Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

Dövlət obyektində qanunsuz əcnəbi işçilər aşkarlandı


Sarı bina
Sarı bina
İkinci Dünya müharibəsindən illər sonra - 1953-cü ildə istismara verilmiş Mingəçevir Su Elektrik Stansiyasının tikintisi əcnəbi fəhlələrin əməyi ilə başlayıb: müharibədə götürülmüş 10 minlərlə alman əsiri bu tikintidə işləməyə məcbur edilib.

O vaxtdan 70 il keçib, Stansiyada yenidən əcnəbilərin ucuz əməyindən istifadə edilir. Bu dəfə isə Çindən gətirilmiş fəhlələrdən söhbət gedir. Onlar Azərbaycanda böyük strateji obyektlərdən sayılan Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasında fəhləlik edirlər.

Su Elektrik Stansiyasının yenidən qurulması isə «Azərenerji» ASC tərəfindən həyata keçirilir. Hidroaqreqatları isə «Azərenerji» ilə müqaviləyə əsasən, SNEEC (Çin) şirkəti gətirir.

Çinli fəhlələr elə stansiyanın yaxınlığında yerləşən üçmərtəbəli sarı rəngli binada yaşayırlar. Onların tikinti və yaşayış yerindən kənara çıxması yasaqdır.

Sözügedən ərazi xüsusi mühafizə ilə qorunur.

HEYDƏR ƏLİYEVİN OXUNMAZ SİTATLARI...

Mühafizə «zolaq»ını keçib binanın ətrafında dolaşırıq. Bazar günü olduğundan ətrafda bir ins-cins gözə dəymir. Çinlilərin yaşadığı sarı binanın qarşısında dayanmış «Toyota Prado» markalı maşın burda həyat mənbəyindən xəbər verən hələ ki, yeganə işarədir. Ona görə ki, bu binada yaşayış əlaməti sayıla biləcək başqa heç nə sezilmir. Bina cadar-cadardır, pəncərələr ya yoxdur, ya da sınıqdır. Binanın girişində Heydər Əliyevin böyük hərflərlə yazılmış sitatları da oxunmaz hala gəlib...

ANTİSANİTARİYA VƏZİYYƏTİNDƏ...

Binaya daxil oluruq. İçəriyə qəbir sükutu çöküb. Ancaq kanalizasiya iyi bu qəbir sükutunda adamın ürəyini bulandırır. Nömrələnmiş otaqlardan birinin qapısını itələyib «Kimsə varmı» deyə addım atanda üfunət qoxusu adama şapalaq kimi dəyir!

Çinli fəhlələr
Çinli fəhlələr
Otaqda kəskin üfunətin fonunda isə həyat öz həmişəki axarı ilə davam edir: televizor açıqdır, kimsə kompüter arxasındadır, kimsə adambaşına düşən az qala 10 milçəklə mübarizə aparır, kimsə də bu mübarizədən yayınıb çarpayının üstündə tənzifdən qurduğu çardağın altında yatır...

«BOSS YUXARIDADIR...»

Otaqdakı tör-töküntünün, qab-qazanın arasından koridora 3 nəfər çıxır. Onlar Azərbaycan, rus, ingilis dilini, mən isə çin dilini bilmirəm. Bu vəziyyətdə birlikdə səfərə çıxdığımız çinli qız qabağa düşür. Uzun söhbətin sonunda bir məsələ dəqiqləşir:

«Biz danışa bilmərik. Boss yuxarıdadır, ondan soruşun».

100 KİŞİ, 30 QADIN

Qarşımıza çıxan çinlilərdən ayaqüstü «qopardığımız» məlumat o olur ki, burda 100 kişi, 30 qadın işçi var. Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasına başlandığı 2008-ci ildən bəri bura çinli fəhlələrin gətirildiyini deyirlər.

«Əmək miqrasiyası haqqında» qanuna görə, əcnəbilər Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə almalıdırlar. Həmin qanuna əsasən, işəgötürən ölkədə işlətdiyi hər əcnəbi üçün tələb olunan dövlət rüsumunu da ödəməlidir.

30 MİN MANAT CƏRİMƏ

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, Çindən gətirilən fəhlələr yerli fəhlələrdən bir neçə dəfə aşağı qiymətə işlədikləri üçün
Burda 100 kişi, 30 qadın işçi var
Burda 100 kişi, 30 qadın işçi var
işəgötürənlər üçün cəlbedicidirlər:

«Dövlət Miqrasiya Xidməti hər hansı əcnəbinin qanunu pozmaqla, fərdi icazə olmadan əmək fəaliyyətinə cəlb edildiyini müəyyənləşdirərsə, onda həmin işəgötürən 30 min manatdan çox cərimə ödəməlidir və məsuliyyətə cəlb edilməlidir».

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, əmək qanunvericiliyi Azərbaycana əcnəbi işçilər gətirmək üçün ildə 9 min nəfərlik kvota müəyyənləşdirib:

«Amma kvotanı müəyyən etmək üçün əmək bazarının strukturunu dəqiq bilmək lazımdır. Hansı peşə üzrə nə qədər mütəxəssisə ehtiyac var. Yerli adam yoxdur və yerli vətəndaşlar iddia etmirlər. Amma xaricilər çalışan əksər iş yerlərinə azərbaycanlıları cəlb etmək olar. Praktikada isə cənub-şərqi Asiyadan çox ucuz qiymətə işçilər gətirilib yerləşdirilir».

Əlövsət Əliyev isə deyir ki, Azərbaycana mütəxəssislərin gətirilməsinə daha çox ehtiyac var. Çünki azərbaycanlılar özləri xaricə fəhləliyə gedirlər.

«AZƏRENERJİ» ÇİNLİLƏRİ İŞLƏTMƏK ÜÇÜN İCAZƏ ALMAYIB

Əcnəbi vətəndaşların ölkədə işləməsi üçün lisenziyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Nazirlikdən AzadlıqRadiosunun sorğusuna verilən cavab isə belədir:

««Azərenerji» tərəfindən Çin Xalq Respublikası vətəndaşlarına haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək
Əlövsət Əliyev
Əlövsət Əliyev
üçün fərdi icazə alınması ilə bağlı nazirliyə müraciət daxil olmayıb».

Daxili İşlər Nazirliyinə yolladığımız sualları Dövlət Miqrasiya Xidmətinə, onlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəltməyimizi lazım bildilər.

Dövlət Miqrasiya Xidmətinin verdiyi məlumata əsasən, 2011-ci ilin yanvar ayından sentyabr ayınadək qurum 196 nəfər ÇXR vətəndaşını respublikadan inzibati qaydada çıxarıb.

DİN MİNGƏÇEVİRDƏ NƏ AŞKARLADI?

AzadlıqRadiosunun sorğuları ilə paralel Azərbaycan Miqrasiya Mərkəzi də müvafiq qurumlara sorğularla müraciət edib:

«Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bizi dəvət etdi. Görüşdən sonra onlar Mingəçevirdə olublar. Müəyyən ediblər ki, çinlilərdən 37 nəfərin etibarlı sənədi var. Amma əmək fəaliyyəti ilə məşğul olmağa heç birinin fərdi icazəsi yoxdur. Bu halda DİN hesab etsəydi ki, bu işdə cinayət tərkibi yoxdur, onda digər tədbir görmək üçün həmin sənədləri verməliydi Dövlət Miqrasiya Xidmətinə, yaxud Əmək Nazirliyinə ki, bu insanları qanunsuz işlədirlər».

Mingəçevir Su Elektrik Stansiyası
Mingəçevir Su Elektrik Stansiyası
Bunu Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir.

XƏBƏRDAR QURUMLAR NİYƏ SUSURLAR?

Ekspert bunu bir səbəblə izah edir:

«Belə çıxır ki, bu qurumların hamısı məlumatlıdır. Amma siyasi iradə çatmır ki, həmin şəxsləri Azərbaycana gətirən, qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etsinlər».

«Azərenerji» isə 2 aydır ki, AzadlıqRadiosunun Su Elektrik Stansiyasının yenidən qurulmasında Çin fəhlələrinin işlədilməsi ilə bağlı sorğusuna cavab vermir.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyində 2011-ci ilin iyul ayına olan məlumata görə, 9163 əcnəbi Azərbaycanda icazə əsasında əmək müqaviləsi ilə işə cəlb olunub. Onlardan 595 nəfəri Çin Respublikasının vətəndaşıdır.
XS
SM
MD
LG