Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:54

Musa Yaqub. Sevincə nə var ki...


Bütün daşlarınla, torpaqlarınla,
Bütün çaylarınla, bulaqlarınla
Dol mənim könlümə,
vətənim mənim!

Bütün sevinclərin qəlbimə dolsa,
Sinəmə sığışar,
bu deyil hünər.....
Sevincə nə var ki,
bir dünya olsa,
Onu quş qanadla apara bilər.

Əsən çovğununla,
yağan qarınla,
Gir mənim könlümə,
vətənim mənim.
Hələlik Arazda
bir qətrə yaşım,
Sahillə bir misra
kiçik savaşım,
Qoca palıdında
bir yarpaq səsim,
Dağlarla bir-iki söz-söhbətim var.
Sal mənim çiynimə ağırlığını,
Bəlkə elə buna dəyanətim var.

Demə şəhidlərin,
qəhrəmanların
Həvəsi könlümə bir anlıq düşür,
Sal mənim çiynimə
ağırlığını
Görüm Babəklərin, Səttarxanların
Çiyninə nə boyda
ağırlıq düşür?!

Sən məni özünə -
bir yurda döndər,
Koroğlu qoluna
çevir qolumu,
Könlümü
al Dədə Qorquda döndər.
Ürəyim fərəhdən dönsün bir dağa,
Genəl gözlərimdə
kainat kimi.
Sal mənim çiynimə ağırlığını,
Qıçlarım dizəcən getsin torpağa
bir Atlant kimi

Sən hakim olanda,
könlümə hakim,
Belə kükrəyirəm,
belə coşuram.
Sal mənim çiynimə ağırlığını,
ay anam mənim,
Borcundan çıxmağa hazırlaşıram.

Fevral , 1970
XS
SM
MD
LG