bilirsən ki, mənim ciblərim maşallah cağbacaqdır?..

Onlar ayrıldılar. Sadıq bir müddət müdir Sübhinin ardınca baxdı. Ağ çesuça pencək tində yox olanda o, nədənsə heyifsiləndi. Sadığa elə gəldi ki, müdir Sübhiyə nə isə vacib bir şeyi deməyi unutmuşdur. Ancaq nəyi?

Sadıq yalnız indi əllərini ciblərindən çıxardı, plaşının düymələrini açıb, qanı qaralmış halda yoluna davam elədi.

Küçəni keçdi, o biri səkiyə çıxdı və üç-dörd addım atandan sonra hər gün işə gedəndə, işdən qayıdanda ayaq saxlayıb diqqətlə, sadəlövh bir körpə marağı ilə seyr etdiyi uşaq mağazasının vitrininin qabağında dayandı.

Bu enli şüşənin arxasında tama qeyri-adi və rəngarəng bir aləm vardı. Oyuncaqlar.

İrili-xırdalı dördkünc şüşə qutuların üstünə qoyulmuş oyuncaqlar. Havalar soyuq keçəndə, yağış yağıb vitrin şüşəsini zolaq-zolaq isladanda qutuların cizgiləri içərisindən görünürmüş kimi dəqiqliyini itirirdi.

Adama elə gəlirdi ki, oyuncaqlarının hər biri boşluqda qərar tutub…

Bu gün hava pis deyildi. Külək əssə də, göyün ora-burasında ara-sıra qalın buludlar görünsə də hələ səhərdən bəri günəşin qabağı tutulmamışdı.

Mağaza ilə üzbəüz hündür binanın pəncərələrində əks olunan günəş şüası yuxarıdan-aşağıya doğru uzanan maili və parlaq bir xətt cızaraq dəyirmi ləkə şəklində vitrinə düşürdü.

Oyuncaqların şüşə gözləri brilyant kimi ziya verirdi.

Vitrinin sağ küncündə, məftil kimi nazik ayaqları üstə dayanıb qollarını yana açmış Buratino istehzalı bir gülüşlə düz Sadığa baxırdı.

Bu istehzalı gülüş, bir nöqtəyə zillənmiş xırda, dəyirmi gözlər, bir-birinə sıxılmış nazik dodaqlar nə üçünsə Sadığa müdir Sübhini xatırlatdı…
Sadıq müdiri olduğu fotoatelyəyə çatanda tindəki saat doqquzu göstərirdi.

O, qapının ağzında ayaq saxlayıb, üstünə gümüşü hərflərlə «Fotoatelyə Fantaziya» yazılmış dördkünc lövhəyə baxdı və yazının solduğunu görüb başını buladı.

İçəri girib, cəmi dörd pillədən ibarət olan pilləkanı enən kimi laborant Cümşüd səssiz addımlarla ona yaxınlaşdı və dili topuq vura-vura dedi:

- Gəlib… - Onun sifəti ağarmış, sol gözünə qızartı gəlmişdi.

- Kim gəlib? – deyə Sadıq Cümşüdün nə bir kəlməlik müəmmalı məlumatından, nə də bu hala düşməsindən baş çıxmayaraq soruşdu.

Cümşüd səsini lap alçaltdı:

- Rejissor gəlib. Həmin o artiskanın əridir deyir. Şəklini çəkdirməyə gələn artiskanın…

Sadıq fikrə getdi. Onca gün bundan qabaq şəklini çəkdirməyə gəlmiş o məşhur və gözəl aktrisanı o dəqiqə xatırladı.

Aktrisa yağışlı gündə gəlmişdi. Sadıq stolun arxasında əyləşib, yağış yağan kimi küt bir ağrı ilə göynəməyə başlayan sol dizini ovuşdura-ovuşdura qarşısındakı sifariş qəbzlərini gözdən keçirirdi.

Əvvəlcə Sadıq yüngül və xoş bir qoxu duydu. Ətir qorxusu. Diqqətlə qəbzlərə baxdığından hənirti eşitsə də o dəqiqə başını qaldırmadı.

- Bağışlayın, fotoqraf sizsiniz?

Səs elə bil lap uzaqdan gəldi. Sadıq başını qaldırdı. Qarşısında dayanmış gözəl qadına istər-istəməz heyrətlə baxmalı oldu.

Qadının mavi plaşı, başından açıb əlində saxladığı mavi yaylığı, ayaqlarındakı mavi tuflilər, sol əlinin şəhadət barmağında zəif bir işıltı ilə parıldayan qızıl üzüyünün mavi daşı ilk anlar Sadığa qəribə göründü, sonra isə yayın cırhacır istisində cadar olmuş torpağın yarıqlarına süzülən axar su kimi ona rahatlıq təlqin etdi.

Hətta Sadığa elə gəldi ki, canlı adama deyil, ümumiyyətlə, mavi rəngə baxır…
Qadın şirin bir təbəssümlə gülümsündü, iri, qara gözlərini azca qıyaraq, aşkar sezilən siyarətedici bir səmimiyyətlə Sadığa baxdı və sualını təkrar elədi:

- Fotoqraf sizsiniz?

- Bəli, mənəm… Buyurun.

- Mən şəklimi çəkdirmək istəyirəm.

- Buyurun.

- Soyunmaq olarmı?

- Buyurun.

- Nə buyurun?..

Sadıq yalnız indi qalxdı. Stolun arxasında çıxıb, sadəlövh bir mütiliklə dayanmış aktrisaya doğru yönəldi və plaşını asmaq üçün ona yer göstərdi. Soruşdu:

- Siz həmin o filmdə…

- Bəli, bəli… - deyə aktrisa onu sözünü qurtarmağa qoymadı, - hara keçim?

- Buyurun bura…

Sonra nə oldu?.. Aktrisa pavilyona keçib sağ tərəfdə divara vurulmuş dəyirmi güzgü qabağında saçlarını daradı.

Nə isə soruşdu, cavab gözləmədən keçib alçaq, söykənəcəksiz stulun üstündə, fotoaparatın müqabilində əyləşdi.

Cümşüdün nə üçünsə qorxa-qorxa gəlib aktrisaya baxması, işıqları yandırması, Sadığa pıçıltı ilə müraciət etməsi və gəldiyi kimi də yavaş-yavaş geri çəkilməsi Sadığın o qədər də dəqiq yadında deyildi.

Yalnız bu bütün aydınlığı ilə zehninə həkk olunmuşdu ki, işıqlar yananda, fotolampaların güclü işığı aktrisanın üstünə düşəndə Sadıq özü də bilmədən vaxtı uzatmağa çalışdı.

Bir neçə dəqiqə aparatın ətrafında qurdalandı, ştativin yerini dəyişdi, kasetləri axtarmaqla məşğul oldu. Bütün bunları edə-edə o, gözlərini aktrisadan çəkmədi.

Yalnız son kaseti qara yeşikdən çıxarıb tələsmədən aparata keçirəndə aktrisanın narahatlıqla və bir qədər əsəbiliklə baxdığını görüb başını aşağı saldı.

Ürəyi döyündü. Uşaq vaxtı, münəccim atası ilə Krımda olarkən teleskopla müşahidə etdiyi uzaq mavi ulduzu indicə görürmüş kimi xatırladı... Sonra yadına düşdü ki, bir həftədir saqqalını qırxmayıb, şalvarı da çoxdandır ütülənmir, dizləri torbalaşıb.

Saranın, onkoloji dispanserdə şəfqət bacısı işləyən arvadının hamiləliyi haqda da düşündü.

Qeyri-iradi olaraq əlini üzünə apardı, uzun, arıq barmaqları cod saqqalının üstündə gəzdi və birdən Sadıq özünü yorub əldən düşmüş bir qoca kimi köməksiz və kimsəsiz hiss etdi: mavi ulduz yavaş-yavaş işığını itirməyə başladı.
Bəs sonra nə oldu?.. Sadıq aktrisanın şəklini çəkdi.

Aktrisa pavilyondan çıxdı. Sadıq da işıqları keçirib onun ardınca getdi. Qəbz yazdı. Aktrisa gedəndə dedi:

- Bəlkə şəkilləri aparmağa gələ bilmədim. Adam göndərəcəyəm. Yaxşımı?

- Buyurun.

Aktrisa getdi. Mavi rəngi də, ətir qoxusunu da özü ilə apardı.

Bəs sonra, sonra nə oldu?..

Doğrudan da, şəkilləri aparmağa aktrisa özü gəlmədi. Adam göndərdi.

Sadıq yenə stolun arxasında oturmuşdu.

- Gəlmişəm şəkilləri aparım.

Sadıq başını qaldırdı. Gələn adam əlini qara qalın paltosunun qoltuq cibinə apardı.

- Bu da, necə deyərlər, qəbz.

O, Sadıqla üzbəüz əyləşdi. Sadığı yenə qoxu vurdu: bu dəfə ucuz odekolonun sərt qoxusu.

Sadıq stolun yeşiyini açdı, içində şəkillər olan iki qara konverti ona təqdim etdi. O, tələsmədən şəkilləri konvertin içindən götürüb baxmağa başladı.

Sadıq diqqətlə, gülə-gülə, bir qədər məmnun halda şəkillərə tamaşa eləyən bu adamın təzəcə qırxılmış enli ətli sifətinə nəzər yetirib, nə üçünsə özünü yaxşı hiss eləmədi.

Qırmızı yanaqlar, qırmızı dodaqlar, ağ sağlam dişlər, dəyirmi ala gözlər, ikiqat buxaqlı çənə – bütün bunlar Sadığa xoş gəlmədi.

Bu adam, yəqin ki, həddindən artıq sağlam, həddindən artıq özündənrazı və həddindən artıq xoşbəxt idi. Ürəyində bir balaca nisgili olan adamlar heç vaxt belə gülmürlər…

- Bunların pulu nə qədər eləyir?

Gələn adam qalxdı. Sadıq altdan-yuxarı ona baxdı. Yenə gülürdü. Bu dəfə elə bil Sadığa gülürdü.

- Üç manat.

- Lap əla. Bu dəqiqə. – O, şalvarın arxa cibindən qəhvəyi portmanatını çıxaranda Sadıq qaşlarını çatıb başını aşağı saldı. Şəkillərin qiymətini altmış qəpik artıq demişdi.
Küçə qapısı bağlandı. Sadıq Cümşüdün səsini eşitdi:

-Tanıdın kimdir? – O, bayaqdan otağa girmədən laboratoriyanın qapısı ağzında dayanıb gələn adamı müşahidə etmişdi.

- Kim? – deyə Sadıq başını qaldırıb Cümşüdə baxdı.

- İndicə burdan gedən adam.

- Yox. Kimdir ki?

Cümşüd Sadığa yanaşdı. Sirr açırmış kimi qəribə bir ciddiyətlə dedi:

- Məşhur adamdır. Zərgər Abbas. Yaxşı oğlandardandır.

Sadıq nə isə soruşmaq istəyirdi ki, stolun sol küncündə iri papkanın üstündəki pulları gördü: iki dənə onluq. Heyrətdən gözləri genişləndi. Cümşüd də pulları görmüşdü. O, əllərini bir-birinə vurdu.

- Gördün, sənə demədim? Zərgər Abbas…

Sadıq səsini ucaldıb narahatlıqla soruşdu:

- Görəsən aktrisanın nəyidir?

Cümşüd çiyinlərini çəkdi…

İndi də Cümşüd çiyinlərini çəkmiş vəziyyətdə Sadığın qabağında quruyub qalmışdı. Sadıq özü ilə danışırmış kimi təkrar elədi: «Rejissor… Aktrisanın əri…»

Rejissor kresloda oturmuşdu. Arxasında addım səsləri eşidib geri dönəndə Sadıq 45-50 yaşlarında arıq bir kişinin ağarmış bənizini və qan sızmış gözlərini gördü.

- Usta sizsiniz?

- Bəli mənəm.

- Xahiş edirəm, əyləşin! – O, sağ əlini lap yuxarı qaldırıb stolun arxasında Sadığa yer göstərdi. Bu hərəkəti Sadığı əsəbiləşdirdi. «Artist ki, artist».

Sadıq əyləşdi. Ovsunlanmış kimi gözlərini düz rejissorun ağzına zillədi. Rejissorun alt dodağı elə bil əyilmişdi. Bir az keçmiş Sadıq bayaqkı tutqun və həyəcanlı səsi eşitdi:

- Mənim sizə bircə sualım var. Əlbəttə ki, müsaidənizlə…

- Buyurun.

- Kim sizə ixtiyar verib ki, çəkdiyiniz şəkilləri camaata paylayasınız?.. Cavab verin!
Sadıq, aktrisanın şəkillərini aparmağa gələn zərgər Abbası xatırladı. Ratin palto, son illərdə Bakıda dəb düşmüş «gürcü» kepkası, odekolon qoxusu…

- Bağışlayın, sizi yaxşı başa düşə bilmədim. – Sadıq araya çökən əsəbiləşdirici sükutu pozmaq məqsədi ilə, həm də sualın cavabını gecikdirdiyinə görə tələsik dillənməli oldu.

Rejissor başını yana əyib gözlərini bərəltdi. Səsinə istehzalı bir ahəng verərək, sözləri uzada-uzada dedi:

- Çox təəssüf! Ümumiyyətlə, məni son vaxtlar, bəli, son vaxtlar çoxları yaxşı başa düşə bilmirlər. Eybi yoxdur, müsaidənizlə mən sualımı daha konkret şəkildə təkrar eləyə bilərəm. Müsaidənizlə…

O susdu, yalnız dərindən nəfəs aldıqdan sonra davam elədi: -Siz mənim arvadımın, bəli, qanuni arvadımın şəkillərini Abbas Mirzəyev adlı bir vətəndaşa vermisiniz. Nə ixtiyarla?..

- Bəli vermişəm, - deyə, Sadıq rejissorun əsəbiliklə siqaret yandırmasında, kibrit qutusunun qırağından qırıb qalın barmaqları arasında şaqqıltı ilə övkələdiyinə diqqət yetirə-yetirə cavab verdi. – Müştəri gedəndə mənə xəbərdarlıq eləmişdi ki, şəkilləri aparmağa özü gəlməyəcək. Adam göndərəcək. Mən şəkilləri qəbz əsasında təhvil vermişəm.

Rejissorun qanı qaçmış sifətinə tünd bir qızartı çökdü. Sonra Cümşüdə baxıb güldü, daha doğrusu, gülməyə cəhd elədi.

- İcazənizlə mən gedim. - O, Sadığa tərəf döndü. – Vaxtınızı aldığım üçün üzr istəyirəm. Gərək heç bura gəlməyəydim. Biabırçılıq!..

Rejissor qalxdı. Sadığa elə gəldi ki, bərkdən qışqırsa, o yıxılıb öləcək.
Bu gün Sadığın həyatı qəribəliklərlə dolu idi. Başını sinəsinə əymiş halda qırmızı pərdələrin arxasında gözdən itən rejissoru müdir Sübhiyə bənzətməsinin özü məgər qəribəlik deyildimi?.. Sadıq başını əlləri arasına aldı.

Hər kəsin özünə görə dərdi var. Hər kəsin. Bəlkə də dünənə kimi rejissor özünü dünyanın ən xoşbəxt adamı sayırmış. Qəribədir, çox qəribədir. Aktrisa, mavi ulduz və zərgər Abbas… Əzrayıl aparsın sizi…

Cümşüdün səsi gəldi:

- Zərgər Abbası görürsən də…

Sadıq başını tərpətdi.

Cümşüdün səsi gəldi:

- İyirmi manat nahaq yerə verməyibmiş, əclaf! Yəni ağzınızı yumun. Tfu səsin hərçi-pətərinə!..

Sadığın ürəyi döyünürdü.

Cümşüdün səsi gəldi:

- Ancaq nə deyiblər ki, arvadın yaxşısına da lənət, pisinə də! Əclaflığa bax, ey! Müsaidənizlə, müsaidənizlə… Tfu sizin hərçi-pətərinizə!..

Əclaflığa?! Kimin əclaflığına? Aktrisanınmı? Zərgər Abbasınmı?

Bəlkə də rejissorun özünün?..

İndi bunların heç bir əhəmiyyəti yoxdur. Kimin isə xoşbəxtliyi əlindən gedib, kim isə xoşbəxt olub. Ancaq… gərək o iyirmi manatı qaytaraydı.

Sadıq, Suraxanı tərəfdə, neft mədənindən iki yüz metr aralıda, daşları his çəkib qaralmış birmərtəbəli evi xatırladı. Üç uşağın səsi qulaqlarına doldu: «Dayım gəlib, ay məmə». «Dayım mənə pirojna gətirib, ay məmə». «Dayım məni yayda dənizə aparacaq, ay məmə…» Zərgər Abbas gəldi, şəkillərə baxdı, stolun üstünə iki onluq qoyub, çala-çala getdi. Ancaq, yəqin ki, heç vaxt, ömründə bu sözləri eşitməyib: «Dayım mənə pirojna gətirib, ay məmə…?

Cümşüdün səsi gəldi:

- Qanını niyə qaraldırsan, ay kişi? Cəhənnəm olsun hər şey! Gəl çörəyimizi yeyək. Şərbətdən başqa dilinə yəqin yenə heç nə dəyməyib.

Sadıq başını qaldıranda Cümşüd artıq par-par parıldayan iri portfelini gətirib stolun üstünə qoymuş, həmişəki kimi də içindən yüz qram kolbasa, yüz qram holland pendiri, yarım kilo da çörək çıxarmışdı.

- Sadıq, bismillah elə.

- Yemirəm.

- Nahaq. Əntiqə pendirdir, şah əlinə düşmür.

- İstəmirəm.

Cümşüd yeməyə başladı. Ovurdları batmış arıq qara sifətinin əzələləri hərəkətə gəldi. Sadıq aydınca gördü ki, pendirin ilk tikəsini ağzına qoyan kimi Cümşüd hər şeyi unutdu. Bir azdan Cümşüd udquna-udquna soruşdu:

- Səhər radioya qulaq asmadın ki?

- Yox.

- Ədə, sənin dünyadan xəbərin yoxdur!.. Üç nəfər Marsa uçub!

- Marsa?..

- Hə düz, Marsın göbəyinə. Dünya bir-birinə dəyib. Sən canın, bu pendirdən ye.
Sadıq başını buladı. Qeyri-iradi, lakin acı bir təəssüf hissi ilə düşündü: «Müdir Sübhi, aktrisa zərgər Abbas, rejissor…» Bir də «Dayım mənə pirojna gətirib, ay məmə….»

… O, əlini uzalıb teleqramı götürdü. Tərsinə oxudu: «Qonşular. Dördündə dəfn. Etmişdir vəfat qəflətən xalanız».

İki il bundan qabaq, yayda, onlar kəndə gedəndə Saranın xalası qurban kəsmişdi, evində cah-cəlal düzəltmişdi.

Kəndin ağsaqqalları gəlib Sadıqla görüşmüşdü… İki il bundan qabaq yayda Sadıq düz iki həftə ömrünün ən qayğısız günlərini keçirmişdi.

İngi gərək ikisi də kəndə getsin. Dəfnə çatmasalar da gərək üçünü, yeddisini, qırxını versinlər. Əzrayıl aparsın səni!

Deməli, düyü, qənd, yağ almaq lazımdır.

Sadıq teleqramı səliqə ilə qatlayıb stolun üstünə qoydu.

Qalxıb otaqdakı tək çarpayıda uzandı. Bir azdan pijamasını çıxarmaq, işığı keçirmək, durmaq istədi. Ancaq yuxu onu apardı. Pəncərənin açıq nəfəsliyini bağlamağı unutmuşdu.

Təmiz, soyuq hava ilə bərabər, küçədə qoyulmuş reproduktorun gur səsi otağa dolurdu. Sadığın yuxudan beyni dumanlananda yalnız bir söz eşitdi:

«Mars».

Gecə yuxuda gördü ki, Ayın əntiq küçələrindən birində təzə fotoatelye açıb.

Fil sümüyündən düzəldilmiş qapısı üstündə iri qızılı hərflərlə yazılıb:

«Foto –fantaziya».

Oyuncaqların şəklini çəkir. Laborantı da müdir Sübhidir.
XS
SM
MD
LG