Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:06

Daşqın bölgəsində tikilən evlərin daman tavanları, dağılan döşəmələri


Kür daşqını qurbanları üçün tikilən evlərin qüsurları
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Video

«Bax buna, gör hansı vəziyyətdədir. Bu nədir? Bunun günahını dövlətin üzərinə qoymaq olmaz. Yerdə işləri gördürənlərin səhlənkarlığı üzündən belə bir vəziyyət yaranıb».

Bu bizi bir il əvvəl salınan Allahmədətli qəsəbəsindəki evlərin problemləri ilə tanış edən qəsəbə sakini, Yeni Azərbaycan Partiyasının üzvü Xanoğlan Aslanovdur. Oktyabrın 26-sı, yağmurlu havada adıçəkilən qəsəbəyə çatanda, jurnalist gəldiyini eşidib-bilən hamı evlərinin vəziyyətini göstərmək istəyirdi. Kimi eyvanın döşəməsinin çökdüyünü, kimi də otaqların tavanından suyun damdığını göstərirdi:

- Bizim evə də gəlin baxın! Yarıya qədər ev zay olub.

- Çoxdan damır?

- Hə....

«HARA GEDİB AYRILAN PULLAR?»

Qəsəbə sakinlərinin deməsinə görə, onlara bildirilib ki, 2-3 otaqlı evlərin biri təqribən 35-50 min manata başa gəlib. Amma Xanoğlan Aslanov bu qədər vəsaitin hamısının evlərə xərclənməsinə şübhə ilə yanaşır:

- Bura göndərilən material hara gedib? Bu işlərə lazımı büdcə ayrılıb. Taxta göndərilib, şifer göndərilib, nə üçün sən binaları belə bir vəziyyətdə tikmisən? Hara gedib ayrılan pullar, hara gedib göndərilən materiallar, hara gedib büdcənin pulları? Rayon rəhbərliyi hara baxıb? Sizinlə birgə gördüyümüz acınacaqlı vəziyyət YAP-ın üzvü kimi məni çox narahat edir. Bunun hamısı qurban olsun prezidentimizə.
Dağılan tavan
Dağılan tavan
Sadəcə, biz nə vaxta qədər bir-birimizi aldadacağıq?

DAMAN YERLƏRİN EYBİ VEDRƏ, LƏYƏNLƏ ÖRTÜLÜR

Damları düzəldə bilməsələr də, bəzi sakinlər yağış suyunun evə axmasının qarşısını almağın yollarını tapıb. Yağış başlayan kimi adamlar dam örtüyünün su axan yerlərinin altına vedrə-ləyən qoymaqla yağış suyunun birbaşa evə tökülməsinin qarşısını alırlar. Amma bu da evə bir neçə yerdən su damanda effekli olur. Yağış çox yerdən damanda isə vəziyyəti seyr etməkdən başqa çarələri qalmır.

KEYFİYYƏTSİZ İŞ ADAMLARI ŞİKƏST EDİB

Qəsəbənin ən qocaman sakini, yaşı 80-i haqlayan Bilqeyis nənəgildə olanda, o, yorğan-döşəkdə yatırdı. Dediyindən aydın oldu ki, 10 gün əvvəl həyətə düşmək istəyəndə yıxılıb. Amma o yıxılmasına səbəb qocalığı yox, eyvanın döşəməsindəki kafellərin, onun dili ilə desək kaşının keyfiyyətsiz vurulmasını göstərir:

- Elə ilk gündən dammağa başlayıb. Biz bura köçəndən yağır, biz də yağışın altındayıq. Axı belə olmaz. Bu evlərin içində canlı yaşayır, canlının başının üstünə yağış tökülər? Olmaz! Allah prezidentimizi var eləsin, onu üstümüzdən əskik eləməsin. Amma bu belə də olmaz axı...

Bilqeyis nənə
Bilqeyis nənə
​Qəsəbə sakini Adilə Aslanova da eyvanın çökməsi səbəbindən yıxılıb. Amma o, həmin vaxt qucağındakı 6 aylıq Ayanın xəsarət almamasına şükür edir:

- Gecə gəldim ki, bu uşağı qoyam yerinə, eyvana qalxanda, birdən ayağımın altı çökdü. Arxası üstə yıxıldım, amma yaxşı ki uşağı buraxmadım.

Qəsəbədə olduğumuz zaman icra nümayəndəliyinin də deyilənlərə münasibətini öyrənmək istədik. Amma xeyli axtarsaq da nümayəndəlikdən kimsəni tapa bilmədik.
İcra nümayəndəliyinin qonşuluğundakı mədəniyyət evində də olduq. Mənzillərdə olduğu kimi, mədəniyyət evinin də tavan və divarlarından su axırdı. Mədəniyyət evinin çöl divarında isə prezident İlham Əliyevin hansısa görüşünü əks etdirən böyük foto və ondan gətirilən sitat bu vəziyyətlə əsil təzad təşkil edirdi. Həmin sitat belə idi:

«BİZİM ƏSAS İSTƏYİMİZ ODUR Kİ, İNSANLAR RAHAT VƏ TƏHLÜKƏSİZLİK ŞƏRAİTDƏ YAŞASINLAR»

Qəsəbə sakinləri yeni yaşayış məntəqəsinin açılışı zamanı prezidentə yalan məlumatlar verildiyini də bildirdilər. Sakinlərin dediyinə görə, prezidentə su təmizləyici qurğuların tam işlək olduğu, bütün evlərə mebel verildiyi deyilsə də, əslində su təmizləyici qurğular bir gün də işləməyib:

Su içində qalan yollar
Su içində qalan yollar
​- Guya burda su təmizlənib, evlərə təmiz su verilməli idi, hamısı yalandan. Bu da məktəbin guya qızdırıcısıdır.

Qaldı ki evlərə mebel və digər avadanlıqlar verilməsinə sakinlər deyir ki, prezidentin qəsəbəyə gəlişinə görə cəmi iki evə mebel verilibmiş. Amma həmin mebellər də prezident qəsəbəni tərk edən kimi tez də adamların əlindən alınıb:

«GÜLLƏRİN BUDAĞINI KƏSİB TORPAĞA BASDIRMIŞDILAR Kİ...»

- Burda məktəbin meydançasına başqa yerdən öt gətirib döşəmişdilər. Hətta güllərin budağını kəsib torpağa basdırmışdılar ki, prezident görsün hər yer gül açıb.

«DİVARI YEYİB YAŞAMAYACAĞIQ Kİ?»

Qəsəbə sakinlərinin şikayəti təkcə evlərinin yararsızlığı ilə bağlı deyil. Adamlar həm də işsizlikdən şikayətçidirlər. Maarif Rəhimov deyir onları elə yerə gətirib çıxarıblar ki, indi kəndli kimi yaşamaqdan da məhrum olublar:

- Yaşaya bilmirik, qırılırıq, iş yox, güc yox. Mən su basan kənddə meşənin qırağında mal-qara saxlayıb dolanırdım. Prezidentimiz sağ olsun, bizə böyük iş görüb. Amma yaşamaqda lazımdır axı, biz də yazığıq, divarı yeyib yaşamayacağıq ki?.

Su gəlməyən bulaqlar
Su gəlməyən bulaqlar
QAYIDIŞ...

2010-cu ilin mayında Kür çayının daşması nəticəsində su altında qalan kürqırağı Hacı Mustafalı, Allahmədətli kəndlərinin sakinləri, Telişli kəndindən isə 30-a yaxın ailə İmişli-Kürdəmir magistralının bir neçə yüz metrliyində salınan 104 evli Allahmədətli qəsəbəsinə köçürülüb. Sakinlər deyir ki, ilk vaxtlar hamı yeni qəsəbəyə köçü sevinclə qarşılasa da, sonradan üzə çıxan problemlər, işsizlik çoxunun geri, köhnə evlərinə dönməsinə səbəb olub. İndi qəsəbədəki 104 evin cəmi 30-40-da daimi yaşayış var:

- Bax, sənə sual verirəm - burda adam nə yesin-içsin yaşasın?

Qəsəbə sakinlərinin tələbi odur ki, evləri yenidən təmir edilsin, onlara iş üçün şərait yaradılsın.

FHN ARAŞDIRMALARA BAŞLAYIB

Fövqəladə Hallar Nazirliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyir ki, yeni qəsəbədəki problemlər barədə bir neçə gün əvvəl məlumat alıblar və əraziyə yoxlama göndərilib:

Evlər
Evlər
​- Ora yoxlama göndərmişik və gələn həftə həmin yoxlamaların nəticəsi olacaq.

Rəis müavini evlərdə üzə çıxan problemlərin tikintinin qısa müddətdə həyata keçirilməsi ilə bağlı ola biləcəyini güman edir:

- Vaxtın azlığından tikinti proseduralarına tam əməl oluna bilməyib. Ola bilər, bununla bağlı problemlər var. Elə bir problemlər varsa, bizim yoxlamalar gəlsin, onlara bir əlac qılacağıq.

Bir evin tikintisinə nə qədər vəsaitin ayrılmasına gəldikdə, Elxan Əsədov əlinin altında sənədlər olmadığı üçün bu suala dəqiq cavab verə bilməyəcəyini bildirdi.

9 YAŞLI EMİL VƏ ONLARIN 60 SAYLI EVLƏRİ

Qəsəbədən çıxanda, arxamca balaca bir oğlanın qaçdığını görüb ayaq saxladım. Onun nə istədiyini soruşdum:

- Ay dayı 60 nömrəli evi də çəkərdiniz də?

- Sizin evə də yağış damır?

- Yox, bizim evə dammır, pilləkən uçub...

Allahmədətli qəsəbəsindən çıxanda artıq qaranlıq düşürdü. Bir az da qalsaydım yəqin ki, qaranlıq bütün eyibləri örtəcəkdi...
XS
SM
MD
LG