Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:38

Görəsən «acığa» oxumaqla obyektiv, qərəzsiz mühakimə yürütmək olar?


Rövşən Qənbərovun “Kamal Abdullanı xorla tərifləmək” məqaləsinə cavab


Hörmətli Rövşən Qənbərov!

Bu yaxınlarda internet səhifələrində ədəbi mövzulara və müzakirələrə diqqət yetirərkən təsadüfən yazıçı Kamal Abdullanın son romanının («Unutmağa kimsə yox») müzakirəsini gördüm və orada Sizin də qeydlərinizi oxudum.

Kamal Abdullanın həm elmi, həm də ədəbi yaradıcılığını mən mütəmadi olaraq izləyirəm və ona pis bələd deyiləm. «Unutmağa kimsə yox» romanı haqqında mən də mətbuat səhifələrində öz sözümü demişəm və fikrim də müsbət olub. Ona görə də yazınız mənim diqqətimi cəlb etdi və Sizə cavab ünvanlamaq qərarına gəldim.

Yazıda əsas arqumentlərdən biri kimi, fikir bildirənlərin sayının həddindən artıq olduğunu söyləyirsiniz və bu fikirlərin əsasən tərif xarakterli olmasını pisləyirsiniz. Lakin maraqlıdır, yaxşı bir əsərin təriflənməsi nə üçün Sizi hövsələdən çıxarır?

Və Siz də onu, yazdığınız kimi, «acığa» oxuyursunuz? Görəsən «acığa» oxumaqla, obyektiv, qərəzsiz mühakimə yürütmək olar, yoxsa yox? Hər halda bu barədə düşünməyə dəyər.

Şəxsən mən Kamal Abdullanın yaradıcılığını həmişə yüksək qiymətləndirmişəm. Roman barəsindəki məqalə heç də mənim onun yaradıcılığına həsr edilmiş birinci məqaləm deyil. Mən əvvəllər də onun ədəbi fəaliyyəti barədə məqalələrlə çıxış etmişəm.

Mənim Kamal Abdulladan heç bir asılılığım yoxdur; yalnız bir sənətkar kimi, yazıçı kimi onun yaradıcılığını qiymətləndirmişəm. Ona görə də Sizin istehza ilə seçdiyiniz başlıq («Kamal Abdullanı xorla tərifləmək»), hesab edirəm ki, mədəniyyət və etikadan xeyli kənardır.

Kamal Abdullanın özünəməxsus ədəbi üslubu, təfəkkür orijinallığı onun yaradıcılığı barəsində çoxsaylı fikirlərin səslənməsinə səbəb olur. Zənnimcə bu, heç də pis deyil. Lakin bu Sizi nə səbəbə qıcıqlandırır?

Əgər Siz yazılanları bəyənmirsinizsə, onların sayca çoxluğundan narahatsınızsa, bu Sizin öz işinizdir.

Nəhayət, müsbət rəy ilə tərif istilahlarını qarışdırmaq lazım deyil. Yəqin bilərsiniz ki, ədəbi tənqiddə rəy anlayışı mövcuddur. Rəy mənfi və ya müsbət ola bilər. Mənim Kamal Abdulla yaradıcılığına rəyim müsbətdir.

Hörmətlə,
professor Timuçin Əfəndiyev

kultaz.com

Həmçinin oxu
Etimad Başkeçid. Rövşən Qəmbərovun redaktor yönləndirməsi
Tehran Əlişanoğlu. Xorda oxumağı sevmirəm
Rövşən Qəmbərov. Kamal Abdullanı xorla tərifləmək...
XS
SM
MD
LG