Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:48

Nazirlər Kabineti 3 aya görməli olduğu işi 6 ilə niyə görə bilmir?


Nazirlər Kabinetinin binası
Nazirlər Kabinetinin binası
-
«GƏLİR BƏYANNAMƏSİNİN TƏQDİM OLUNMASI ONA GÖRƏ ƏHƏMİYYƏTLİDİR Kİ»
«Konstitusiya» Araşdırmalar Fondu Gəlir bəyannaməsinin layihəsini hazırlayıb. Fondun rəhbəri Əliməmməd Nuriyev deyir ki, vəzifəli şəxslərin gəlir bəyannaməsini təqdim etmələri korrupsiyaya qarşı mübarizədə önləyici tədbirdir:
«Gəlir bəyannaməsinin təqdim olunması ona görə əhəmiyyətlidir ki, biz vəzifəli şəxslərin fəaliyyətinin dürüst və qərəzsiz olduğunu, bu prosesdə onların gəlirlərinin artım dinamikasını diqqətdə saxlaya bilək. Bəyannamə həm də ona görə lazımdır ki, şəxsi və xüsusi maraqların ictimai maraqlarla toqquşmasının qarşısını almaq mümkün olsun».
ÜÇ AYLIQ TAPŞIRIQ ALTI İLDİR YERİNƏ YETİRİLMİR
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev gəlir bəyannaməsi formasını Nazirlər Kabineti və digər aidiyyatı qurumlara göndərəcəklərini də bildirir.
Azərbycanda gəlirlərin bəyannaməsi haqqında qanunun 2005-ci ildə qəbul olunub. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər.
Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib.
Amma aradan illər keçsə də, Nazirlər Kabineti həmin formanı hazırlayıb ərsəyə gətirə bilmir. Bu səbəbdən də 6 ilə yaxındır ki, bu məsələ düyünə düşüb.
NAZİRLƏR KABİNETİ NƏ GÖZLƏYİR?
Bəs, niyə Nazirlər Kabineti prezidentin 5 il əvvəl verdiyi tapşırığı hələ də yerinə yetirməyib? Doğrudanmı, bəyannamə formasını hazırlamaq belə müşkül məsələdir? Bu suallara Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlidən cavab almaq istədik. Dedi ki, bu məsələ barədə onlarda heç bir məlumat yoxdur.
Nazirlər Kabineti bəyannamə formasını hazırlamadığı üçün hələ də Azərbaycanda vəzifəli şəxslər öz gəlirləri barədə necə deyərlər hesabat vermirlər.
Ona görə də hazırda Azərbaycanda məmurların, eləcə də onların ailə üzvlərinin əmlakları və il ərzində əldə elədikləri gəlirləri barədə heç bir yerdə rəsmi məlumat yoxdur.
CİNAYƏT MƏSULİYYƏTİ OLMALIDIR
Halbuki, həmin qanun işləsəydi, vəzifəli şəxslər ildə bir dəfə bu məlumatı vermək məcburiyyətində qalacaqdılar. Əliməmməd Nuriyev deyir ki, qanunda gəlirlər barədə hesabatın düzgün verilməmsi və ya ümumiyyətlə verilməsindən boyun qaçırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Amma o hesab edir ki, yalnız inzibati cəza ilə bu işi irəli aparmaq olmaz. Əliməmməd Nuriyevin fikrincə, qanunda buna görə cinayət məsuliyyəti də nəzərdə tutulmalıdır.
Vahid Əhmədov
Vahid Əhmədov
Parlamentdə dəfələrlə bu məsələni gündəliyə gətirən deputat Vahid Əhmədov deyir ki, ümumi ictimai-siyasi vəziyyəti nəzərə alanda aydın olur ki, hazırda Azərbaycanda bu qanunu icra etmək mümkün deyil.

Onun fikrincə, əvvəl maliyyə amnistiyası elan olunmalıdır ki, insanlar gəlir deklarasıyasını təqdim edəndən sonra indiyədək qazandıqlarını itirməyəcəklərinə əmin olsunlar. Vahid Əhmədov deyir ki, onlar bilməlidirlər ki, bir gün cinayət axtarış qurumları qapılarını kəsdirməyəcək.
«DÖVLƏT BAŞÇISI DA GƏLİR DEKLORASİYASI DOLDURMALIDIR»
«Düzdür, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. Amma nə səviyyədə aparılır, hansı komissiyalar ona rəhbərlik edir, biz hamımız yaxşı bilirik. Yəni cəmiyyətin özündə müəyyən proseslər getməlidir ki, insanlar gəlir deklorasiyasını təqdim etməyin zəruriliyini anlasınlar.

Adi bir həkimi, sosial müdafiə işçisini həbs etməklə korrupsiya aradan qalxası deyil. Əgər hökumətin bəzi üzvləri, şirkət rəhbərləri korrupsiyanın içindədirlərsə, gəlir deklorasiyasını doldurub təqdim etmək qeyri-mümkündür. Özü də gəlir deklorasiyasını dövlət başçısından tutmuş aşağıya qədər hamı doldurmalıdır».
GƏLİR DEKLORASİYASI ÜÇÜN SİYASİ İRADƏ LAZIMDIR
Vahid Əhmədov inanmır ki, hökumət «Konstitusiya» Araşdırmalar Fondunun Gəlir bəyannaməsi formasını bəyənib gerçəkləşdirəcək. Deyir ki, iqtisadçı qruplar, ayrı-ayrı mütəxəssislər xeyli yaxşı layihələr hazırlayıb təqdim etsələr də heç biri həyata keçirilmir. Vahid Əhmədovun fikirincə, gəlir deklorasiyasının həyata keçirilməsi üçün vaxt və siyasi iradə lazımdır.
Rövşən Ağayev
Rövşən Ağayev
Bu sahədə araşdırma aparmış iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, bəzi ölkələrdə hesabatın düzgün verilməməsi və ya ondan boyun qaçırılması hallarına da yetərincə rast gəlinir.

Ona görə də uğurlu təcrübələrdə bu sistemin effektli işləməsinə şərait yaradan elementlərin nədən ibarət olmasını diqqətə saxlamaq çox vacibdir:
«Əgər vəzifəli şəxs bəyannaməni təqdim etməkdən boyun qaçırdarsa, yaxud onu tam doldurmazsa, qanunvericiliyin tələbini pozarsa, hansı sanksiyalar olmalıdır? Bizim qanunvericilikdə bu məsələdə boşluq var.

KÖNÜLLÜ BƏYANNAMƏLƏR DƏ VAR, AMMA...

Çox vacib məsələlərdən biri, gəlir bəyannamələrinin hansı məlumatları əhatə etməsidir. İctimaiyyətə açıqlanma üzrə tələblər necə olmalıdır, yəni məcburi, ya əksinə? Gəlir bəyannaməsi təqdim olunandan sonra onun etibarlılığının nə dərəcədə yoxlana bilməsi və sair. Bax, bu elementlər əgər qanunvericilikdə varsa, deməli bu sistem mövcud dünya reallığı çərçivəsində effektiv mexanizm sayıla bilir».
Ekspertin sözlərinə görə gəlirlər barədə hesabatın verilməsi, qanunun məcbur etdiyi ölkələrlə yanaşı məcburi sayılmadığı ölkələr də var. Məsələn, Britaniyada vəzifəli şəxslərin gəlirləri barədə məlumat vermələri məcburi deyil. Amma ekspertin əlavə edir ki, bu ölkədə məmurlar özləri könüllü olaraq bu hesabatı verirlər.
Rövşən Ağayev deyir ki, kimin gəlirlərinə dair hesabat verməli olması sahəsində də təcrübə müxtəlifdir. Əksər ölkələrdə dövlət başçısından tutmuş adi məmura qədər hamı hesabat verməlidirsə, elə ölkələr də var ki, yalnız yüksək çinli məmurların hesabat verməsi məqbul sayılır.

Ekspert deyir ki, ikinci tip ölkələrdə hesab edilir ki, ən yuxarı səlahiyyət sahibləri korrupsiyaya qurşanmasalar, aşağıda belə hallar baş verməz.
XS
SM
MD
LG