Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

Vidadi İsgəndərli: «Mən əfv istəməyəcəm»


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
HÜQUQ MÜDAFİƏÇİSİNDƏN ƏLİYEVƏ MƏTİN MƏKTUB

«Azadlıq» qəzeti: Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasından qəzetə məktub göndərib:

«Mətbuatdan oxudum ki, ABŞ səfirinə ölkədə həbs edilmiş jurnalistlərin beynəlxalq təşkilatdan deyil, əfv olunmaları üçün sizdən xahiş etmələrini demisiniz. Üstəlik, onlara «bura Azərbaycandır» söyləmisiniz. Əfv etmək humanist bir addımdır. Qanunvericiliyə görə, yalnız prezidentin səlahiyyətlərinə aiddir. İnsan heç bir cinayət törətməyibsə, qanunsuz yerə sifarişlə həbs olunubsa, o, sizdən əfv istəməlidirmi? Mən belə başa düşdüm ki, söhbət o vaxt sifarişlə cibinə narkotik qoyulan Mirzə Sakitdən, guya əxlaqsız bir qadına qarşı «xuliqanlıq» etdiyinə görə Qənimət Zahiddən və Zakir Qaralovun analoqu olmayan bir saxtakarlıq edərək həbsə saldırdığı Eynulla Fətullayevdən gedir. Onlar sizdən əfv yox, bu sifarişi yerinə yetirənlərin məsuliyyətə cəlb olunmalarını tələb etməlidirlər və edirlər də. Lap Azərbaycan yox, Cibuti, Ruanda, Misir, Suriya olsa belə, əfv istənilə bilməz. Çünki qanun hər şeydən üstündür».

«Mübarizə apardım, qanunsuzluqları açıb göstərdim, bununla bağlı ciddi iş görmək əvəzinə məni həbs etdilər. Bütün dünya Azərbaycanda, o cümlədən Göyçayda seçkinin necə saxtalaşdırıldığını gördü. Bu saxtakarlığın qarşısını almaq əvəzinə mənə Cinayət Məcəlləsinin 132, 159 və 160-cı maddələri ilə cinayət işi qaldırdılar. Heç bir günahım olmaya-olmaya sizdən əfvmi diləyim?» - hüquq müdafiəçisi yazır.

Həbsdən çıxmaq ona nəsib olacağı təqdirdə yenə İlham Əliyevə rüşvət və korrupsiya ilə bağlı müraciət edəcəyini deyən Vidadi İsgəndərli güman edir ki, bu müraciətlərdən sonra onu məhv edəcəklər:

«Hamımız bu dünyaya qonaq gəlmişik. Əsas işimiz şərəf və ləyaqətlə bu dünyanı tərk etməkdir. Azərbaycan xalqına, o cümlədən sizə xoşbəxtlik arzulayıram. Bir daha demək istəyirəm ki, mən, cənab prezident, sizdən əfv istəməyəcəm. Bura Azərbaycan olsa da...».

MİSİR MƏRDANOV MÜAVİNLƏRİNİN İŞDƏN ÇIXARILMASI BARƏDƏ

Misir Mərdanov
«Yeni Müsavat» qəzeti: Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib ki, Təhsil Nazirliyində aparılan kadr islahatları təhsil sisteminin daha da inkişafına yönəlib.

«Təhsil Nazirliyində aparılan kadr islahatları çox uğurlu addımdır, bu islahatlar Azərbaycanda təhsil sisteminin daha da yaxşılaşmasına yönəlib. Əminəm ki, bu, öz bəhrəsini verəcək», - bunu «Trend»ə açıqlamasında Misir Mərdanov deyib.

Təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifədən azad olunublar.

DUMANLI BAKI

«Azərbaycan» qəzeti Bakıda aparılan tikinti işlərindən, ancaq bu işlərin plansız və keyfiyyətsiz aparılmasından, aylarla uzanmasından yazır:

«Bakıda 1-2 kilometrlik küçədə hansısa borunu dəyişib üstünü asfaltlamaq bəzən aylarla uzanır. Məhz bu səbəbdən şəhərin müxtəlif ərazilərində qazıntıdan yığılan torpaq təpələri küləkli şəhərin əhalisi üçün təkcə göz deyil, həm də toz dağına çevrilir. Elə buna görə indi şəhərdə metro istisna olmaqla, nəqliyyatla hərəkət etmək, hansısa ünvana yetişmək yalnız əsəb gərginliyi hesabına mümkündür, o da həmişə yox.

Hələ bir neçə ay Ziya Bünyadov prospektinin (Dərnəgül yolu) yenidən qurulacağı barədə xəbəri böyük həvəslə qəzetimizin səhifəsinə çıxarmışdıq. Nə biləydik ki, bu yenidənqurma paytaxtın ən böyük yaşayış massivlərindən olan 8-ci Kilometr, Əhmədli, Günəşli kimi qəsəbələrdə yaşayan, yaxud həmin ərazidə işləyən əhalinin gününü əsl məşəqqətə çevirəcək. 8-10 kilometrlik prospektin elə bir hissəsi yoxdur ki, dağıdılmasın. İşlərin sürəti göstərir ki, podratçı təşkilatın, yaxud təşkilatların gücü və imkanı tələb olunan səviyyədə deyil. Bunun üçün çoxlu sayda işçi qüvvəsi və texnika lazımdır. Elə isə nəyə görə işlər ərazilərə bölünüb hissə-hissə görülmür? Axı mövcud qüvvə və texnikanı cəmləyib layihəni bu üsulla tez və keyfiyyətlə başa çatdırmaq daha asandır, nəinki bütün prospekti söküb, sonra da fəhlə və maşın-mexanizmi yolun bir ərazisindən digərinə atmaq».
XS
SM
MD
LG