Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Ələsgər Məmmədoğlu: «Teatrdan razıyam. İşimiz, tamaşalarımız var»


Ələsgər Məmmədoğlu: "Bu yaşa necə gəldim, heç xəbərim olmadı"
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Ələsgər Məmmədoğlu: "Bu yaşa necə gəldim, heç xəbərim olmadı"

Müsahibimiz Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğludur

- Ələsgər müəllim, yay istirahətindəsiniz, necə dincəlirsiniz?

- Bu il qastrollarımız çox oldu. Azərbaycanın demək olar bütün rayonlarında və Gürcüstanda olduq. Yaxşı da qarşıladılar tamaşalarımızı. İndi də teatrdan verilən ay yarımlıq yay istirahətindəyik, dincəlirik. Düzdür, o vaxtlar istirahətə harasa gedirdik. İndi bir az çətindir. Amma Bakı da gözəldir, bulvarımız var, dincəlirik.

ƏVVƏLLƏR BİR AZTV VARDI İŞ ÇOX İDİ, İNDİ ON KANAL VAR, AKTYORA İŞ YOXDUR

- İndiki dövrdə aktyorun mövcud enerjisi bütünlüklə sərf olunur, ya istifadəsiz qalır ?

- Teatrdan razıyam. İşimiz, tamaşalarımız var. Üç tamaşada məşğulam. Ancaq əlbəttə ki, kinoya çağırmırlar. Kino çox az çəkilir. Əvvəllər bir AzTV kanalı var idi. Amma iş çox idi. İndi bir on dənə kanal var, amma aktyor üçün demək olar iş yoxdur. O barədə bir az darıxdırıcıdır.

- 46-cı ildə Bakıda doğulmusunuz. İndiki Bakı sizin Bakıdır ?

- Mənə elə gəlir ki, yox. Düzdür, indi Bakı xeyli gözəlləşib. Amma nə bizim Bakıdır, nə həmin insanlardır. O vaxt daha səmimi, daha mehriban idi insanlar.

- Nə çatışmır?

- Nə bilim, hərənin bir şeyi çatışmır. Mənə elə gəlir mənimçün hələlik normaldır, yaxşıdır.

Ələsgər Məmmədoğlu və jurnalist İlqar Rəsul

- Harada qəribsiniz?

- Bakıdan kənarda.

- 65 yaşınız var, nəcə gəldiniz bu yaşa?

- Heç bilinmədi. Bəlkə başımız qarışdı bilmədik. Haradasa çox tez keçdi illər.

- 65 nömrəli avtobusda görürük sizi tez-tez.

- (Gülür) Hə, onunla dənizkənarı parka gedib gəzirəm, sonra da qayıdıram. Yoxsa belə, çox vaxt piyada gəzirəm. Əsasən də işə və evə gedib gəlirəm piyada. Bir də rahat yatmaq üçün hərdən gəzirəm.

- Eviniz haradadır?

- Teatrın arxasında.

XƏSTƏ VAXTI ŞİKAYƏTLƏNMƏKDƏM XOŞUM GƏLMİR

- İndi sənət adamları xəstələnəndə onları tapıb müsahibə götürmək dəbdir. Amma biz sizi sağlam vaxtı tapmışıq, nə düşünürsünüz?

- 65 yaşım var. Hələ də xəstəlik nədi bilmirəm. Amma o ki, xəstə olan vaxtı şikayətlənirlər, mənim ondan xoşum gəlmir. O saat nəsə pis –pis şeylər fikirləşirlər ki, bəs, “mənə baxmadılar, hörmət etmədilər və s.”. Mənə elə gəlir ki, əksər aktyorlarımıza hökumət tərəfindən çox yaxşı baxılır. Mən özüm haradasa üç il prezident mükafatı aldım. Təbii ki, sonra dəyişdi, başqasına verildi. Teatrda işləyirəm, maaşım var, təqaüd alıram. Niyə şikayətlənəsən…

- Bazara gedib indiki imkanlarla rahat bazarlıq edə bilirsiniz ya…?

- Hələlik hə. Sonra həyatın necə gedəcəyini Allah bilir.

PARTLAYIŞ HƏMİŞƏ OLA BİLƏR

- Bu, dünyada gedən proseslərdən ağlınız nə kəsir?

- Mən o qədər də dərinə gedən adam deyiləm. Bəlkə də baş verənlər təbiidir. Hər dəqiqə hər şey ola bilər, indi elə bir dövr yaşayırıq ki, həmişə partlayış ola bilər.

- Partlayış yaxşılığa ola bilər, ya pisliyə?

- Təki yaxşılığa olsun.

Aktyor müsahibə verərkən

- Nə dəyişsə yaxşı olar sizin fikrinizcə?

- İnsanlarda səmimiyyət olmalıdır. Bir az o münasibət itib. Bir az varlı, kasıb əmələ gəlib. Ola bilər bu da təbiidir. Kapitalizmə gedirik. Gərək çalışıb, vuruşub dala qalmayasan heç olmasa.

- Çalışıb vuruşmaq olur?

- Olar. Olar.

- Ölkədə nə olsa yaxşıdır, sizin fikrinizcə?

- Birinci əmin-əmanlıq olsun. İkinci ərzağın qiyməti aşağı düşsün, insanların həyatı yüngülləşsin. Maaşlarımız olsun. Təqaüdlərimiz artdı. Əlbəttə yaxşılığa doğru getsə, daha yaxşıdır. Və mənə elə gəlir ki, elə gedir də…

P.S
- Ağlınız bizdən nə kəsdi?

- Biz başqa radiolara da müsahibələr verilik. Onlarda adətən suallar standart olur, belə qeyri adi olmur. Xoşum gəldi. AzadlıqRadiosudu də, belə də olmalı idi….

XS
SM
MD
LG