Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

15 manatdan başlayan rəsm əsərləri


15 manatdan başlayan rəsm əsərləri
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

Vaxtilə kitab passajında, indi isə gözdən uzaq balaca bir məkanda tablolarını satan rəssam.

Nizami metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı küçəsində gün ərzində yüzlərlə insanın qarşısından keçib getdiyi kiçik bir məkan var. Əvvəllər bura bərbərxana idi. İki aya yaxındır ki, burada satılan rəngarəng rəsm tabloları diqqəti cəlb edir.

Şənər və Hünər Cəbrayılov qardaşları öz rəsm tablolarını burada satışa çıxarırlar. Şənər Cəbrayılov deyir ki, alıcılar az olsa da arada bir yoldan keçənlər ayaq saxlayıb tablolara baxırlar:

«Günə təxminən 6-7 nəfər ayaq saxlayıb, rəsm əsərlərinə tamaşa edirlər. Alıcıların az olması insanların sənəti başa düşməməsi ilə bağlı deyil. Bir də görürsən yoldan keçənlər dayanıb, saatlarla tablolara baxırlar. Əgər onların 2000-3000 manat gəlirləri olsa əlbəttə bu cür əsərləri alanların sayı daha çox olar».

«AYA 100-200 MANAT QAZANCIMIZ OLUR»

Şənər Cəbrayılov 1997-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Həmin vaxtdan Bakının «Torqovı» adlanan ərazisində passajda rəsmlərini satıb. Dediyinə görə, «passaj» bağlanandan sonra bir çox rəssamlar kimi o da tablolarını müxtəlif yerlərdə satıb. İki aydır ki, qardaşı ilə birlikdə buranı açıblar. amma burda da alıcı yoxdur:

«Bundan əvvəl «Torqovı»da, Nigar Rəfibəyli küçəsində əsərlərmizi satırdıq. Həmin küçədə 50-yə yaxın rəssam çalışırdı. Təxminən iki il əvvəl orada satışa icazə vermədilər. İki ay olar ki, buranı açmışıq. Burda da alıcı yoxdu. Günə 6-7 nəfər əsərlərlə maraqlanır. Amma elə olur həftələrlə satış olmur. Belə də aya 100-200 manat qazancımız olur».

RƏSSAMIN ƏN ÇOX BƏYƏNDƏYİ ƏSƏRİ

Şənər Cəbrayılovun dayısı da rəssam olub. Amma o deyir ki, öz oğlunun rəssam olmasını istəməzdi. Səbəbini isə özü də dəqiq bilmir. Sadəcə deyir ki, rəssamlıq olduqca çətin sənətdir. Ondan ən bəyəndiyi tablonun hansı olduğunu soruşduqda isə atların təsvir olunduğu tablonu göstərir:

Şənər Cəbrayılov
Şənər Cəbrayılov
«Ən çox bu əsərdən xoşum gəlir. Bəlkə də əsərdə payız fəsli və atlar təsvir olunub ona görə. Çünki mən payızı və atları çox sevirəm».

15 VƏ 350 MANATLIQ RƏSM TABLOLARI

Təxminən 7 kvadratmetrlik bu məkanda satılan rəsm tablolarından ən bahalısı 350 manat, ən ucuzu isə 15 manatdır. Şənər Cəbrayılov bu vaxta kimi çəkdiyi rəsm əsərlərinin sayını itirib. Amma onlardan cəmi birini evində özü üçün saxlayıb. Dediyinə görə, adi bir təbiət mənzərəsinin təsvir olunduğu rəsm olduqca gözəl alındığı üçün satmağa əli gəlməyib:

«Amma tablonu satmayacağıma tam əmin deyiləm. Ola bilər nə vaxtsa məcburiyyət qarşısında qalaram və satmalı olaram».

Şənər Cəbrayılov indi bir aya 2-3 əsər çəkdiyini deyir. Söyləyir ki, alıcılar çox olsa yəqin ki, daha çox çəkər. Rəssam əlinə ilk fırça alıb rəsm çəkməyə başladığı gündən bir arzusu var:

«Çox istəyirəm ki, Azərbaycanı gəzim və hər bir rayonunun gözəl təbiətinin mənzərələrini çəkim. Yəqin nə vaxtsa pulum olsa, bu arzumu reallaşdıraram».

Rəssam onu da bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti vaxtilə «Torqovı»da ləğv olunan passajın yaxın vaxtlarda bərpa olunacağına söz verib.
XS
SM
MD
LG