Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

Clinton keçmiş sovet respublikalarında demokratiyanın vəziyyətindən narahat olduqlarını deyir


Vilnüsdə ABŞ Dövlət Katibi Hillary Clinton Qazaxıstanın Xarici İşlər naziri Yerzhan Kazykhanov ilə görüşür, 6 dekabr 2011
Vilnüsdə ABŞ Dövlət Katibi Hillary Clinton Qazaxıstanın Xarici İşlər naziri Yerzhan Kazykhanov ilə görüşür, 6 dekabr 2011

ABŞ Dövlət Katibi Hillary Clinton Rusiya, Belorus, Ukrayna və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında demokratik islahatların və insan haqlarının vəziyyətindən ABŞ-ın narahat olduğunu bildirib. Dekabrın 6-da ATƏT ölkələri Xarici İşlər nazirlərinin Vilnüsdə başlayan ikigünlük toplantısında Clinton ayrıca Rusiyanı da ötən bazar günü keçirilmiş parlament seçkisində qanun pozuntularına görə tənqid edib.

Dövlət Katibi Moskvanı ATƏT-in seçki monitorinq missiyasının tövsiyələrini yerinə yetirməyə çağırıb: “Rusiya Dumasına seçkilərin bir çox yerlərdə azad və ədalətli keçirilmədiyini görürük. Bu seçkilərlə bağlı çox ciddi narahatlıqlarımız var. Siyasi partiyaların bir çoxu seçkidə iştirak üçün qeydiyyata alınmayıb. ATƏT-in ilkin hesabatına görə seçki günü qutular topa bülletenlərlə doldurulub, seçici siyahılarında manipulyasiyalar edilib, başqa qanun pozuntularına yol verilib” – deyə Clinton bildirib.

ABŞ Dövlət Katibi artıq ikinci gündür ki, Rusiyada seçkilərin indiki qaydada keçirilməsindən narahatlığını ifadə edir.

Başqa keçmiş sovet respublikalarında da demokratiya sarıdan ciddi problemlər olduğunu deyən Hillary Clinton məlumat verib ki, elə Vilnüsdə Belorusdan olan ictimai fəallarla görüşüb bu ölkədə baş verən zorakılıqları müzakirə edəcək.

Clinton Ukraynanın adını da demokratik islahatlardan geriləyən ölkə kimi çəkib, qeyd edib ki, burada demokratik institutların və seçki prosesinin zəiflədilməsi tendensiyası görünür. O, Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenkonun həbsi ilə nəticələnən cinayət işinin arxasında siyasi motivlərin olması barədə də suallar yarandığını deyib.

Dövlət katibi orta Asiyanın keçmiş sovet respublikalarında da insan haqları sahəsində ciddi problemlər olduğunu bildirib: “Hətta, ABŞ Əfqanıstana görə orta Asiya hökumətləri ilə əməkdaşlığa can atsa da biz bu ölkələrdəki həm hökumətdə, həm də vətəndaş cəmiyyətindəki tərəfdaşlarımızı demokratik islahatlara, insan haqlarının daha yaxşı qorunmasına həvəsləndirəcəyik.”
XS
SM
MD
LG