Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:07

«Qırmızı lentli» müəssisələrin qara taleyi... [1-ci yazı]


Tovuz Süd Emalı Zavodu
Tovuz Süd Emalı Zavodu
Azərbaycanda hər bir yeni müəssisə və obyektin açılışında prezidentin şəxsən iştirak etməsi artıq ənənə halını alıb. Qırmızı lentlər kəsilir, müəssisənin istismara verilməsi üçün rəngli düymələr basılır...

Televiziyalar da hər bir azərbaycanlıya bu xoş mənzərəni evində otura-otura geninə-boluna izləmək imkanı yaradır. Ancaq sonradan bu müəssisələrin heç də hamısı fəaliyyətlərini davam etdirə bilmirlər. Həmin müəssisələrin də necə deyərlər qara günündən çoxları xəbərsiz qalır. Biz bu yazıda onların bəzilərinin taleyindən bəhs edəcəyik...

AZƏRBAYCAN VƏ «GILAN HOLDING»İN BAYRAQLARI...

Tovuzun Bozalqanlı kəndinə yolu düşənlər yeni bir tikilini görməmiş deyillər. Üzərində Azərbaycanla «Gilan Holding»in bayraqlarının qoşa dalğalandığı bu obyekt fevral ayında prezident İlham Əliyevin iştirakı ilə açılıb. Bu, Tovuz Süd Emalı Zavodudur. Zavod rəsmən açıldığı vaxtdan qısa müddət sonra işini dayandırıb.

«İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏT HƏR ŞEYƏ QADİRDİR»

Tovuz Süd Emalı Zavodunun fasadını mərhum prezident Heydər Əliyevin bu fikirləri bəzəyir. Zavodun yolunun üstündə isə H.Əliyevin böyük plakatı asılıb.

Fevralın 9-da müəssisənin açılışını edən prezident rəmzi qırmızı lenti kəsib, süd qəbulu, qatıq, kəsmik, dovğa-ayran və pendir sexlərində emal prosesini izləyib. Müəssisəyə baxış hazır pendirin dadına baxmaqla başa çatıb.

Bu görüntüləri izləyən bozalqanlılar da seviniblər ki, evlərinin həndəvərində işlə təmin olunacaqlar.

«PREZİDENT PENDİRDƏN YEDİ, BAŞINI SİLKƏLƏDİ Kİ, YAXŞIDIR...»

Bozalqanlı kəndində rastlaşdığımız Sabir kişi uzaqda dalğalanan bayraqlara ötəri nəzər salıb deyir:

- Açıldı, havaxt işlədi ki? İki bidon süd gətirdilər, bir də pendir. İndi iki-üç qarovulu var, bir nəfər xidmətçisi, bir də müdiriyyəti. Biz hamımız, yaxın evlərin sakinləri ərizə verib, guya növbəyə yazılmışıq ki, nə vaxtsa işə çağıracaqlar.

- Bilmirsiniz müəssisə niyə işləmir?

- Nə bilim vallah. Prezident açılışını elədi, pendirindən yedi, başını da silkələdi ki, yaxşıdır.

Bəs görəsən, açılışında dövlət başçısının da iştirak etdiyi Tovuz Süd Emalı Zavodu fəaliyyətini niyə dayandırıb?

Tovuz rayon icra hakiminin sosial-iqtisadi məsələlər üzrə müavini Nəsib Bağırov deyir ki, səbəb xaricdən alınan avadanlıqların gecikməsidir:

İlham Əliyev Tovuz Süd Emalı Zavodunun açılışında, 9 fevral 2011
«SƏBƏB AVADANLIĞIN GECİKMƏSİDİR»

«Əsasən avadanlıqlar xarici avadanlıqlar olur, görürsən müqavilə bağlayırlar, bir az göndərmə müddəti gecikir. Ancaq səbəb avadanlığın gecikməsidir. Görürsünüz bina-zad hazır idi, gözəl düzəldilib.

- Prezident zavoda gedəndə kəsmik, qatıq və s. nümayiş olunmuşdu...

- Var idi, nümunə kimi hazırlanıb. Ancaq «seriya» istehsala hazır deyil.

Deyilənlər bir yana, özümüz də zavoda baş çəkmək istədik. Tovuz Süd Emalı Zavodunun ərazisinə yaxınlaşanda iki mühafizəçidən başqa heç kim gözə dəymirdi. Dediklərinə görə, rəhbərlik həmin vaxt Bakıda olub. Mühafizəçilərdən biri «rəhbərliyin Bakıda VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) məsələsini həll etdiyini» dedi.

RƏSMƏN AÇILAN MÜƏSSİSƏNİN VÖEN-Ü OLMAYIB?

Vergilər Nazirliyi AzadlıqRadiosunun bu müəssisənin qeydiyyatı ilə bağlı yazılı sorğusuna belə cavab verib: «Tovuz Süd Emalı Zavodu adlı hüquqi şəxslərin qeydiyyatdan keçməsi barədə məlumat yoxdur. Ədliyyə Nazirliyindən təhvil götürülmüş kommersiya qurumlarının arxiv sənədləri arasında həmin hüquqi şəxslərə aid qovluqlar aşkar olunmayıb».

«ZAVOD AYRICA HÜQUQİ ŞƏXS OLMADIĞINDAN QEYDİYYATDAN KEÇMƏYİB»

Tovuz Süd Emalı Zavodunun «Gilan Holding»ə daxil olduğunu nəzərə alaraq, bu şirkətə müraciət edirik. Şirkətin hüquq şöbəsindən daxil olan cavabda isə bunlar bildirilir:

«Zavod ayrıca hüquqi şəxs olmadığından qeydiyyatdan keçməyib. Bir müəssisənin daxilində yüzlərlə şirkət ola bilər, onların qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Bunlar hamısı «Gilan MMC»yə məxsus müəssisələrdir. Vergi, işəgötürmə məsələləri ilə «Gilan MMC» məşğul olur».

Qaldı Tovuz Süd Emalı Zavodunun fəaliyyətində yaranan fasiləyə, «Gilan Holding»in idarə heyətinin sədri Cəmil Muradovun adından göndərilən cavabda oxuyuruq:

BUXAR QAZANI SIRADAN ÇIXIB...

«Bu gün zavodun məcburi dayanmağına səbəb – Türkiyədən kontrakt əsasında aldığımız buxar qazanının sıradan çıxmasıdır. Buxar qazanı ikiillik zəmanət təminatı altındadır və şirkət nasazlıqları aradan qaldırmaq məqsədilə öz mühəndislərini dərhal müəssisəmizə göndərmişdir. Dəyişiləcək parçaların gətirilməsi (bu hissələrin bir hissəsi İtaliyadan gəlir) zaman aldığından təmir işlərinin oktyabr ayının birinci yarısına qədər çəkəcəyi gözlənilir».

«YÜKSƏK VİTAMİNLİ-ZÜLALLI YEM VƏ ALKANOL» İSTEHSALI ZAVODU

Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən bu zavodun da necə deyərlər başı bəlalıdır. Hələ 2004-cü ildə Ağstafa rayonuna səfəri zamanı zavodda olan prezident İlham Əliyev tikintinin başlanmasına öz «xeyir-duasını» verib. Qeyd edilib ki, layihəyə görə, zavodun tam gücü ilə işləməsi zamanı 460 nəfər işlə təmin olunacaq.

«Yüksək vitaminli-zülallı yem və alkanol» istehsalı zavodu
Bu gün isə zavod nə öz təyinatı üzrə işləyir, nə də tikintisi başa çatıb. 450 nəfərin yerinə isə müəssisədə vur-tut 15 nəfərin çalışdığı bildirilir.

Zavodun sahibi «Riyad» şirkətidir. Şirkətin direktoru Fuad Fərzəliyevin dediyinə görə, zavodun 80-85 faizi tikilsə də, tikintini başa çatdırmaq üçün dövlətdən əlavə kredit gözləyirlər:

«HƏLƏ Kİ, DÖVLƏTDƏN DƏSTƏK GÖZLƏYİRİK»

«Zavod 2004-dən tikilir. İşçilərimiz azdır, cəmi 15 işçimiz var. Ancaq zavod tam gücü ilə işləyəndə böyük kompleks olacaq. Burda həm istixanalar, həm kökəltmə olacaq. 120 nəfərə yaxın işçi çalışacaq. Hələ ki, dövlətdən dəstək gözləyirik. İndi rayona təzə başçı gəlib, bəlkə köməyi dəydi bizə. Hələ ki, yem və alkanol istehsal etmirik».

Fuad Fərzəliyev bununla belə qeyd edir ki, 2009-cu ildən «Həyat mənbəyi» adlı mineral su istehsal etməyə başlayıblar. Hərçənd maliyyə çatışmazlığını addımbaşı hiss edirlər:

«Elə sular var ki, onlarla ayaqlaşa bilmirik. «Pepsi», «Cola», «Aqua Vita», «Jalə»... Bunlarla ayaqlaşmaq çətindir. Elə suların dalında kimlər dayanıb bəllidir, onlar üçün suyu satmağa nə var? Reklama da pul buraxırlar və s.».

KREDİT DƏ DADA ÇATMADI...

Oxşar vəziyyətə Kürdəmirdə də rast gəlmək olar. Bu rayonda «Qelios» Məhdud Məsuliyyətli Cəmiyyətin şərab və şirə istehsal etməli olan müəssisinin də taleyi müəmmalı qalıb. Bu müəssisəni işə salmaq üçün isə nəinki kəsilən qırmızı lentin, heç Beynəlxalq Bankın «Siqma Layn» şirkətinə verdiyi kreditin də xeyri olmayıb. Maliyyə çatışmazlığı üzündən zavod istehsalı dayandırıb.

LƏĞV OLUNAN MÜƏSSİSƏLƏRİN STATİSTİKASI...

Ləğv olunan müəssisələrin sayı ilə bağlı rəsmi rəqəmlərlə isə müstəqil iqtisadçıları razılaşmır. Dövlət Statistika Komitəsindən AzadlıqRadiosuna verilən məlumata əsasən, 2008-ci ildə 6 min 800-dən çox yeni iş yeri açılıb. Bunun 440-ı ləğv olunub. 2009-cu ildə isə 5 min 314 yeni müəssisə açılıb, onlardan 1340-a yaxını ləğv olunub. Ötən il isə 4300-ə yaxın hüquqi şəxs yaradılıb, 624-nün ləğv edildiyi bildirilir.

İqtisadçılar düşünür ki, 2009-cu il böhran ili idi deyə, bağlanan və ləğv olunan müəssisələrin sayı daha yüksək olub.
XS
SM
MD
LG