Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:31

Musa Yaqub. Təmizlik suyunda


Təmizlik suyunda çimir çöl, çəmən,
Mərdlərin çiynində durur bu həyat.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Lap azalt dünyanın dövlət, varını,
Yaxşılar xeyrinə ömrü tarazla.
Ürəyin yaxşılıq damarlarını
Şaxələt bir az da, çoxalt bir az da.

Bu dağlar, dərələr çiçəkdi eyzən,
Bahara ümid ver, arıya qanad.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Arını, milçəyi yerbəyer elə
Onda bu çiçəklər pətəyə dolar.
Min pay bəs eləmir bir əyri ələ,
Min düzü bir payla yaşatmaq olar.

Bir yuva qarışqa – süfrəsi bir dən,
Bir dənlə bahara çıxar salamat,
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Yarat ulduz qədər, -
bir cana min can,
Bahar yağışını yağdır həmişə,
Yarat ilkin kökdən, ilkin damardan,
Əyrini düzəldə bilmir bu meşə.

Şərin yumruqları sındıran, əzən,
Gəl xeyri zəhmətə salma ikiqat,
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Aprel, 1980
XS
SM
MD
LG