Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:00

Seymur Baycan: “Quqark”ı yazmağıma peşmanam, daha roman yazmayacam”


Aqil Abbas: “Vaqif Səmədoğlu dedi ki, indi hardasan, gəlib alnından öpmək istəyirəm”.

Seymur Baycan: “Onlar düşünməsinlər ki, romanı onlar üçün yazmışam. Xeyr. Kənardan gələn pul üçün yazmışam”.


“Pen klub” verilişində bu dəfə Qarabağ haqqında iki fərqli roman - Aqil Abbasın “Dolu” və Seymur Baycanın “Quqark” romanları müzakirə olundu. Mövzu belə idi: Əsl yazıçı müharibədən necə yazmalıdır?

Şahnaz Bəylərqızı:

- Zaman yazarın üstünə hansısa missiya qoyurmu? Tutaq ki, roman patriotik olmalıdır, yaxud da illər sonra oxunmaq üçün də soyuq başla yazılmalıdır?

“ELƏ ƏSƏR YAZIBLAR Kİ, NAĞIL DA DEMƏK OLMAZ”

Aqil Abbas:

- Bunun iki cavabı var. Biri var müharibə dövrü yazılan əsərlər var, isti-isti. Biri də var müharibədən sonra yazılan, yəni başlar soyuyandan, daha ətraflı hər şeyi biləndən sonra yanaşma. Tarixdə hər iki formadan istifadə olunur. Amma müharibədən sonradan yazılanlar daha möhtəşəm alınıb. Azərbaycanda atəşkəs müqaviləsinin imzalanmasından 17 il ötür. Müharibə zamanı mən daha çox publisistika ilə məşğul idim. Bir də müharibəyə iki cür yanaşma var. Biri var müharibənin içində olan adamın yanaşması, biri də var müharibəyə kənardan baxanın. Bəzən müharibədə olmadan da möhtəşəm əsərlər ortaya qoymaq olar. Amma Azərbaycanda elə adamlar var ki, müharibədə olmadan elə şey yazıblar ki, ona nağıl da demək olmaz. Onlar kənardan eşitdiklərini, qəzetlərdən oxuduqlarını, kimlərinsə nağıllarını yazıblar. Nəticədə ortaya zibil çıxıb.

Ş.B.

- “Dolu” romanınız dediklərinizə nə qədər cavab verir?

A.A:

- Seymur Baycan onu oxumayıb. “Keçi” şeirini oxuyub.

Seymur Baycan:

- Yox, o haqda deməmişəm.

“VAQİF SƏMƏDOĞLU DEDİ Kİ, ALNINDAN ÖPMƏK İSTƏYİRƏM”

A.A:

- Bu roman səs-küylü oldu. Balaca roman idi. Haqqında 3 roman qədər tanıdığım-tanımadığım döyüşçülərin, adi insanların fikirləri çap olundu. Deməli, roman nə isə tutmuşdu. Ədəbiyyat adamları da roman haqda çox müsbət fikir söylədilər. Birini deyə bilərəm. Vaqif Səmədoğlu bir gün zəng elədi ki, hardasan, bu dəqiqə səni görmək istəyirəm, bu gecə sənin romanını 2 dəfə oxumuşam. “Səni axtarıram alnından öpəm”. Sonra da dedi ki, Aqil Abbas müharibə haqda bütün stereotipləri dağıtdı. Mənim əsərimin qəhrəmanları həbsxanada yatanlardır. Onlara dördüncü növ adam kimi baxırlar. Amma onlar müharibədə canlarını qoydular, qəhrəman oldular. Yekə danışanlar qıraqda qaldılar.

Ş.B:

- Romanda pafos var məncə.

A.A:

- Mənim romanımda qəti pafos yoxdur. Bir cümlə tapın ki, pafos olsun. Romanımda əsəbi sözlər var. O da əsərin qəhrəmanlarının dilindən deyilir. Mən gördüyüm, şahidi olduğum hadisələrin onda birini də yaza bilməmişəm. 5 uşağını tullayıb döyüşənlər, şəhid olanlar vardı. Burda nə pafos vardı?

SEYMUR BAYCAN: “BİZDƏN BİR CƏNGAVƏR ÇIXIR VƏ BAŞLAYIR ERMƏNİLƏRƏ QAN UDDURMAĞA...”

Seymur Baycan:

- Bizdə Qarabağ müharibəsi haqda yazılan əsərlər əsasən 2-3 süjet üzərində qurulur. Birinci süjet o olur ki, ermənilər hər hansı qəsəbəyə, kəndə girirlər, başlayırlar insanları qırmağa. Bir qrup insan da hardasa, mağarada, dərədə, komada sığınacaq tapıb, başlayırlar qarğışlar, lənətlər yağdırmağa, ermənilərin bir xalq kimi mövcud olmadığını, hər şeyi bizdən oğurladığını deyirlər. Onların qəddar obrazı yaradılır ki, hamilə qadınlara rəhm etmədilər, uşaqlara, qocalara rəhm etmədilər. İkinci süjet belə olur ki, bizdən bir çəngavər çıxır və misilsiz qəhrəmanlıqlar törədir, başlayır ermənilərə qan uddurmağa. Məndə isə başqa cür oldu. Mən Qarabağ bölgəsindənəm. 14 yaşıma qədər orda müntəzəm yaşamışam, 17 yaşa qədər ora sıx-sıx gedib-gəlmişəm.

“DEMİRƏM Kİ, “DOLU” TİPLİ ƏSƏRLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKMƏK LAZIMDIR, ORDA PAFOS VAR”

Mən elə səhnə yazmamışam ki, əsgər kimi əlimə silah aldım ya nəsə... Mən sadəcə
Aqil Abbas
Aqil Abbas
prosesin başlanma vaxtından - hansı ki öz yaddaşıma güvənərək xatırlayıram və sonradan özüm üçün onları analiz etdim - gözüm qarşısında baş verənləri yazdım, bir yeniyetmənin gözüylə. Və bir az başqa mövqedə durdum. Amma bu o demək deyil ki, hər kəs belə yazmalıdır. Amma mən yalan danışmayacam, Aqil müəllimin “Dolu” romanını oxumamışam, sonuncu romanını “Allahı qatil edənlər”i oxudum. Çox dinamik dili var, birnəfəsə oxudum. Deyim ki, orduda baş verənlər detallı təsvir edilmişdi. İradlar var idi, onları da yazıda bildirmişdim. “Dolu” Qarabağ mövzusunda yazılan romanlar arasında ən çox hallandırılan və müzakirə ediləndir. Mən demirəm ki, “Dolu” tipli əsərlərin üstündən xətt çəkmək lazımdır, orda pafos var. Çünki dövrün özü eləydi. Yəqin ki, ölkə daxilində də o tip romanlara da ehtiyac var. Sadəcə, bəzi insanlar var ki, müharibənin nə şahidi olublar, nə iştirak ediblər. Onların yazdıqları mövzunu gözdən salır. Səhnələşdirilir, əcaib şeylər yazırlar.

Ş.B:

- Konkret nümunələr gətirə bilərsiz?

S.B:

- Qaz emalı zavodunun direktoru Hüseybala Mirələmov məsələn.

“ELDAR BAĞIROV DEDİ Kİ, ÖZÜN DƏ YAZIÇISAN”

A.A:

- Seymur onu da oxumayıb, tamaşasına baxıb. Arxa cəbhə haqqındadır əsər. Pafos haqqında bir söz deyim. Mənim romanımda hamı ölürsə, şəhər işğal olunursa, hansı pafosdan danışmaq olar? Mənim romanımda bir erməni obrazı yoxdursa, yalnız uşaqların yaşamlarıdırsa, hansı pafosdan danışmaq olar. Bir var qəhrəmanlıq edə, deyəsən asdı, kəsdi... Mənim romanımda əgər erməni qızını tuturlarsa, əsgərlər də bizim qızların başına gətirilənlərin əvəzində həmin rəftarı etmək istəyirlərsə və
Drakon da avtomat çəkib deyirsə ki, o qıza toxunmaq olmaz, biz namus davası eləmirik, arvad davası eləmirik... Hansı pafosdan danışmaq olar? Gözümüzün qabağında olan hadisədir. Ağdamda 20 əsir vardı, bir dəfə biri siqaret istədi, mən vermədim. Rəhmətlik Eldar Bağırov dedi ki, özün də yazıçısan... Mənim romanımda Pələng və Drakon obrazı var, onlar bir yerdə ölüblər. Amma nə qədər məktub gəlib ki, Pələng mənim qucağımda öldü, o biri yazır Drakon yanımda öldü. Mən pafos sözündən qaçıram. Mənim publisistikamda pafos var, amma romanda yoxdur.

“SİZ DEDİYİNİZ KİMİ YAZSAYDIM, TOLSTOYUN “HƏRB VƏ SÜLH”Ü OLARDI”

S.B:

- Romandan bir parçanı oxuyum: “Onların çoxunu Bakıdan küçələrdən tutub milisə gətirir, pulluları buraxır, imkansızları isə Müdafiə Nazirliyinin adamlarına təhvil verirdilər.
Seymur Baycan
Seymur Baycan
Bəzilərinin üstündə heç sənədi də olmurdu. Bir də görürdün ağlayırdılar ki, vallah biz uşağıq, orta məktəbdə oxuyuruq. Kim idi baxan? Və Müdafiə Nazirliyi də ömründə bircə dəfə də silah görməyən bu burnufırtıqlı uşaqlara heç bir təlim keçmədən, döyüşə hazırlamadan, hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər paltarı geyindirib doldururdular avtobusa və göndərirdilər ermənilərin ət maşınının ağzına, elə bil millətin qəsdinə durmuşdular ”. Bu daha çox 1990-cı illərin yazılarına, daha çox publisistika yazılarına bənzəyir, nəinki roman təsvirinə.

A.A:

- Belə cümlələr tapa bilərsiniz romanda. Əvvəla deyim ki, publisistika da bədii əsərdir, jurnalistika deyil, daha yüksəkdir. İkincisi, “burnufırtıqlı uşaqlara heç bir təlim keçmədən, döyüşə hazırlamadan ət maşının qabağına tökürdülər” yazıram, mən bildirməliyəm də, başqa cür necə təsvir etməliyəm? Siz dediyiniz kimi 10 səhifə yazardım, olardı Tolstoyun “Hərb və Sülh”ü.

Ş.B:

- Tolstoy 100 il sonra da aktualdır.

A.A:

- Mən də Azərbaycanın “Hərb və sülh”ünü yazmışam. Hətta Tofiq Hacıyev yazdı ki, Aqil Abbas Azərbaycanın “Hərb və sülh”ünü yazdı. Dedi ki, oxuyanda əsəbiləşdim, bir dənə qadına sevgi yoxdur. Amma sonra gördüm ki, burda bircə sevgi var - torpağa sevgi. Yəni romanda elə cümlələr tapmaq olar, publisistikaya yaxındır.

“OD PÜSKÜRƏN DÜHAYLA MƏNİ - DÜNƏN QALOŞDAN ÇIXAN ÖLKƏNİN YAZIÇISINI MÜQAYİSƏ EDİRSİZ?”

S.B:

- Mən sizin oxuduğunuz hissəylə bağlı fikrimi deyim. Orda dəqiq təsvirlər var, pafos yoxdur. O ki qaldı, publisistikaya. Bu mənim özümə də tutulan iraddır... Aqil müəllimin dili çox dinamik dildir, qaldı publisistik elementlərinə. Bu gün ədəbiyyatla publisistikanın sərhədləri çox qarışıb. Bizdə özünü peşəkar oxucu sayanların çoxu 1960-70-ci illərdən gələn təmayüllərdən xəbərsizdirlər. Ona görə də bundan xəbəri olub, yeni nəsə yazanları görəndə şok olurlar. Bir dəfə tanışlardan biri dedi ki, “Körpüsalanlar”ı oxudum, amma bilirsən, ciddi ədəbiyyat başqadır. Deyirəm ki, ciddi ədəbiyyat nədir, cavab verir ki, Şoloxovun “Sakit Don” əsəri. Bu bir az insafsızlıqdır ki, yazı mədəniyyəti əsrin əvvəllərində yaranan xalqın yazıçısını dünya ədəbiyyatının ən nəhəng siması ilə
Seymur Baycan və Şahnaz Bəylərqızı
Seymur Baycan və Şahnaz Bəylərqızı
müqayisə edəsən. Bir dəfə mənə bir xanım yazıb ki, sizin əsəri oxudum, Dostoyevskinin “Cinayət və cəza” əsərində... Deyirəm ki, ay xanım, siz xəstəsiz? Siz dünya ədəbiyyatının od püskürən dühasıyla məni, dünən qaloşdan, çarıqdan çıxan xalqın yazıçısını müqayisə edirsiz?

Ş.B:

- Onda belə çıxır ki, hələ 100 il də Azərbaycan yazıçıları beynəlxalq meydana çıxmaq haqda düşünməməlidirlər?

“MƏN DAHA ROMAN YAZMAYACAM”

S.B:

- Amerika yazıçısı Tomas Vulf deyirdi ki, alman və fransız yazıçılarının işi asandır. Onlar bellərini böyük ənənəyə söykəyiblər. Amerika ədəbiyyatı isə təzə yaranmaqdadır. Amerika yazıçısı hələ Amerika vətəndaşlarına Amerikanın nə olduğunu sübut etmədir. Bir az realist olmalıyıq. Biz isə balaca ölkəyik, bu dildə danışan azdır, kitab oxuyan azdır. Mən özüm “Quqark”ı yazmağıma peşman olmuşam.

Ş.B:

- Nəyə görə peşmansız? Tənqidlərə görə?

S.B:

- - Tənqidlərdən qorxmuram. Yəni heç kimə lazım deyil. Kimin üçün yazırsan? İndən belə roman yazmayacam. Başa düşdüm ki, heç kimə lazım deyil.

“MƏN ROMANI 2-3 NƏFƏR ÜÇÜN YOX, KƏNARDAN GƏLƏN PUL ÜÇÜN YAZMIŞAM”

Ş.B:

- Amma “Quqark”dan sonra köhnə romanınızı yenidən çap etdiz, məlum oldu ki, tənqidlərə rəğmən oxuyanlar var.

S.B:

- Vallah ondan da gözlədiyim nəticəni almadım. Həqiqətən də kitabın nə olduğunu anlayıb, kənardan mənə 500-1000 manat verən olmasa, mən o kitabları heç vaxt buraxmaram. Elə bilirlər mən o kitabları 500-600 adam üçün yazıram. Mən durub 120 roman oxuyum, yüzlərlə hekayə oxuyum, müharibə haqda romanları oxuyum... Və
bunun yazılma prosesi nə qədər ağırdır... Yazım, sonra da 2-3 nəfər... Onlar düşünməsinlər ki, romanı onlar üçün yazmışam. Xeyr. Kənardan gələn pul üçün yazmışam.

“30 YAŞDA GƏNCİ ŞOLOXOVLA MÜQAYİSƏ ETMƏK ÇÜRÜK SÖHBƏTDİR”

Aqil Abbas söhbətə qoşulur. O deyir ki, “Quqark”ı oxuyub və onu yaxşı əsər hesab edir.

- 30 yaşda gənclə 50-60 yaşlı Şoloxovu müqayisə etmək çürük söhbətdir. Nə bilirsən ki, 50 yaşında Seymur Baycan nə yazacaq, Əli Əkbər nə yazacaq? Amma bunlar çaba göstəririlər, oxucuları da var. Sadəcə yaşlı nəsil deyir ki, bunları asmaq, döymək lazımdır.

Ş.B:

- Oxucu yazır: “Aqil bəy, hamı bilir ki, Ermənistan işğalçıdır, amma sabah xalqlar barışa bilər. Onda sizin Azərbaycan səngərində yazdığınız əsərə ehtiyac olacaqmı”

A.A:

- Olacaq.

Ş.B:

- “Dolu” romanı 100 il sonra da oxunacaq?

A.A:

- Bu roman dövrün reallığıdır. Mənim əsərimdən biləcəklər ki, müharibə nədir. Mən müharibəni yox, onun fəlsəfəsini yazmışam.

Ş.B:

- Seymur Baycana yazır oxucu: “Mənə maraqlıdır, Xocalı olub. Xocalıdan sonra necə erməniyə humanist yanaşmaq olar? Özünüzü satqın kimi hiss edirsizmi heç?

“BU QƏDƏR ÇUŞKARİZM OLMAZ”

S.B:

- İstəyirsə hiss edim. Bezmişəm bu söhbətlərdən. Bir az beyinlərini inkişaf etdirsinlər. Bu qədər çuşkarizm olmaz.

- Amma bu sizin oxucudur, kitabınızı oxuyub... Siz də belə ifadələrlə...

- Neyniyim ki oxuyub...

A.A:

- Yalançı patriotizm var. Soruş ki, həmin adamın qardaşı, bacısı hansı müharibədə olub? Mənimlə 23 oğlan oxuyurdu, 17-i müharibədə ölüb. O müharibədə nəslindən bir nəfər iştirak etməyənlər adamları elə ittiham edirlər ki...

Seymur Baycan: “İlin əvvəlindən 98 əsgər ölüb. Ay vətənpərvərlər hardasız?”

Ş.B:

- “Quqark”da Ermənistandakı mənzərə də təsvir olunub, boş kəndlər, sovetdən sonra xarabaya qalan qəsəbələr. Orda bir ifadə var: “Bura oq ədər sakitdir ki, qəbirdə çürüyən sümüklərin səsi eşidilirdi...”.

S.B:

- Azərbaycan ədəbiyyatında məni qədər tənqid olunan yoxdur. Mən qərəzlə tənqidi ayıra bilirəm. Bizdə insanlar var, qıraqda durub, gündə rəis qarşısında 10 dəfə alçalır, səsi çıxmır, amma şərh yazanda şirə dönür. O qız yazır ki, Xocalıya görə xəcalət keçirirsizmi? İlin əvvəlindən 98 əsgər ölüb. Ay vətənpərvərlər hardasız? Bundan danışın, sonra mənə gəlin də... Mən daha roman yazmayacam.

PROQRAMA TAM ŞƏKİLDƏ BURDA QULAQ AS
XS
SM
MD
LG