Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:20

Məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyasına baxış keçirib


Əvəz Zeynallı
Əvəz Zeynallı
Oktyabrın 19-da Ədliyyə Nazirliyi Nərimanov rayon məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyasına baxış keçirib. Redaksiyada 6 saat siyahıya alınma gedib.
Bu haqda AzadliqRadiosuna qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib. Deyib ki, məhkəmə icraçıları redaksiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural”a qarşı iddiası üzrə çıxarılmış qərara görə gəliblər.
Əvəz Zeynallı məhkəmə icraçılarının redaksiyaya baxışını qanunsuz sayır: “Biz Ramiz Mehdiyevin iddiası üzrə çıxarılmış qərarın icrasının dayandırılması üçün Nərimanov rayon məhkəməsinə müraciət etmişik. İşə məhkəmədə baxıldığı bir vaxtda icraçıların gəlib əmlaka baxış keçirməsi hüquqdan kənardır. Özü də məhkəmə icraçıları bundan əvvəl redaksiyanın əmlakını siyahıya alıblar. Bu günkü baxışda redaksiyanın bəzi yeni avadanlıqlarını da siyahıya aldılar”.
Məhkəmə icraçıları redaksiyada ikinci dəfə baxış keçirməsini qəzetin gendəlik çıxması, yeni avadanlıqların alınması ilə izah edib.
“Xural” qəzeti 2002-ci ildən fəaliyyətə başlayıb. Bu ilin sentyabrın 20-dən hər gün çıxmağa başlayır.
Keçən il Nərimanov rayon məhkəməsi Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı iddiasına baxıb. Məhkəmə qərarına görə, “Xural” qəzeti 23 may 2010-cu il sayında verdiyi “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanları təkzib etməli, üzr istəməli və 10 min manat təzminat ödəməlidir.
Yuxarı məhkəmə instansiyaları bu qərarı qüvvədə saxlayıb. Redaksiya bununla razılaşmayaraq, qarşılıqlı iddia qaldırıb. Əvəz Zeynallı deyir ki, “bu halda məhkəmə icraçılarının əmlakı siyahıya almaq hüququ yox idi”.
Redaktorlar Şurası baş verənlərlə bağlı narahatlığını bildirib və bunu hökumətin Azərbaycanda azad mətbuata təzyiqi üzrə növbəti addım adlandırıb.
XS
SM
MD
LG