Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Rafiq Tağının Sabirə münasibəti diletant, vəziyyəti gülüncdür


Qan TURALI


Rafiq Tağının Sabir haqda yazısını (Oxu zalında yayımlanıb) oxuyanda içimdən qəribə bir təəssüf hissi keçdi.

Çünki diletantlıq, hadisələrə subyektiv qiymət vermək obıvatel səviyyəsindən çıxaraq bizim böyük yazıçı saydığımız şəxslərə də sirayət edib.

Bu, artıq son həddir.

Rafiq Tağı gerçəkci bir yazıçı olsa da, gerçəkçiliyin nə olduğunu anlaya bilmir.

Sabir kimi böyük bir yazıçıya proletkultçuluqla (keçmiş mədəni irsi inkar edən vulqar marksist baxış) yanaşır, onu düzgün anlaya bilməyərək vulqar sosioloji və qeyri-estetik yanaşma sərgiləyir.

Keçmişin mədəni irsini düzgün mənimsəmədən böyük ədəbiyyat yaratmaq mümkün deyil.

Sabirə münasibətdə sovet ədəbiyyatşünaslığı ardıcıl səhvlər buraxmış, onu “proletar şairi” elan etmiş, əksini iddia edən professor Mikayıl Rəfili isə Elmlər Akademiyasındakı iş yerindən məhz bu fikirlərə görə qovulmuşdu.


Əcnəbilərin seyrə balonlarla çıxmasını, bizim isə avtomobil minməməyimizi xalqa təhqir kimi başa düşmək üçün obıvatel olmaq lazımdır.
Bu səhvlər ardıcıllığına qoşulan Rafiq Tağı yüz il bundan əvvəlin ictimai gerçəkliyini gözardı edərək Sabirə mənfi qiymət verir.

Sən demə, Sabir xalqı təhqir edirmiş. Sən demə, “Özümüzə tuşlanan “kalaşnikov”lar qanunsuz sayılıb yığışdırılmalıdır”.

Hardadır o xalqı təhqir edən bircə şeir?

Ölümqabağı Sabir “bu xalq yolunda ətimi qurban verdim, ömür vəfa etsəydi, sümüklərimi də qurban verərdim” deməmişdimi?

Bu sözləri deyən adam xalqı təhqir edərdimi?

Adamın Allahı olar!!!

Lap təhqir edib!

Lap tutaq ki, xalqı təhqir edib, Rafiq Tağı da haqlıdır.

Buna görə adamı yazıçılıqdan silərlərmi, buna görə ona “ağlı az” deyərlərmi?

O boyda Əziz Nesin “türk xalqının yarısı axmaqdır” deməmişdimi?

Buna görə onu ədəbiyyat tarixindən silməkmi lazımdır?


Rafiq Tağı

Söz azadlığı uğrunda ömrünün bir ilini qurban verən Rafiq Tağı indi özü hakimə çevrilir və Sabiri ədəbiyyat tarixindən çıxartmaq hökmü verir.

Nədir axı bu satira?

Sabir Şərqdə ilk dəfə olaraq klassik sevgi şeirlərinin yazıldığı qəzəl janrına ictimai satira gətirdi.

Sağlığında çox məşhur olan şair Şərq poeziyası üçün çox şeylər etdi.

Sabir bir ustaddan dərs almışdı və sağlığında Ustada çevrildi.

Sabir haqda danışanda bilmək lazımdır ki, o, ancaq satira yazmayıb, başqa səpkidə də şeirləri də var.

Sabirin çox az bilən, gözəl misralarından biri: “Yad et məni, qəmli-qəmli, yad et”.

Buna görə də Sabiri təkcə satirik şeirləri ilə təhlil etmək məhdudluğa gətirib çıxarır.

Rafiq Tağı yazır: “Millətə qarşı satira düşmənçilik mövqeyi kimi dəyərləndirilməlidir”.

Niyə axı?

Sənin mollan din adına min oyundan çıxırsa, ziyalın öz dilində danışmağı əskiklik bilirsə, mülkədarların kəndlinin başında qoz sındırırsa, müəllimin dərsdən başqa hər işlə məşğul olursa, nə etməlisən?

Onlar haqda yazmalısan, yoxsa onları tərifləməlisən?

Rafiq Tağı Mirzə Səməndəri tanıyırmı?

Dərbəndli bir şair idi, Bakı milyonçularının dəstəyi ilə Cəlil Məmmədquluzadənin ailəsinə belə toxunan murdar şeirlər yazırdı.

Hardadır indi o, adı hansı kitabda var, hansı dərslikdə var?

Amma elə həmin o şeir mollalara mədhiyyə düzürdü, Sabir də belə etməli idi?

Satiranın ictimai mahiyyətini anlamayam yazıçının varlığı çox qorxuludur.

Allah sabahından saxlasın.

Dialoqla təhkiyəyə fərq qoymamağın bədəli

Rafiq Tağı bir yazıçı olaraq dialoqla təhkiyənin fərqini qavramırmı?

O bilmirmi ki, yazıçını obrazların dialoqlarından məsul tutmaq olmaz?



Rafiq Tağının öz fikrini arqumentləşdirmək üçün istinad etdiyi şeirlər (“Bir bölük boşboğazıq, heyvərəlik adətimiz”, “Kim nə deyər bizdə olan qeyrətə...”, “Dindirir əsr bizi, – dinməyiriz”) tipin dilindən yazılıb.

Rafiq Tağı yazır: “Bu şeirlərin adı çox şey deyir”.

Əlbəttə ki, çox şey deyir, lakin o deyilənlərin arasında xalqı təhqir etmək qətiyyən yoxdur.

Əcnəbilərin seyrə balonlarla çıxmasını, bizim isə avtomobil minməməyimizi xalqa təhqir kimi başa düşmək üçün obıvatel olmaq lazımdır.

Sabirin əksər şeirləri tipin dilindən yazılıb və buna görə də Sabiri bunlara görə ittiham etmək yumşaq desək nadanlıqdır, cəhalətdir.

Yazıçı Rafiq Tağının bu metodologiya ilə gəldiyi nəticələr məndə acı gülüş hissi doğurmaqdadır.

Onun adını qeyd etdiyi şeirlərin birincisindən kiçik bir parça verirəm:

“Bu əvamlıqla belə hər sözü təfsir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!”


Bu adamlar indi yoxmudur, əlbəttə ki, var.

Elə Rafiq Tağı özü bir cümləsinə görə təkfir (din xadimlərinin kimisə kafir elan etməsi) olunmadımı?

Faciə budur ki, Sabiri ədəbiyyat dinindən çıxardan adam dünənin təkfir edilmiş yazıçısı Rafiq Tağıdır.

“Bu ne yaman çelişki, anne”...

Meydan oxuma

Rafiq Tağı Sabirə qahmar çıxan “mız-mızı ziyalıları əzmək üçün möhlət götürdüyünü” yazır və əlavə edir: “Savaş qarşıdadır”.

Sabir uğrunda yazmağa və onu qorumağa dəyər.

Çünki o böyük şairdir, xalqa xidməti əvəzsizdir, istedadı böyük, poeziyası ölməzdir.

Sabirin heç kimin qarşısında başı aşağı deyil, onu qorumaq bir şərəf işidir.

kulis.az
XS
SM
MD
LG