Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Şirkət tikmədiyi evi eyni zamanda dörd nəfərə satıb?


Bir mənzilin bir neçə sahibi çıxıb
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00
Direct-ə keçid

Kamran B.Ə MMC-dən şikayətçilər deyir ki, aldadılıblar.


8-ci mikrorayonda yerləşən “Həyat” şadlıq evinin qarşısına yığışan 50-yə yaxın adam bu dəfə xeyir işə yox, şərurlu iş adamı kimi tanınan İsfəndiyar Axundovdan pullarını tələb etməyə gəlmişdilər. Onlar deyirlər ki, “Kamran B.Ə.” MMC tərəfindən Yasamal rayonu ərazisində inşa olunan iki bloklu binadan mənzil alıblar. Ancaq bir müddət əvvəl binanın inşası yarımçıq qalıb. Binanı tikən sahibkar Ələkbər Babayev müştərilərə deyib ki, maliyyə çatışmazlığı üzündən tikintini davam etdirə bilmir.

Bir qədər də keçib və bu dəfə payçılar daha ağır faktla üz-üzə qalıblar. Binadakı eyni mənzillər ən azı 4-5 nəfərə satılıbmış. Ancaq bu dəfə payçılar Ələkbər Babayevdən məsələyə aydınlıq gətirməsini tələb etmək istəyi baş tutmayıb. Çünki indi onlar sahibkarı da, onun müavini German Hüseynovu da günorta çağı çıraqla gəzirlər, tapa bilmirlər.

SAHİBKAR PAYÇILARA ONLARDAN YENİ MƏNZİL ALMAĞI TƏKLİF EDİR?

Alıcıların sözlərinə görə, “Kamran” MMC “Şərur” MTK-nın törəməsi olduğundan onlar “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova üz tutublar. İsfəndiyar Axundov şadlıq evinin birinci mərtəbəsindəki ofisin darısqal otağında payçıları bir-bir qəbul edirdi.

Içəridən çıxanlar narazı idilər, dediklərinə görə, sahibkar onlara sərf etməyən şərtlər irəli sürüb. O, payçıların qarşısında şərt qoyub ki, ya aldıqları mənzillərə daha artıq pullar ödəsinlər, ya da şirkətdən əlavə mənzillər alsınlar, bu yolla da əvvəlki pullarını necə deyərlər, “diriltsinlər”.

Ancaq sahibkarın bu təklifi payçıları qəzəbləndirmişdi. Onlardan biri olan Aytən Hüseynova:

“Axı sən nə ixtiyarla deyirsən ki, ikiotaqlı ev almısan, gəl, bir dənə də ikiotaqlı ev al, əvvəl ödədiyin pulun da batmasın? Biz hər gün burdayıq. Bizi Prezident Aparatının qarşısından qovurlar, İcra Hakimiyyətindən qovurlar, bizi eşidən yoxdur. ”

“YA PULUMUZ, YA EVİMİZ”

“Ya pulumuzu, ya evimizi versinlər, mənim artıq pulum yoxdur ona verməyə, evi oğlum almışdı, yaman gündədir, onda artıq pul hardandır ki, gətirib versin”, - bunu isə eyni mənzili almış 4 nəfərdən biri Sima Qədirova deyir.

İsfəndiyar Axundovun ofisi qarşısında dayanan nəzarətçilərdən birinə AzadlıqRadiosunun müxbiri olaraq sahibkarla görüşmək istədiyimizi bildirdik. İstəyimizi İsfəndiyar Axundova çatdıran nəzarətçi geri qayıdaraq dedi ki, sahibkar jurnalistlə görüşmək istəmir.

Payçılar İsfəndiyar Axundovdan qaneedici cavablar almadıqlarından ofisi tərk etdilər.

TİKİNTİNİ “ŞAİQ” MTK APARIB

Oktyabrın 12-də payçılar Bakı şəhər İcra Hakimiyyətində olublar. Onlar heç bir məmurun qəbuluna düşə bilməsələr də, günün sonuna yaxın bir neçə gün əvvəl yazdıqları məktuba rəsmi cavab ala biliblər. Cavabda göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Kamran B.Ə.” MMC-yə Yasamal rayonu ərazisində yaşayış binasının layihələləşdirilməsi və ya tikintisi ilə bağlı hər hansı bir icazə sənədi verilməyib. Qeyd olunan ünvanda tikinti işləri vətəndaş Axundov İsfəndiyar Məhəmməd oğlunun təsisçisi olduğu “Şaiq” MTK tərəfindən aparılır.

"Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun Bakıda böyük biznes şəbəkəsinin olduğu, bina tikintilərini əsasən Yasamal və Xətai rayonu ərazilərində apardığı bildirilir.

Payçılar deyirlər ki, mənzil üçün pulları özünü “Kamran B.Ə” MMC-nin meneceri kimi təqdim edən Süleyman Əliyevə ödəyiblər. Süleyman Əliyev özü də bunu AzadlıqRadiosuna təsdiqləyib. Həm də bildirib ki, o, şirkətdə menecer yox, tikintiyə nəzarətçi işləyirmiş.

PULLARI TİKİNTİYƏ NƏZARƏT EDƏN ŞƏXS YIĞIRMIŞ

Payçılardan mənzillərə görə yığdığı pulların taleyinə gəlincə isə dedi ki:

- Məni ora şirkət rəhbəri tikintiyə nəzarətçi kimi təyin edib. Alıcılar gələndə şirkət rəhbəri mənə deyib ki, Süleyman, bunlarla müqavilə bağla, vəsaiti ver German müəllimə. Yəni Ələkbər Babayev belə deyib mənə. Mən də əmrə tabe olan bir adam kimi alıcılarla müqavilə bağlamışam, pulları da vermişəm rəhbərliyə.

- Payçılar iddia edirlər ki, şirkət rəhbərləri onlardan gizlənir. Ələkbər müəllim hardadır?

- Sabah, ya birigün (oktyabrın 13-14-də - müəl.) görüşəcək o biri şirkət rəhbərləriylə.

- “Şərur” MTK-nın baş verənlərlə nə əlaqəsi var?

- Yer “Şərur”undur, tikintini isə “Kamran B.Ə.” MMC aparır. Hər şeyə cavabdeh Ələkbər müəllim özüdür. “Şərur” payçılara pullarının qaytarılmasında kömək etmək istəyir.

Süleyman Əliyev eyni mənzilin niyə bir neçə adama satılması barədə suala da cavab vermədi. O dönə-dönə qeyd edir ki, yaxınlarda sahibkar özü ev sahiblərinin qarşısına çıxıb bütün suallara aydınlıq gətirəcək.

VƏKİL MƏSLƏHƏTİ

Vəkil Anar Qasımov deyir ki, payçılar bir mənzilin bir neçə nəfərə satılması faktı ilə qarşılaşıblarsa, buna görə polisə müraciət etməlidirlər. Çünki onlar dələduzluğa məruz qalıblar. Paralel olaraq onlar məhkəmədə də iddia qaldırmalıdırlar. Qanuna görə, bir neçə nəfərə satılmış mənzilə sahiblik hüququ ilk payçıya verilməlidir. Çünki o, mənzilin pulunu ilk ödəyəndir. Digər payçılar isə ödədikləri pullarını geri tələb etməlidirlər.

Payçılar AzadlıqRadiosuna bildiriblər ki, oktyabrın 13-dən prokurorluq, polis və məhkəmə orqanlarına müraciətlər edəcəklər.
XS
SM
MD
LG