Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

Naxçıvanda avtomobillər üçün nömrələrin qiyməti fərqlidir?


Naxçıvanda keçə
Naxçıvanda keçə
Naxçıvan Muxtar Respublika Dövlət Yol Polisi İdarəsindən şikayətçiləri eşitdikcə bilmirsən nədən başlayıb, nədən qurtarasan. Bu şikayətləri bir neçə təsnifata da bölmək olar. Kimisi müddəti bitmiş sürücülük vəsiqələrinin yenisi ilə əvəzlənməsində qarşılaşdıqları problemlərdən, kimisi də Bakıdan gətirdikləri avtomobili Naxçıvanda satmaq istəyərkən qarşılaşdığı inzibati maneələrdən şikayətlənir. Bir başqası da nömrə nişanlarına istənilən məbləğdən dad deyir.

Vaqif Cəfərov deyir ki, Naxçıvanda daimi qeydiyyatda olsa da, müvəqqəti olaraq Bakı şəhərində yaşayır. Bu yaxınlarda Naxçıvana yolu düşdüyündən, müddəti başa çatmaq üzrə olan sürücülük vəsiqəsini yenisi ilə əvəzləmək qərarına gəlib. Vaqif Cəfərov deyir ki, sürücülük vəsiqəsini dəyişmək üçün müraciət etdiyi Dövlət Yol Polisi İdarəsində ondan 100 manat pul istəyiblər:

«BİR AZ DANIŞDIQDAN SONRA 90 MANATA ENDİRDİM»

«Sürücülük vəsiqəmin vaxtının bitməsinə ay yarım qalırdı. Fikirləşdim ki, gəlmişkən, vəsiqəmi alım. Getdim yol polisinə, məndən 100 manat istədilər. Bir az danışdıqdan sonra 90 manata endirdim. Dedilər verməsən mümkün deyil. Sonra dedilər ki, istəyirsən vəsiqənin vaxtı bitəndən sonra gəlib, 60 manata ala bilərsən».

Digər Naxçıvan sakini Qasım Bağırov isə deyir ki, bu yaxınlarda Bakı şəhərindən 2010-cu il istehsalı olan bir avtomobil alaraq muxtar respublikaya gətirib. Bakıdan gətirdiyi avtomobili bir müddət sonra etibarnamə ilə satmaq istədikdə, ondan texniki pasportu dəyişib, həmin avtomobilə Naxçıvan seriyası olan yeni dövlət nömrə nişanı almaq tələb olunub:

«HƏMİN NÖMRƏ ÜÇÜN MƏNDƏN 500 MANAT PUL İSTƏDİLƏR»

«Gücnən müştəri tapmışdım ki, maşınımı satam. Etibarnaməni verəndən sonra getdik «QAİ»yə ki, avtomobili müştərinin üzərinə qeydiyyata salaq. «QAİ»də dedilər ki, qıraqdan gətirilən maşınları etibarnamə ilə burada satmaq üçün gərək mütləq 85-lə başlayan nömrə alasan. Həmin nömrə üçün məndən 500 manat pul istədilər. Mən onsuz da maşını aldığımdan ucuz satmaq istəyirdim. Bir tərəfdən də bunlar məndən əlavə pul istəyirlər. Mənim qazancım nə olacaq? Niyə Azərbaycanın istənilən bölgəsində etibarnamə ilə maşın satmaq olar,
Kamran Əliyev
Kamran Əliyev
Naxçıvanda olmaz?».

Hər iki şikayətlə bağlı Naxçıvan Muxtar Respublika Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarədən dövlət nömrə nişanlarının 500 manata satılması ilə bağlı iddianı rədd etdilər. Müddəti bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün alınan 90 manat pulun isə idarənin daxili kassasına ödənildiyini bildirdilər.

Azərbaycan Dövlət Yol Polisi İdarəsinin mətbuat məsələləri üzrə katibi Kamran Əliyev isə bildirir ki, istər sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı vətəndaşlardan 90 manat alınması, istərsə də yeni nömrə nişanlarının 500 manata satılması ilə bağlı iddiaları araşdırmaq üçün yazılı surətdə onlara müraciət etməlidirlər. O hesab edir ki, istənilən Azərbaycan vətəndaşı etibarnamə ilə idarə etdiyi maşını daimi yaşadığı ərazinin yol polisi idarəsində qeydiyyata sala bilər:

«OLA BİLƏR Kİ, VƏTƏNDAŞIN ETİBARNAMƏSİNDƏ QEYDİYYATA SALMAQ ÜÇÜN YER YOXDUR...»

«Ola bilər ki, vətəndaşın etibarnaməsində qeydiyyata salmaq üçün yer yoxdur. O zaman deyə bilər ki, get texniki pasportu dəyiş».

Hüquqşünas Ərşad Hüseynov bildirir ki, qanunla müddəti bitmiş sürücülük vəsiqəsinin yenilənməsi üçün dövlət rüsumu cəmi 15 manatdır:

«POLİSİN HƏR HANSI MƏSƏLƏYƏ GÖRƏ BİR QƏPİK DƏ ALMAQ HÜQUQU YOXDUR»

«Azərbaycanda dövlət rüsumu və yol hərəkəti haqqında qanun var. «Yol hərəkəti haqqında»
Ərşad Hüseynov
Ərşad Hüseynov
qanun sürücülük vəsiqəsinin dəyişdirilməsi qaydasını tənzimləyir, «Dövlət rüsumu haqqında» qanunda da həmin xidmətlərə görə ödənəcək məbləğ göstərilir. Bu qanun Naxçıvanda da qüvvədədir. Polisin heç bir kassası olmur. Polisin hər hansı məsələyə görə bir qəpik də almaq hüququ yoxdur. Banka ödənilməlidir, qəbizi gətirib polisə təqdim etdikdən sonra vəsiqəni almalıdır».

Hüquqşünas daha sonra bildirdi ki, nəqliyyat vasitəsi etibarnamə ilə digər şəxsə verilərkən, yeni nömrə nişanının alınmasına da ehtiyac yoxdur. O həmçinin bildirdi ki, dövlət nömrə nişanlarının rüsumu 18 manat olduğundan, həmin nömrələrin 400-500 manata satılması qanunsuzluqdur:

«BU, ARTIQ POLİSİN ÖZ SƏLAHİYYƏTİNDƏN KƏNARA ÇIXMASIDIR»

«Nəqliyyat vasitələri 10 gün müddətinə yol polisində qeydiyyata alınmalıdır. Bu, artıq polisin öz səlahiyyətindən kənara çıxmasıdır. Azərbaycanda belə praktika yoxdur, qanunvericiliyin belə tələbi yoxdur. Digər yerlərdə eşitdiyimə görə, nömrə nişanının dəyişəndə 200 manat rüşvət alırlar. 400-500 manat isə rüşvətin kəllə çarxa çıxmasıdır. 500 manatı kim istəyirsə, bu, rüşvətdir. Bunun başqa adı yoxdur».
XS
SM
MD
LG