Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:33

Rafiq Əliyev: «Qavraya bilmirəm ki, Harvardın məzunu türmədədi»


Rafiq Əliyev
Rafiq Əliyev
Ziyalılar Forumunun nümayəndələri Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən və Eldar Namazov Ədliyyə Nazirliyinə müraciət ediblər. Məqsəd həbsdəki gənc fəallarla görüşə icazə almaqdır. Bu haqda akademik Rafiq Əliyev AzadlıqRadiosuna deyib.

«MƏN ONU QAVRAYA BİLMİRƏM Kİ, HARVARD MƏZUNU BU GÜN TÜRMƏDƏDİR»

- Rafiq müəllim, həbsxanada kimlərlə görüşməyi planlaşdırırsız?

- O adamlarla ki, hüquqi baxımdan buna icazə var.

- Bəxtiyar Hacıyevlə görüşməyi planlaşdırırdız. Bu reallaşa bilərmi?

- O asılıdır, hüquq müstəvisində mümkündürmü? Əlbəttə ki, belə bir arzu var. Mən onu qavraya bilmirəm ki, Harvard Universitetinin məzunu bu gün türmədədir.

- Amma rəsmilərin bununla bağlı belə bir arqumenti var ki, qanunu pozan cəzalandırılmalıdır. Qanun kiminsə Harvard Universitetini bitirib-bitirməsinə baxmır.

- Təbii, mən razıyam. Ancaq siz dediyiniz, o qanun gərək ireraxiya boyu hamıya tətbiq olunsun.

- Hamıya deyəndə kimləri nəzərdə tutursuz?

- Elə bütün Azərbaycan vətəndaşlarını.

- Yəni hesab edirsiz ki, məmur övladları da hərbi xidmətdə olmalıdırlar?

- Mənim bu haqda məlumatım yoxdur. Bizim müraciətdə hicabla bağlı da bir maddə var. Əgər qanun olsaydı ki, orta və ali məktəbdə hicab gəzdirmək olmaz, bunu müzakirə etmək olardı, yəni Konstitusiyadakı vicdan azadlığı maddəsi ilə bu konfliktdədir. Amma belə qanun yoxdur. Ona görə müraciətdə dedik ki, bunu məktəblərə, ya da Təhsil Nazirliyinin öhdəsinə buraxmaq lazım deyil. Bunu qanun müstəvisində həll etmək lazımdır. Biz cəmiyyətə müraciət etmişik.

«ZİYALILAR SİYASƏTƏ QARIŞMIRLAR»

- 2010-cu ildə ziyalıların birinci Forumu keçirildi və ictimaiyyətdə maraqla qarşılandı. Hətta belə düşünənlər oldu ki, 1980-ci illərin sonunda olduğu kimi ziyalılar hərəkətə gəlir. Amma getdikcə elə bil forumların effekti azalmağa başladı.

- Mən elə düşünmürəm. Qəti zəifləməyib. Hətta birinci müraciətlə indiki müraciətə baxsanız daha ciddi olacağını görəcəksiz. İkincisi, son forumdan bir ay keçib, amma noyabrın 4-də növbəti forum keçirilməlidir. Yəni yığıncağı tezləşdiriblər, cəsarətlə fikirlərini deyirlər. Bir də onu yadda saxlayın ki, ziyalılar siyasətə qarışmırlar.

«ZİYALININ İDEOLOJİ BORCU OLMAMALIDIR, YOXSA BASQILARLA ÜZLƏŞƏCƏK»

- Noyabrın 4-dəki forumda nələri müzakirə edəcəksiz?

- Bu dəfə mövzu belədir: «Milli birlik: yollar və şərtlər».

- Niyə bu mövzunun üstündə durdunuz?

Ziyalılar Forumunun görüşü. 29 sentyabr 2011
Ziyalılar Forumunun görüşü. 29 sentyabr 2011
- Qətiyyən istəmirəm ki, Azərbaycanda kataklizmlər olsun. Vallah hamımız bunu düşünməliyik ki, iqtidarlı müxalifətli... Mən qətiyyən müxalifət tərəf deyiləm, heç bir partiyanın üzvü də deyiləm. Ziyalılığın ən birinci meyarı ideoloji yükün, borcun olmamasıdır. Onda sənə ideoloji basqılar olacaq. Biz deyirik ki, iqtidar, müxalifət, ziyalı, xalq hamı bir-birini eşitsin. Bu gün heç kim bir-birini eşitmək istəmir.

- Eşitmirlərsə, necə bir araya gələcəklər? Ziyalı bu birliyin yaranması üçün hansı şəkildə təkan, impuls verə bilər?

- Ziyalının borcu ağrıyan yeri göstərməkdir. Müalicə edə bilməz.

- Amma yol göstərə bilər. Sizin göstərəcəyiniz yol maraqlıdır.

- Mənim təfəkkürüm qeyri-səlis məntiqinə uyğundur. Aristotel məntiqində ya dost var, ya düşmən. Qeyri-səlis məntiqin özəyi budur ki, dünyaya tolerant ol. Mən bircə şey arzulayıram – tolerantlıq, «mənəm-mənəm»lik yox. Allahın ən sevmədiyi şey budur.

- Amma haqsızlığa, kimsə günahsız həbs olunursa, azadlıqları pozulursa buna necə tolerant yanaşmaq olar?

- Tolerantlıq bu deyil. Odur ki, günahsızı həbsə atmasınlar. Mən o tolerantlığı deyirəm. Lenin deyirdi ki, kim bizimlə deyil, düşmənimimzdir. Demokratiyanın diktaturadan birinci fərqi tolerantlıqdır.

«BELƏ OLMAZ!»

- Rafiq müəllim, bu ölkədə yaşamaq sizə çətin deyil?

- Əlbəttə çətindir. Bu haqsızlıqları görəndə... Mən buna dözə bilmirəm, haqsızlığa dözə bilmirəm. Bu forumların da məqsədi odur ki, deyək: «Belə olmaz!» Kim eşidər, eşitməz deyə bilmərəm. Amma mənim üçün dominant məsələ budur: demokratiya üstəgəl əxlaq.

- XXI əsrdir, elm-texnologiya inkişaf edir, amma əxlaq, lap elə insan azadlıqları kimi məsələlərdə hələ də bəzi cəmiyyətlərin problemləri var. Az qala orta əsrlər səviyyəsində.

- Ola bilər bu, Allahın işidir. O biri tərəfdən də bu gün dünyada səsi eşidilənlər idealistlərdir. Onlar yeni dünya düzümü istəyirlər. Bu ərəb baharı da, ərəb küləkləri də dünyada yeni düzən istəyi ilə bağlıdır. Düşünmürəm ki, neft üstündədir, su üstündədir. Dünya ədalətə hamilədir. Dünya ədalət istəyir. Bəyəm Liviyada insanların dolanışığı pis idi? Yox. Dünyaya bu gün ədalət lazımdır.

- Azərbaycanda da bu proses gedirmi?

- Azərbaycan da dünyanın bir parçasıdır. Düşünürəm ki, dünya düzənində yerini tapacaq.

- Bəzən deyirlər ki, xalqlar onları idarə edən hakimiyyətə layiqdirlər. Necə bilirsiz Azərbaycan xalqı bu hakimiyyətə layiqdirmi?

- Bir az çətin sualdır. Xalqı günahlandırmaq olmaz və düzgün deyil. Amma əminəm ki, Azərbaycanda da islahatlar gedəcək və dünya düzənində yerini tapacaq. Burda da aparıcı qüvvə gənclər olacaq.
XS
SM
MD
LG