Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:34

2 aprelçilərin məhkəməsi: polis müttəhimləri tanımadı


Arif Hacılı
Arif Hacılı
Sentyabrın 5-də 2 aprel məhbuslarından Arif Hacılı, Məhəmməd Məcidli, Tural AbbaslıFuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Məhkəməyə hakim Famil Nəsibov sədrlik edir.

Prosesdə vəkillər yenidən məhkəmədə audio yazılış aparmaq üçün hakimin imkan yaratmasını istəyiblər. Ancaq Famil Nəsibov bu vəsatəti rədd edib. Bu zaman vəkillər bildirib ki, məhkəmə zalında videokamera quraşdırılıb və hər kəs onun qırmızı işığının yandığını görür. Belə olan halda bu çəkiliş kimin üçün aparılır?

Hakim zalda heç kəsin çəkiliş aparmadığını deyib.

Bundan sonra təqsirləndirilənlərdən Tural Abbaslı ifadə verməyə dəvət olunub. O, sərbəst ifadə verməkdən imtina edib, deyib ki, ittihamın mahiyyəti ona aydın deyil.

Onun vəkili Anar Qasımlı da vəsatət qaldırıb ki, ittihamın mahiyyətini aydınlaşdırmaq üçün Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimləri dəvət olunsun. Amma hakim bu vəsatəti də rədd edib.

Sonra vəkil Tural Abbaslının məhkəmə prosesi müddətində girov müqabilində şərti azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıb.

Anar Qasımlı deyib ki, Tural Abbaslının anasına məxsus 500 min manatlıq evin girov qoyulması mümkündür. Onun anası ərizə yazıb ki, oğlu prosesə 5 dəqiqə gecikdiyi təqdirdə əmlakı dövlət hesabına keçirilsin.

Müşavirədən sonra hakim bu vəsatəti də rədd edib.

Tural Abbaslı
«BU MƏHKƏMƏ PROSESİ 1937-Cİ İLİN RİTORİKASI İLƏ YAZILMIŞ SƏFSƏTƏDƏN BAŞQA ŞEY DEYİL»

Sentyabrın 5-də fasilədən sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhkəmədə sərbəst ifadə verib. O, bu ittiham aktının «absurd, qondarma və siyasi sifariş» olduğunu deyib.

Fuad Qəhrəmanlı etirazını da bildirib:

«Bizim haqqımızda məhkəmənin hökmü olmadan, bizdən əvvəl məhkəməsi başa çatmış 6 nəfərlə bağlı işdə biz aksiyanın təşkilatçısı kimi qələmə verilirik. İstintaq aktında da bizimlə bağlı belə ifadə var: «cinayət əməllərinin təşkilatçısı». Bu da artıq istintaqın qərəzindən xəbər verir. Məhkəmə hökmü olmadan cinayətkar kimi qələmə verilirik.

Biz şüşə sındırmamışıq. Biz bilirik ki, şüşə sındırmaqla, avtobus sürücüsünün üstünə qışqırmaqla rejimi dəyişmək mümkün deyil. Bütün bu məhkəmə prosesi 1937-ci ilin ritorikası ilə yazılmış səfsətədən başqa şey deyil».

Fuad Qəhrəmanlıdan sonra Məhəmməd Məcidli ifadə verməli olsa da, o, hazır olmadığını deyib. O, gələn məhkəmə prosesində ifadə verəcək.

ZƏRƏRÇƏKƏN POLİS NƏ DEDİ

Daha sonra zərərçəkən qismində polis Mais Əliyev dindirilib. O, sol əlindən zədə aldığını, amma ona kimin xəsarət yetirdiyini görmədiyini deyib. O, həmçinin prosesdəki 4 nəfərin heç birini aksiyada görmədiyini bildirib.

Məhəmməd Məcidli
Vəkillərin «O zaman niyə bu insanlara qarşı iddia qaldırmısan» sualına belə cavab verib:

«Mən onları görməmişəm. Onlara qarşı iddiam yoxdur. İstintaq zamanı bilmişəm ki, bunlar təşkilatçı kimi istintaqa cəlb olunublar. İstəyim odur ki, zədə aldığım aksiyanın təşkilatçıları cəzalansın».

Tural Abbaslının vəkili Anar Qasımlı deyib ki, Mais Əliyev istintaqa müdafiə etdiyi şəxsin ona xətər yetirmədiyini bildirib:

«Bunu yazılı şəkildə məhkəməyə təqdim edə bilərsənmi?», - deyə vəkil xəbər alıb. Mais Əliyevsə bundan imtina edib.

Vəkil polis əməkdaşının istintaqa və məhkəməyə verdiyi ifadələr arasında ziddiyyətlər olduğunu da söyləyib:

«O, istintaq ifadəsində təkcə əlindən yox, belindən də zədə aldığını demişdi. Amma məhkəmədə yalnız əlindən zədə aldığını bildirib».

Məhkəmə sentyabrın 7-dək təxirə salınıb.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG