Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Misirdə seçkilər keçirilir


Misir. Paytaxt Qahirədə seçicilər seçki məntəqəsinin önündə
Misir. Paytaxt Qahirədə seçicilər seçki məntəqəsinin önündə
Misirdə keçirilən bu günkü parlament seçkilərində seçicilər seçki məntəqələrinin qarşısında uzun növbələr yaradıb. Bu seçkilər sabiq prezident Hosni Mubarakin fevralda devrilməsindən bu yana Misirin siyasi həyatı üçün ilk böyük sınaqdır.
Seçkilər nəticəsində parlamentin aşağı palatası formalaşmalıdır. Parlament isə gələn ilin iyununda keçiriləcək prezident seçkilərinə qədər yeni Konstitusiya layihəsini hazırlayacaq komitə formalaşdıracaq.
Bu gün seçkilərin ilk raundu – aşağı palataya seçkilər keçirilir. Bundan sonra daha iki raund keçiriləcək. Bu prosedur gələn ilin yanvarına qədər davam edəcək. Bundan sonra isə mart ayında parlamentin yuxarı palatasına seçki keçiriləcək.
HƏRBİ ŞURA SİYASİ DƏYİŞİKLİK İSTƏMİR?
Son günlər Tahrir meydanında keçirilən etiraz aksiyaları iştirakçılarının fikrincə, siyasi dəyişikliyin ləng getməsinin səbəbi hakim Hərbi Şuradır. Hərbi Şura demokratik dəyişiklikləri gücləndirməkdənsə, diqqətinin öz hakimiyyətini və imtiyazlarını qoruyub saxlamağa yönəldib. Tahrir meydanında baş verən son iğtişaşlarda isə 40-dan artıq adam ölüb.
Hərbi Şuranın rəhbəri marşal Hussein Tantawi deyir ki, yeni parlamentdə bütün siyasi qüvvələr təmsil olunmalıdır:
«Mən böyük Misir xalqına, səsvermə hüququ olanların hamısına üzümü tuturam. Sizdən artıq dərəcədə xahiş edirəm ki, gəlib səs verəsiniz. Çünki biz istəyirik ki, parlament balanslı olsun. Bütün qruplar parlamentdə təmsil olunsun».
Hərbi Şuranın rəhbəri marşal Hussein Tantawi
Hərbi Şuranın rəhbəri marşal Hussein Tantawi
Hosni Mubarakin dövründə Misirdə seçkilər bir qayda olaraq saxtalaşdırılıb. Mubarakin rəhbərlik etdiyi Milli Demokratik Partiya bir qayda olaraq parlamentdə qələbə qazanırdı. Mubarakin istefasından sonra isə Misirdə yeni siyasi partiyalar yaranıb.
«RƏDD OLSUN HƏRBİ ŞURA»
Bu gün seçki məntəqələri səhər saat 8-də açılıb. Qahirənin seçki məntəqələrinin birinin qarşısında azı min nəfərlik növbə vardı. Qahirəli seçici qadın Magdi deyir ki, o bu günkü səsvermə ilə əvvəlkilər arasında böyük fərq görür:
«Mən səsimin dəyərli olduğunu hiss etdiyim üçün səs verməyə gəlmişəm. Əvvəllər isə səsimin heç bir dəyəri yox idi. İndi hər kəs öz ölkəsi üçün nəsə etmək istəyir».
İsgəndəriyyə şəhərində nümayişçilərdən biri Ahmed Talaat deyir ki, Hərbi Şurasının hakimiyyətinə etiraz əlaməti olaraq öz bülletenini bilərəkdən etibarsız şəklə salacaq:
«Mən şəxsən bu seçkilərdə iştirak etməyəcəyəm. Çünki seçkini baykot edirəm. Kimlərsə mənə qoşulmaq istəsə, çox yaxşı olar. Ancaq seçki məntəqəsinə gedəcəyəm. Bülletenimi yararsız hala salacağam. Üstünə «rədd olsun hərbi şura».
Yazıb qutuya atacağam».
Müşahidəçilər Misirin 50 milyonluq seçicisindən çoxunun seçkilərdə iştirak edəcəyini təxmin edir.
XS
SM
MD
LG