Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:38

ABŞ: "Ən böyük iqtisadi kiber oğrular Çin və Rusiyadır"


Noyabrın 4-də «The Washington Post» qəzetində Ellen Nakashima kiber cinayətkarlıqla bağlı məqalə yazıb. Məqaləni təqdim edirik:

Kompüter vasitəsilə ABŞ-dan sənaye və ticarət məlumatlarının oğurlanması o həddə gəlib çatıb ki, bu oğurluq artıq ölkənin iqtisadiyyatı və milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilib. Amerikanın əks-kəşfiyyat idarəsinin Konqresə təqdim etdiyi hesabatda belə deyilir.

Hesabatda Amerikaya qarşı yönəlmiş kiber casusluğun əsasən Çin və Rusiya tərəfindən həyata keçirildiyi bildirilir.

Hər il ABŞ-ın hökumət idarələrinin, korporasiyalarının və tədqiqat institutlarının kompüter şəbəkələrindən on milyardlarla dollarlıq məxfi ticarət sirləri, texnologiya və əqli mülkiyyətlər oğurlanır. ABŞ iqtisadiyyatının zəiflədiyi bir vaxtda bu cür informasiya oğurluğunun sürətlənməsi ABŞ rəsmilərini vadar edib ki, öz iqtisadi mənfəətləri üçün online casusluq edən ölkələrin adlarını konkret ictimaiyyətə açıqlasın.

Amerikanın kompüter şəbəkələrinə hücum edən hakerlər dünyanın müxtəlif ölkələrindən olsalar da ABŞ-ı narahat edən əsas iki mənbədir – Çin və Rusiya.

HESABATA GÖRƏ, ƏN FƏAL VƏ İSRARLI CASUSLUQ ÇİNDƏN HƏYATA KEÇİRİLİR


Hesabatda deyilir ki, amerikalıların beyinlərinin minlərlə saatlıq işinin əməyi bir saniyədə Amerikanın rəqiblərinə ötürülür.

Çin səfirliyinin sözçüsü Wang Baodang ABŞ-ın bu iddialarını təkzib edib. Deyib ki, Çin qanunsuz kiber fəaliyyətin istənilən formasına qarşıdır. O, əksinə, Çinin kompüter şəbəkələri üçün ən böyük təhlükənin ABŞ-dan gəldiyini bildirib. Rusiya səfirliyi isə ümumiyyətlə, şərh verməkdən imtina edib.

Ekspertlər bildirirlər ki, məlumatların belə oğurlanmasının bir səbəbi şirkətlərin öz kompüter sistemlərinin müdafiəsini möhkəm qura bilməməsidir. Digər səbəb də hökumətin və eləcə də şirkətlərin onların kompüter şəbəkələrinə edilən haker hücumlarının detalları barədə açıqlamama verməməsidir.

Kəşfiyyat rəsmilərindən biri son 6 il ərzində barəsində cinayət işi açılmış iqtisadi casusluq hallarından bir neçəsini açıqlayıb. Bunları arasında Dow Chemical şirkətindən 100 milyon dollar dəyərində insektsit araşdırmasının nəticələri, DuPondan 400 milyon dollar dəyəri olan kimyəvi formullar, Motoroladan 600 milyon dollarlıq patent məlumatları və Valspardan dəyəri 20 milyon dollar qiymətləndirilən boya formullarının oğurlanması halları var.

Hesabatda deyilir ki, 2010-cu il ərzində cinayət işi başlanmış 7 belə oğurluq halından altısının izi Çinə gedib çıxır.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG