Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:21

«Çirkli» pullarla lobbiçilik?


Mahal İsmayıloğlu
Mahal İsmayıloğlu
«Xalq» qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğlu və «Amerikalı azərbaycanlılar demokratiya uğrunda» təşkilatının sədri Elmar Şahtaxtinski Londondakı Araşdırmaçı Jurnalistlər Bürosunun Avropa Azərbaycan Cəmiyyətinin Britaniyadakı lobbiçiliyi barədə araşdırmasını şərh edirlər.

Mahal İsmayıloğlu:

«Lobbiçilik Azərbaycan üçün yox, Azərbaycanda avtoritar rejim üçün lobbiçilikdir. Britaniya parlamentinin deputatları bu haqda parlamentə hesabat vermirlərsə, deməli, onlar özləri də buna barmaqarası yanaşırlar. Bu, sadəcə olaraq müəyyən dairə, müəyyən dar çərçivə üçün hesablanmış bir lobbiçilikdir… Kəmaləddin Heydərovun övladlarının da bu yöndə cəhdləri yeganə deyil. Başqa istiqamətlərdə də hakimiyyət öz «çirkli» pullarını özünün təbliği üçün xərcləyir. Bunun üçün bütün resurslardan bəhrələnmək istəyir…».

Elmar Şahtaxtinski:

«Lobbiçilik fəaliyyətində «çirkli» pulların istifadə edilməsi yeni bir şey deyil. Tarix boyu xüsusilə Amerikada xarici diktaturalar çox vaxt lobbi şirkətlərinin vasitəsilə Amerikanın siyasətçiləri və ictimai rəyi arasında imic yaratmaq istəyirlər. İndi devrilən ərəb diktatorlarının hakimiyyətlərinin çoxu bu yolla Amerikada lobbiçilik edirdi. Azərbaycan hökuməti də Qəddafi, Mübarək və başqa diktatura rejimləri kimi bu işlə məşğuldur. Azərbaycan hökumətinə aid pozitiv imic elə yalnız belə yollarla yaranır. «907-ci düzəliş» və Qarabağ məsələsi hökumətin fəaliyyətinin ən çox səslənən hissəsidir və bu, daha çox diplomatik kanallarla deyilir, eşidilir. Ancaq bu pullu lobbiçiliyin əsas məqsədi hökumətin özünün imicini yaratmasıdır…».

Elmar Şahtaxtinski
Mahal İsmayıloğlu:

«Adətən lobbiçiliyi bir mövqe kimi ortaya qoyanda, Azərbaycan üçün önəmli olan Dağlıq Qarabağ məsələsini bir sipər edirlər. Ancaq çox təəssüf ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün daha önəmli məsələlər yaddan çıxır. Azərbaycan hökuməti demokratik dəyərləri üstün tutan, insan azadlıqlarına hörmət edən hökumət olsaydı, istənilən lobbinin gördüyündən daha artıq iş görmüş olardı. Lobbiçilik deyəndə, bunun iki qanadını nəzərdə tutmalıyıq: Azərbaycan diasporunu və Azərbaycan üçün lobbiçilik edənləri. Amma təəssüf ki, Azərbaycandan xaricə gedənlərin əksəriyyəti vətəndən didərgin düşənlərdir. Onların bu hakimiyyətin tələblərinə cavab verən lobbiçilik etməsi mümkün deyil. Azərbaycan diasporunun başqa bir qanadı var ki, o da əsasən Cənubi Azərbaycan vətəndaşlarının içindən seçilir. Onlar Azərbaycan hökumətinin ayırdığı maliyyəyə görə xidmət etmək istəyirlər. Çünki onlar bu ölkədəki gerçək durumu bilmirlər…».

Elmar Şahtaxtinski:

«Belə lobbiçilik ictimai rəyi dəyişməyə nail olmur. Çünki açıq diktaturanı, saxtakarlığı, dövlət başçıları səviyyəsində korrupsiyanı, oğurluğu indiki zamanda ört-basdır etmək çox çətindir. Siyasətçilər və ya seçilmiş konqres üzvlərinin isə kifayət qədər məlumatları var…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG