Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:42

ARDNŞ prezidenti: «Elə zəbt olunmuş ərazilər var ki, onun altında milyonlarla ton neft var»


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
«Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus torpaqlarda tikilən evlər çox ciddi problemdir».

Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, vətəndaşlar dayanmadan bu torpaqlarda qanunsuz evlər tikməyə çalışırlar:

«Biz də yeni tikililərin, bir gecəyə tikilən evlərin qarşısını alırıq, insanların yaşadığı köhnə evləri sökmürük. Yəni, biz ev yıxmırıq, sənədi olanların evinə dəymirik. Məhkəmə qərarı olmadan heç bir evi sökmürük, qanun çərçivəsində hərəkət edirik».

R.Abdullayev qeyd edib ki, xarici şirkətlər ARDNŞ-in onlara icarəyə verdiyi torpaqlarda işləyə bilmirlər:

«Çünki bu ərazilər sözün əsl mənasında vətəndaşlar tərəfindən zəbt olunub. Elə zəbt olunmuş ərazilər var ki, onun altında milyonlarla ton həcmində neft var. Belə şey olarmı? Həm də bu ərazilərdə yaşamaq əhalinin özünə ziyandır, genofonda təsir edir».

ARDNŞ prezidenti şirkətə məxsus torpaqlarda tikilən istənilən qanunsuz tikililərin bundan sonra da söküləcəyini deyib. /apa/

Paytaxt Bakıda minlərlə adam ARDNŞ-nin iddiaları üzündən evini itirmək təhlükəsi ilə üzləşdiyini deyir. Onlar bildirirılər ki, ev tikdikləri torpaq sahələrini yerli icra orqanlarında pulla alıblar. Amma bu pula görə onlara heç kim bir sənəd verməyib deyə hazırda evləri qanunsuz sayılır.

Hətta, prezident İlham Əliyev də çıxışlarında bildirib ki, heç kim özbaşına ev tikməyib, bu evlərin hamısı yerli məmurlarla "razılaşdırlıb". Prezident bir neçə ay əvvəlki çıxışında belə evlərin də sənədləşdirilməsinə başlanacağını desə də hələlik bu istiqamətdə ciddi bir addım atılmayıb.
XS
SM
MD
LG