Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:49

Qəşəm Nəcəfzadə. Sevgi şeirləri


SƏNIN DƏRSIN

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al dayanıram.

Adın tək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.

Vaxt axır... şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.

Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.

Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.

Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər.

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.


NƏ OLAR

Ayaqların qaçan saniyyələrdi,
Işə tələsirsən dayan, nə olar.
Elə bu küçədə aç gözlərini,
Otuz il yatmısan, oyan, nə olar.

Bu şeiri də yazdım əlvida kimi,
Bax elə bu sətrim son vida kimi.
Mən ölsəm misra tək, sən nida kimi,
Başımın üstündə dayan, nə olar.

Canım, bundan sonra “yaşa”, “öl” kimi,
Qanatdın qəlbimi sarıtel kimi.
Qoşa əllərini qoşa gül kimi,
Sinəmin üstünə qoyam, nə olar.

Ah çəkim, ahımdan dağ-dağ olum mən,
Səni gəzə - gəzə çıraq olum mən.
Çürüyüm bir ovuc torpaq olum mən,
Sən də çıx üstümdə dayan, nə olar.
Bəlkə onda səndən doyam, nə olar!


BILDINMI

Dolub yağış damlasına
pəncərənizi sevdim,
Bildinmi- bilmədim.

Gözündən sərxoş kimi
yıxıldım ürəyinə
Güldünmü – bilmədim.

Özümüzdən öncə
qapıda ayaqqabılarımızın
qoşa dayanmağını sevdim,
Sən də sevdinmi – bilmədim.

Sən yatan ürəyimə
başımın sual
Əllərimin nida qoyulduğunu
Bilirsənmi-bilmirəm.

Əllərin bulud kimi
kölgə salır
Saçlarımın işığına,
Deyəsən yağış yağacaq
axşama,
Xəbərin varmı, bilmirəm!


ÖLÇÜ

Hər şeyi səninlə ölçdüm
Yağışı eşidirsənmi dedim
Televizora baxırsanmı dedim.

Hecanı dodağınla olçdüm
Çiçəyi nəfəsinlə ölçdüm
Küləyi saçınla ölçdüm
Həsrəti küsməyinlə ölçdüm.

Ayaqlarından öyrəndim
yolların uzunluğunu,
Gözlərin çölün düzünü nişan verdi
Qolarınla havanı arşınladım,
Sukutunla sözün böyüklüyünü ölçdüm.

Canımın şirinliyini bildirdin mənə
Canımı səninlə ölçdüm
Ağ-ağ vərəqləri əlinlə ölçdüm
Sözün dadlısını dilinlə ölçdüm.

Dovğa içəndə sən bunu
necə dadarsan dedim,
Şeir yazanda sən buna
nə deyərsən dedim.
Gözəl paltar görəndə
Sən bunu geyərsən dedim.
Bir dəfə üzümə baxmaqla
getməyimi, gəlməyimi
bilərsən dedim


SƏN AĞLAYAN GÜN

Gülüm, sən ağlayan gün,
Mən təzədən doğuldum
Bağışlasın məni anam!
Göz yaşın alıb apardı,
Ürək ağrımı,
Sərhədi, həddi
Umu-küsünü
Aramızdakı yaşı, fərqi.
Gülüm göz yaşına mən qurban!
Gülüm, bilsən
Mən necə dəliyəm,
Ağlıma nə gəlsə eləyərəm
Lap səndən
Ömrüm boyu
Ağlamaq öyrənərəm.
Adam ağlayanda gözəl olur,
Ağlayanda adam
adama hopur.
Gülüm, göz yaşınla
Necə yaxınlaşdın mənə.
Sənki susan
Təmiz, ilıq su.
Gülüm, nədi bu?
Bu, ləpə dodağın...
Bu, navalca gözün...
Bu, dalğa səsin...
Bu, sahil əlin...
Bu da su bənizin...
Gülüm, and olsun
Saniyyə ayaqlarına,
Ləpə dodağına,
Göz yaşlarının duzlu dadına!
Dərs kimi əzbərlədiyim
Kəlmələrinə,
Parça-parça,
Didik-didik elədiyin
O varaqlara, həyacanlara!
Soyuyan çayına, bu evimızə,
Ipək dəsmalının itkin canına
And olsun, hər axşam
Su bacından ayırmaq istəyirəm səni,
Boğulduğun dənizdən
Çıxarmaq istəyirəm səni!
Dayanmışam, sahildə
Çağırıram eyy...sularda yaşayanım,
Boğulanım, batanım!
Qayıt gəl,
Məni xoşbəxt elədiyin tək
Sən də xoşbəxtsən!
Varmı ikimizdən xoşbəxt!
Ağlaya-ağlaya mən də
Göz yaşından öpürəm,
Sənı öpdüyüm kimi!


MƏSƏLƏN

Hayıfdı əllərini
boş - boşuna yelləmə,
Yelləsən mənim üçün yellə
məsələn belə.

Ayaqlarını bir belə yorma,
mənə gələn yolların
2 tənha çiçəyini
bu qədər atıb tutma.
Ayaqqabı dibçəyində,
barmaq ləçəklərini
bu qədər qırıb tökmə.
Yadındadı,
ayaqlarını görən tək,
dəniz unutdu özünü?
Buraxdı səni əllərindən.
Uçdun dənizin göyünə,
fikrin qaçdığı yerə.
Qaçıb yastıq tək
altında durdu
bir qərib dalğa.Və
qaldırıb səni qoydu
dənizin üzünə,
Başqa bir dalğa örtdü üstünü,
Başqa birisi də yudu üzünü.
Dənizin ləpə qızları
qucaqlayıb dizini
“Bağışla “ – deyirdi.
Indi dalğa qapını döyüb,
dalğa yorğanını
yavaşca qaldırıb
yanına girsəm,
və varlığımı dodaqlarının
bir ucuna sıxsam
məsələn belə,
tanıyacaqsan məni.


YAXŞISI

-Səni hara aparım?
-Məni göyə apar - deyirsən.
-Axı dərilib göylərin küləkləri.
Yerdəki insanların təntiyən
nəfəsləri həmin küləklərin
yoluq-yoluq olmuş qanadlarıdı.
Elə bilirsən, göy mənzilimizin
qonşusu yoxdu?
hay-hay
Coxdandı axtarır bizi
bir qoşun-
ozan qonşu,
bənövşəyi ölüm.
Orda
Səssizliyin səsindən
Necə dayanmaq olar?
Hələ cəkilən ahların,
Zavodlann,
Siqarlarm
tüstüsü göyə qalxır,
Bizə qonşu olmağa.
Məni göyə apar - deyirsən-
Bizi hec kəs görməsin.
Gülüm, yer kürəsində
Hec kəsin
Gözü ayağının altını
secmir.
Hamı göyə baxır axı.
Ən yaxşısı -
Gözlərin ayağı altda
Gizlənməkdi.


VAXT, SAAT

Vaxtın yoxdu, nədi
Sənə “vaxt “ göndərirəm.
Içi 11 radəli, içi 3- lə dolu
8 – lə dolu vaxt,
Bu da sənə aldığım saat...

Həmişə bu rəqəmləri
görəndə, məni xatırla.

Bu vaxtları-
11 – dən keçmiş
3 – dən adlamış,
8 – dən o yana adlamış vaxtları-
ürəyimin üstə qaldığım anları
qoyma üşüsün.

Mən olmasam da,
bu vaxtları mənim yerimə,
mənim kimi sev.

Heç vaxt yadımdan çıxmaz,
8 –in yanına yıxılıb qaldığım vaxt...
11 – də işdən qaçdığım vaxt,
3 – də müdirlə əyişdiyim vaxt.

11 – in
3 – ün
8 – in yanında sən vardın deyə
ölmədim,
Bəlkə indi işləməyən saatın kimi öldüm.
Ey, sən hansı vaxtda qalmısan?
Saatın hansı vaxtda dayanıb?

Bəlkə sənin saatının
11 – i
3 – ü
8 – i yoxdu,
Bəlkə düşüb itib?

Sənə vaxt verirəm
Ömrümdən o yana da
keçəsi vaxt!
Məni səndən ayıran vaxt,
Bəlkə elə vaxt yox,
baxt?

Sənə vaxt verirəm
Saat dolu.
Bəlkə də bu “vaxt”ların
içində mən olmayacağam heç.

Bəlkə saatdakı vaxtlar
çiydi hələ,
Bəlkə 11 - i
ayaqlarım tək titrəməyib,
3 - ü qəddim kimi əyilməyib,
8 - i gözlərim kimi böyüməyib.
Yaxşı saxla,
bu saatın içində
məndən ötrü ağladığın
bir “vaxt” da var,
mənim bu dünyada
olmadığım vaxt.


SƏNƏ ƏLVIDA DEMƏZDIM...

Əlvida, əlvida, əlvida sənə,
Hüsü Haçıyev kücəsi.
Bəlkə də şair şəhərin
Sən ən uzun misrası.
Bəlkə də o misrada
Ən qəmli, kədərli fikirdi o qız.
Gəzir misra icində.
Şəhər oxuyur, başa düşmür,
Fikirləşir hələ də.
Sənə əlvida deməzdim,
Əlvida demək azdı.
Başlar bir azdan
O qıza yazdığım
Şeirlərin nümayişi.
Cətindir Şəhər Merinin işi.
Qol - qola,
Əl- ələ səndən gəlib,
Kecərlər şeirlərim!
Bayraqları
nidalar!
Demişdim, mən ölsəm
Tabutumu səndən aparsınlar.
Indi deyirəm yox,
Mənzilim uzaq olar.
Əlvida, əlvida, sənə
Hüsü Haçıyev kücəsi!
Bir də nazlana-nazlana
Səndən keçsə,
Ömrümün birçəsi,
Ömrümün gözətçisi,
Ona deyərsən ha!
Haradaydın gəlib
Əli, qolu bağlı
apardılar məni.


NIYƏ EŞITMƏDIM SƏNIN SƏSINI

Niyə eşitmədim sənin səsini
Göylərin üstünə bir səs yıxildı.
O gündən bir gözəl batdı sularda
O gündən dənizdə bir qız doğuldu.

Əlindən tutmağa əllərim hanı
Görəsən sevdiyi varmı həyatda?
Firlanır ayağı torpağa catmır
Sinəmi qoyaram ayağı altda.

Dünyada tək pulsuz olan havanı
Həyat bahasına almaq olurmuş.
Gözünün üstündə gəzdirdiyinin
Ayağı altında qalmaq olurmuş.

Daha qollarında güc qalmayıbdı
Dəniz o gözəlin üstüyiə üzür.
Bir üzük barmağın yaralamışdı
Olmur barmağına başqa bir üzük.

Boğulur heç kəsin yoxdu xəbəri
Sahildə vida tək yellənir donu.
Dəniz qucaqlayır sevdiyi üçün
Dəniz nə bilsin ki, öldürür onu.

Niyə eşitmədim sənin səsini
Göylərin üstünə bir səs yıxıldı.
O gündən bir gözəl batdı sularda
O gündən dənizdə bir qız doğuldu.


ƏLLƏRIM

Neçə illərdir əllərim
Sənin əllərinə tərəf uçmağında.
Əllərimin uçmaq səsi
şerlərimdi dinlə.

Əllərimin tüstüsü
Sənə yazmadığım məktublarımdı,
Oxu.

Hər səhər - axşam
düymələrini
Necə açıb bağlamağından duydum
sənin də əllərinin uçmağını.

Bədbəxtlik onda doğulur ki ,
heç kəs əllərinin uçduğunu
görmür.

Görüşəndə belə
Sənə dırmaşan əllər
Əslində uçmayan əllərdi.

Əllərimin uçduğunu
və üstündə küləyin çiçək kimi
cığır açdığını görəndə
ağladım,
Mənim uçan əllərim var.


KÜLQABI

Icazə verin bu siqareti yandırım
Unutmağın eşqinə.
Böyük oğlan olsun unutmaq,
Yüz yaşını qeyd edək.
Sevgidən birinci olduğu üçün
Onun sağlığına siqaret çəkək.

Təklif eləyirəm
“Malbura” çəkək,
Unutmağın şərəfinə.
Özü də ayaq üstə çəkək.

Icazə verin mən siqareti
otaqda gəzinə-gəzinə çəkim.
Külünü külqabıya yox,
nəlbəkiyə töküm.
Çünki külqbıda
cırılmış qadın şəkilləri var.

Sevmək qadının,
Unutmaq kişinin yaraşığıdı.

Siqaret qutuları kişilərin
ən çox sevdiyi çiçəklərdi.

Qutuları külqabıya qoyaq,
indən belə külqabıya
kül tökməyək.


BU ŞEIRƏ GÖRƏ

Yazıram bu şeiri, yazıram yenə.
Bu şeirimə görə sevilməyəçəm.
Alova, dənizə qız gəlmir axı,
Şeirdən adama ev olmur təkçə.

Yazıram bu şeiri, yazıram yenə,
Mən başı daşlıya bir siz də gülün.
Hər gün arvadıma şeir oxuyuram,
Sonra arvadımı döyürəm hər gün.

Özüm də bilmirəm bu həyat nədi?
Məni geri qoyub bu yazı - pozu.
Qız vaxtı şeirimi cox istəyirdi,
Indi də pulumu – bu zalım qızı.

Sevinçdən yaz deyir redaktorlarım,
Sevinç yox, mən gərək kədərdən yazım.
Başımı qatanda şeirlərimə,
Görürəm aç qalır oğulum, qızım.

Kimin nə veçinə qarışqa dərdim,
Qarışqa dərdinin köməyi yoxdu.
Bu şeiri yazanda ağılmı olar?
Ağlı olanın da ürəyi yoxdu.

Necə eləyəsən görəsən necə,
Şerimə, ömrümə yazılan baxtı.
Dostlarım ev tikib kefin istəyən
Bu zalım qızının günahı yoxdu.


QADININ ÖLÜMÜ

Aşiqi məşuqə mahir eylər
M.Füzuli


Qadınlar kişiləri qəhrəmana cevirə bilmirlər
Kicik qadınların kişisi böyüməz deyirlər.
Bu gün bizim kişi kimi qadınlarımız
Kişilərdə kişiliyi öldürən qəhrəmanlardı.

Ilahi,nə eləyirsən elə
Amma qadını kişiyə cevirmə
Qoy elə qadın kimi qalsın.

Böyük qadınlığın böyük kişilik doğduğunun
fərqində deyilik.
Səngəri qoyub qacan kişinin
ən böyük günahgarı öz qadınıdır,
Yoldaş prokuror, o zaman ki, qadını
hirslənmişdi onun üstünə
Usaqların gözü qabağında
itin sözünü demişdi üzünə
Kişi hec nə deməmişdi ona
Sadəcə sözünü bu günə saxlamışdı.

Qadın kişinin altını üstünə
cevirən realist üslubdu.
Bu üslubla kücə kişisini də
bir anın icində qəhrəmana
cevirmək olar.
Bilirsənmi Məcnunun böyüklüyündə
qadın gizlənib.
Onu da bil ki, hər fərari döyüşcünün
arxasında balaca bir qadın var.

Səngərdə hər kişinin yanına
öz qadınını qoyun.


YAD QIZI

Bu qadının keçmişi
Hər zaman durar üzə
Boşalmış əllərinə
Təzə qan kimi dolar.
Üzü təzə üz gətirər,
Elə bil ki əynində
evdar qadınlıq solar.

Silər qadın pəncərə şüşəsini
altından yazı çıxar.
Üzündə göz izləri
qırış altından baxar.

Hara getdi keçmişini gətirdi öz evinə,
Ata evindən cehizi də bu idi.
Əri hərdən tanımırdı heç onu
Qucaqlayırdı özgə qadını kimi.
Bəlkə yad olduğu üçün
Hər gün ona vurulurdu əri.

Üzünü çevirib yatardı divara sarı,
Əri hey yalvarır, üzünü çevir bəri.
Qadınsa keçmişini qucaqlayıb uyuyur
Onu razı salınca,
lap əldən düşür əri.

Bu keçmişin qadını
Qız kimi təzə-tərdi,
Çıxarardı analığı əynindən.
Əri işdən tez gələrdi
Öpərdi yad qızının
ətirli əllərindən.


GƏLIN APARDILAR

Gəlin apardılar qəlbi yox kimi,
Hıcqırıq ürəyin son nəğməsiydi.
«Volqa»da gəlinin əyilən başı,
Bu işə bir sual işarəsiydi.

Biri qəlbdə gedir, biri «Volqa»da,
Biz də gülə-gülə alqışlayırıq.
Ürəyə köcəndən xəbərimiz yox,
Evlərə köcəni xoşbəxt sayırıq


ŞAIR ARVADI

Şair arvadını
arvadlar başa düşmür…
Şair arvadını söz dingildədir.
Arvadın biri deyir:
- Bıy, başıma xeyir,
Ərinin xasiyyəti kecib buna.
Ay qız, baxın ayağnın qaloşuna.

Şair arvadı bilir axı,
necə sevgi şeiri yazılıb ona.
ona görə də dözmür…
Bu bulağın başı ona.

Hec görün, bir şeir yazılıbmı
Burdakı arvadların birinə?
Arvadların hələ xəbəri yoxdu,
Mahnı bəstələnib təzə şeirinə.
Bu kök arvadlar bilməzlər axı,
Söz kecmir qalın-qalın ətlərindən,
Söz kecmir bahalı jaketlərindən.

Şair arvadının
çanı sözdən,
donu citdən,
ürəyi lap cölə yaxın
Sınır kəlmədən, sözdən.
Şair arvadını
arvadlar başa düşmür
Neyləsin, ərinə cəkib yazıq.
Qacır ərinin yanına,
Ərini də dünya başa düşmür.


YANAŞI TUTMA

Arvadım, sən məni kartof satanla,
Qazan dolduranla yanaşı tutma.
Şair ürəyimi, qələmimi sən,
Benzin dolduranla yanaşı tutma.

Gözlərim sınaçaq ürəyim kimi,
Bu kağız-kuğuzum cörəyim kimi.
Görmürsən, biləyim qələmim kimi,
O yük qaldıranla yanaşı tutma.

Bir damcı boyum var, bir dünya eşqim,
Bax bu gün qəzetdə çıxıbdı şeirim.
Balaca daxmamda çörəyim şirin,
Beş evi olanla yanaşı tutma.

Koroğlu babam var, Qorqud dədəm var,
Hər yeni şeirimdə təzə qədəm var.
Arvadım, arxamda mənim Vətən var,
Vətənsiz olanla yanaşı tutma.


SIQARET

Üzünü divara çevirib yatmaq
Burnunu soyuq divara toxundurmaq
Gecə yarısı
Həbs olunduğunu başa düşməkdi.

Divarı siqaret tək çəkmək olar
Həmişə belə eləyirəm
Siqaret yerinə divarı çəkirəm,
Divara söykənmək
Adama səbr gətirir.

Divara dirənməyini
Arvadına toxunmaq kimi arzula
Qadını siqaret kimi çəkirəm,
Qadın içimdə
Divan, kreslo
Tozsoran, mətbəx
Ütülü yorğan - döşək kimi tərpənər.
Qadını siqaret kimi çəkirəm,
Elə bil evi çəkirəm.

Qadının əllərinə basdırılmış
uşaq ayaqları
on il həbs cəzasının
ən şirin xatirəsidir.

Həbsxana uşaqlar haqqında
ən şirin düşüncələrdi.
Dustaqları dinləyə bilsən
çoxlu uşaq səsləri eşidərsən.

Həbsxana qadındı
Bir boş qadın tuflisinə baxsan
Hər günün bir ildən hesablanar.
Duflidə ən gözəl qadına baxıb
sərxoş olarsan.
Boş qadın tuflisiylə əylənərsən,
Ona başqa dustaqlar baxsa
qısqanarsan.
Həbsxanada qadının tuflisi də gözəldi.

Mənə siqaret yox
qadın tuflisi göndərin.


SON NƏFƏSDƏ

Səni yolundan saxlasam,
Sənə baxıb ağlasam,
Görən nə olar?

Görsən mən boyda kişi,
Nəyə həsrət cəkirəm: -
Dodaqlarının azça qacmağına,
Gözlərinin azça axmağına…

Yalandan hirslənirdim,
bax onda.
Sən də qorxurdun…
Özümü, əsir olmaqdan,
alcalmaqdan,
Sənə yalvarmaqdan qoruyurdum.

Hələ belə sevməmişəm,
Bu sevgi də məni əldən saldı.
Ruhum bədənimə dardı.
Görən bunları bilsən,
dünya dəyişərmi?
Mənə nə deyərsən?

Evlənmək həbs çəzasıdı,
Burda əfv yoxdu.
Kamera dünyadı,
Görürsən ki, soyuqdu.

Çətin bu çəzanı
mən başa vurum,
Az qalıb ölməyimə.
Ay çamaat, mən öldüm, eeyy…
Qulağını bəri gətir.
Bir söz deyim,
son nəfəsdi,
«Səni sevirəm»,
heç kəs bilməsin.


IZ

Gözümün qabağındaca bir qız əllərini
götürüb atdı dənizə.
Indi onun paltosunun cibinə
saldığı əl deyildir artıq
əllərinin qabıdır.
Çox adam görmüşəm əlllərini
gətirib dənizə atsın .
Bu ona bənzəyir ki, qadın
öz körpəsini saxlaya bilmədiyi üçün
ondan imtina edir.
Bəlkə də əllər insanın ilk körpəsidir.
Əlləri dənizə tullamaq adamların
bir çıxış yoludur.
Əllərin içində ağ vərəqlərin
olmağından xəbərsizlik.
Məsələn, o qız başqa birisini
sevdiyi halda,
Əlındə başqa bir adamın
Əlinin yazısı olduğunu bilirdi.
Adamlar izi itirmək üçün
Əllərini dənizə atırlar.
Sonra isə iş görürlər
Əllərinin şəklinə oxşayan əllə.


QORXMA

Get ağ balıncına saçlarını tök,
Heç qorxub eləmə gözlərini yum.
Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Gördün, mən deyəndi dünyanın işi,
Könlün istəyəni milyon əlli tut.
Qara gözlərinə ölüm ilişsə,
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Qorxma, üstündədi gözüm həmişə,
Ölüm bir tükünə toxuna bilməz.
Qorxursan, gəl düşək torpağın üstə.
Düşək ayaqyalın yeriyək, quzum.
Düşək qatarlardan, təyyarələrdən,
Düşək tuflilərdən, mərtəbələrdən,
Düşək torpaq dadsın ayaqlarımız,
Enək çiçəklərə, güllərə nolar.
Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

Hələ qatardayıq, təyyarədəyik,
Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.
Ürəyin ağrısa, qatar yıxılsa,
Təyyarə sürüşsə göyün üzündən
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt,
Ölməzsən heç vaxt.

ardı
XS
SM
MD
LG