Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

«NAZ-Lifan»la «London taksisi»nin fərqi


Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi
Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi

ƏN BÖYÜK PAVİLYON «GİLAN HOLDİNQ»İNDİR

Pianino dillərindən süzülən «Ay Laçın» musiqisi həndəvərdəkilərin diqqətini çəkir. Digər pianinonu dinləndirmək istəyən gənc isə dilləri astaca basır ki, musiqinin harmoniyasını pozmasın. Yox, nə bura konsert salonudur, nə də çalan peşəkar pianinoçu... Pianino isə orijinaldır, özü də təbii materialdan hazırlanıb. Qiyməti də 5 min manat. İstehsalçısı da «Gilan Holdinq»dir. Şirkət bu məhsulunu sərgiyə çıxarıb. Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgiyə...

Sərgidə Naxçıvan Muxtar Respublikasının pavilyonundan sonra ən böyük pavilyona sahiblənən «Gilan Holdinq»in çeşidli profilini dəri emalından tutmuş makaron, şirniyyat, zeytun, şirələr, müxtəlif içkilər, xüsusi işçi geyimləri, tikinti materialları, ayaqqabı istehsalında görmək olar. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus holdinq qədər hər bir məhsulunu sərgiyə çıxarıb. Sərgilənən ayaqqabılar isə hələ satışa çıxarılmayıb, qiyməti də bəlli deyil.

Zavodun rəsmisi Cabir Əliyev deyir ki, onlar hətta xaricə də mal göndərirlər:

«Xammal yalnız Azərbaycanda alınır. Hər ay 600 ton dəri yığılır. Ölkədə 1000 ton dəri istehsal olunursa, onun 600 tondan çoxunu «Gilan-Dəri» götürür. Qoyun, camış, inək dərilərini emal edirik.

Ölkədə 1000 ton dəri istehsal olunursa, onun 600 tondan çoxunu «Gilan-Dəri» götürür

«ZQAN»IN NAİLİYYƏTLƏRİ

Sərginin bir hissəsini tutan «ZQAN Holdinq»in pavilyonu nisbətən kiçik olsa da, ortada qoyulan şüşə altındakı maket diqqəti çəkir. Meşəlik içində bir neçə mərtəbəli, günbəzli binadır. Haranın maketi olduğunu soruşuram. Şirkətin nümayəndəsi «Qubada bu yaxınlarda istifadəyə veriləcək oteldir»,- deyir.

Pavilyonun divarında Nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus olan «ZQAN Holdinq»in inşa etdiyi bir neçə iri layihə barədə məlumat oxumaq olar: «Baku Presidental Tower», «Nəqliyyat vasitələrinin İntellektual İdarəetmə Mərkəzi», «Yevlax Avtobus Terminalı»...

Prezident İlham Əliyevin qızlarına məxsus olduğu bildirilən «Ata Holdinq»in pavilyonu xüsusi dizaynla hazırlanıb, bir neçə monitorda şirkətin fəaliyyət istiqamətlərini görmək olar.

GÖZƏ DAHA ÇOX ŞƏRAB GÖRÜNÜR

Bir neçə pavilyonda ölkədə istehsal edilən spirtli içki məhsulları nümayiş olunur. Sərginin kənarlarındakı pavilyonlar isə o qədər də böyük deyil, dizaynına görə də bir o qədər fərqlənmir. Bu pavilyonlarda süd məhsulları, xalçalar, tikinti materialları görmək olar.

Azərbaycanın 20 illik müstəqillik dövründə qazandıqlarını təkcə biznes strukturları yox, dövlət idarələri də nümayiş etdirir.

Ancaq təhsil, səhiyyə nazirliklərinin pavilyonlarını yalnız prezident İlham Əliyevin, onun xanımı Mehriban Əliyevanın, o cümlədən, qızlarının və atası -

Bu maşının qiyməti 11 800 manatdır

keçmiş prezident Heydər Əliyevin fotoşəkilləri bəzəyir. Bəzi nazirliklərin pavilyonlarında isə yeni tikilmiş binaların, avtomobil yollarının maketləri var.

SƏRGİNİN «NAZ-LİFAN»I

Naxçıvan Muxtar Respublikasının pavilyonunda isə şərablardan tutmuş kişi kostyumlarına, broyler toyuqlara, hətta avtomobilə qədər var. 3 markada sərgiyə çıxarılan «NAZ-Lifan» markalı avtomobillər diqqəti çəkir. «Çindən ehtiyat hissələri gətirilir və Naxçıvanda yığılır»,- bunu Naxçıvan Avtomobil Zavodunun təmsilçisi Əmir Xalidov deyir:

- Şəhərin içində sürmək üçün çox əlverişli olan bu maşının qiyməti 8 400 manatdır. «Taksi» işarəsi olan avtomobilin qiyməti isə 11 min 800 manatdır. Cip avtomobili isə hələlik nümunə kimi sərgi üçün hazırlanıb, qiyməti təxminən 13 min manatdır. Gələn il istehsalı nəzərdə tutulub.

- Bakıya Londondan taksilər gətirilib. Naxçıvanda taksi üçün yararlı avtomobil istehsal olunursa, gələcəkdə Bakıda Naxçıvan taksilərini görmək olarmı?

- Sizə deyim ki, bu maşınlar Londondan gətirilənlərdən daha sərfəlidir, ən azı qiymətinə görə.

RƏQABƏTSİZ ŞƏRAİTDƏ İNKİŞAF

Azərbaycanın 20 illiyinə həsr olunmuş sərginin açılış günündə İqtisadi İnkişaf naziri Şahin Mustafayev deyib ki, 2003-2011-ci illər ölkənin sürətli inkişaf dövrü olub.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, bu illər ərzində iri oliqarxlar biznes mühitində öz sərhədlərini daha dəqiq cızıblar və sərgidə də daha çox gözə dəyən hakimiyyətdə olan və ya hakim ailə yaxın olanların biznes göstəriciləri olub:

«Azərbaycanda iri biznes yalnız hakim ailəyə və yaxud hakimiyyətdə olanlara məxsusdur. Bu acınacaqlı haldır ki, ölkənin müstəqilliyinin 20 illiyində Azərbaycan iqtisadiyyatı rəqabətsiz bir şəraitdə inkişaf edib».

«İŞTƏ, BAKI BU»

Sərgidən ayrılandan sonra Bakı Ekspo Mərkəzinin qarşısından ictimai nəqliyyata minmək üçün dayanacaq tapmadım. Meydançada olan iki avtobusa yaxınlaşanda, sürücüləri dedilər ki, sifarişlə sərgi təşkilatçılarını gətiriblər, indi də onları geri qaytaracaqlar. Şəxsi minik avtomobilinə oturmaq istəyən bir qadın, iki kişiyə yaxınlaşıb məni də özləri ilə götürməsini xahiş etdim. Etiraz etmədilər. Yolda məlum oldu ki, qadınla kişi turistdirlər, Türkiyədən gəliblər, «ZQAN Holdinq»də çalışan tanışlarından biri onları sərgiyə dəvət edib. Zatən sərgidə də söhbət etdiklərim ya tanışlarına görə bura gələnlər idi, ya da öz pavilyonundan çıxıb qonşuların pavilyonunu gəzənlər.

Maşın şəhərin mərkəzinə yaxınlaşanda, azərbaycanlı sürücü tıxacdan yayınmaq üçün ara küçələrə yön aldı. Kələ-kötür yolları görən türk əsilli kişi söylədi:

«İştə, Bakı bu. İri sokakları bəzəyiblər, amma ara sokaklar bu gündə. Sanki gizlədə biləcəklər...».

XS
SM
MD
LG