Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

Şahid Əhəd Məmmədlinin polis maşınına tüpürdüyünü deyir


Nəsimi rayon məhkəməsi
Nəsimi rayon məhkəməsi
TƏMİN OLUNMAYAN VƏSATƏTLƏR

Avqustun 22-də 2 aprel məhbuslarından Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi QuliyevRüfət Hacıbəylinin məhkəmə prosesi davam edib.

Prosesin əvvəlində vəkil Elçin Namazov bir neçə vəsatət qaldırdı. O, hər prosesdən sonra məhkəmə protokollarının surətinin vəkillərə verilməsini, protokolların məhkəmə katibi tərəfindən yazılmasına əmin olmaq üçün ekspertiza keçirilməsini istədi.

Amma vəkilin bu vəsatəti təmin edilmədi. Hakim bildirdi ki, protokollar məhkəmə prosesi tam başa çatandan üç gün sonra verilə bilər. O ki qaldı əlyazmaların məhkəmə katibinə məxsus olub-olmamasına, hakim dedi ki, bu şübhə əsassızdır.

Vəkilin digər bir vəsatəti Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfat idarəsinin mülki iddiaçı kimi tanınması ilə bağlı oldu. Elçin Namazov tələb etdi ki, sözügedən idarənin mülki iddiaçı kimi tanınmasına xitam verilsin, çünki onlar tərəfindən heç bir etibarnamə verilməyib, mülki iddiada da heç bir tələb qoyulmayıb. Hakim bu vəsatəti də təmin etmədi.

Elçin Namazovun digər vəsatəti Rüfət Hacıbəylinin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı oldu. Elçin Namazov dedi ki, məhkəmə dindirmələri zamanı heç kim Rüfət Hacıbəylinin ziyan vurmasından şikayətçi olmayıb. Bu səbəbdən də onun həbsi ev dustaqlığı ilə əvəzlənməlidir. Hakim bu vəsatəti də əsassız hesab edərək təmin etmədi.

HAKİMƏ ETİRAZ

Daha sonra vəsatətləri təmin etmədiyinə, prosesin audio, videolentə çəkilməsinə icazə vermədiyinə, prosesin daha geniş zalda keçirilməsini təmin etmədiyinə və digər məsələləri əsas gətirərək vəkil Elçin Namazov hakim Şahin Abdullayevə etiraz etdi, onun əvəzlənməsini istədi. Müşavirədən qayıdan hakim bu vəsatəti baxılmamış saxladı.

Əhəd Məmmədlinin vəkili Yalçın İmanov isə müdafiə etdiyi şəxsə işgəncə verməkdə günahlandırdığı polis əməkdaşı Məmməd Mikayılovun şahid qismində məhkəməyə gəlməsini istədi. Hakim bu vəsatəti baxılmamış saxladı. Hakim bildirdi ki, ehtiyac yaranarsa, o, əlavə şahidləri sonra məhkəməyə dəvət edə bilər.

2 aprek aksiyası
Vəkil Yalçın İmanov Əhəd Məmmədli saxlanan ərazidəki nəzarət kameralarının yaddaşının məhkəməyə verilməsi barədə də vəsatət qaldırdı. Amma hakim bildirdi ki, həmin kameraların yaddaşı bir aydan artıq saxlanmır.

TIXACLARIN VURDUĞU ZİYAN

Daha sonra zərərçəkən qismində «Transqeyt» MMC-nin nümayəndəsi Xəyalə Babayeva çıxış etdi. O, tıxacların olması səbəbindən şirkətə 1650 manat ziyan dəydiyini dedi. Nümayəndə vəkillərin suallarını tam şəkildə cavablandıra bilmədi.
Vəkillər digər zərərçəkən Şahnisə Məmmədovanın nümayəndəsi Eldar Bağırova suallar verməkdən imtina etdilər. Ötən məhkəmə prosesində hakim Şahnisə Məmmədovanın özünün prosesdə iştirakı ilə bağlı vəsatəti təmin edib. Vəkillər tələb etdilər ki, zərərçəkən məhkəmənin qərarına hörmət etsin, növbəti prosesdə özü gəlsin.

ƏHƏD MƏMMƏDLİ POLİS MAŞININA TÜPÜRÜB?

Daha sonra şahid qismində Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Əli Murquzov çıxış etdi. O dedi ki, Əhəd Məmmədli polis yoldaşı İlham Zamanova təzyiq edib, onu söyüb, polis maşınını təpikləyib. Əli Murquzovun dediyinə görə, Əhəd Məmmədli həm də üzərində Azərbaycanın bayrağı, gerbinin şəkli olan polis maşınına tüpürüb. Əli Murquzovun dedikləri məhkəmə iclasındakıların, o cümlədən Əhəd Məmmədlinin etirazına səbəb oldu.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Əli Murquzov 2 aprel aksiyası zamanı Əhəd Məmmədli saxlayarkən
Digər şahid Nizami rayon Polis İdarəsinin əməkdaşı İbrahim Qasımovun çıxışı isə zalda qarşıdurmaya səbəb oldu. Əhəd Məmmədlini saxlayarkən əlindən, kürəyindən zədə aldığını deyən şahidin çıxışı müttəhimlərdən Ülvi Quliyevin gülüşünə səbəb oldu. Şahidin müttəhimi hədələməsi isə qarşıdurmanı daha da gərginləşdirdi, vəkillərin etirazından sonra hakim İbrahim Qasımova hədə ilə danışmamaq göstərişi verdi.

«HEÇ NƏ GÖRMƏMİŞƏM»

Şahid kimi məhkəməyə çağırılan Nizami rayon Polis İdarəsinin əməkdaşı Elvin Rüstəmovun çıxışı isə daha lakonik oldu. Vəkillərin bütün suallarına cavab olaraq dedi ki:

«Heç nə görməmişəm, heç nə yadımda deyil. Sadəcə Əhəd Məmmədlini maşına otuzdurmaqda həmkarıma kömək etmişəm. Başqa heç nə deyə bilmərəm».
Vəkillər də etiraz edərək bildirdilər ki, Elvin Rüstəmovun şahid kimi ifadəsi sübutlar siyahısından çıxarılmalıdır.

Məhkəmə prosesi avqustun 27-də davam edəcək.

İctimai Palatanın 2 aprel aksiyasında saxlanan müxalifət fəalları ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, təqsirləndirilən şəxsləri 5 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG