Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

Yazıçı həyatından məzəli hadisələr


Aslan Quliyev
Aslan Quliyev
Aslan Quliyev


ÖMRÜN ANLARI

«Bahar küləkləri» adlı ilk kitabım çapdan çıxanda nəşriyyatın baş redaktoru Sabir Rüstəmxanlının yanına getdim, mənə demişdilər ilk kitabın qonararını nəşriyyatda kimlərəsə verməlisən.

Sabir bəy, "sən belə söhbətlərə inanma", dedi, "al qonararını, çıx get". Amma mən hər halda nəsə eləmək istəyirdim. Sabir bəy əl çəkmədiyimi görüb, dedi, "yaxşı, sabah nəsr şöbəsinin işçiləri rayona tədbirə gedəcəklər, düş aşağı, bir şüşə konyak al, ver onlara. Qatarda sənin kitabının çapdan çıxmasını qeyd elərlər".

Nəsr şöbəsinin işçilərinə bir şüşə? Orda azından beş işçi var idi, beş nəfərə bir şüşə konyakı yalnız üsküklə bölmək olardı, amma mən bu şöbənin işçilərinin belə məqsədlər üçün özləriylə üskük gəzdirdiklərinə əmin deyildim.

Aşağıdakı dükandan üç şüşə konyak, üç şüşə araq, iki şüşə də şərab aldım. Sabir bəy nəsr şövbəsinin işçiləri üçün nə qədər içki aldığımı eşidəndə, "tədbir batdı", dedi, "onlar qatardan düşməyəcəklər".

***

Ikinci kitabıma rəyi Vilayət Quliyev yazmışdı. Bu münasibətlə qonaqlıq verməyi qərara aldım. Rəhim dedi, dörd nəfər olacağıq, sənə baha başa gələr, araqları al, gedək tramvay parkının yeməkxanasına.

Vilayətin maşınıyla gedirdik, maşını dükanın qarşısında saxladılar, mən

"Qarşıda tank kalonnası var idi, döyüş maşınları dayanmışdı, uzun saçlı əsgərləri almışdım çənəmin altına. Sizi bura kim çağırıb? Bu işğalçılıqdır, daha nələrsə deyirdim, başım dumanlıydı, təfərrüatı ilə xatırlamıram. Əsgərlər gülüşürdülər, rusların sərxoşlara münasibəti həmişə yaxşı olub..."

düşdüm və yeddi şüşə araq aldım. Elə bilirdim araq şüşələrini görəndə heyrətlənəcək, bu qədər araq sənin nəyinə lazımdır deyə soruşacaqlar.

Rəhim soruşdu:

- Neçə şüşə alıbsan?

- Yeddi şüşə, - dedim.

- Eybi yox, - Rəhim dedi, - qalanını yeməkxanadan alarıq.

Ağzım açıla qalmışdı, dörd nəfər yeddi şüşə suyu içə bilməz, burda isə söhbət yeddi şüşə tünd rus arağından gedirdi.

Araq çatmadı, üç şüşə də yeməkxanadan aldıq və ordan çıxıb, maşınla bir qədər gedəndən sonra özümü pis hiss elədim, qaldığım yer yaxınlıqdadır deyə maşını saxlatdırıb düşdüm. Qaldığım yer-filan hayında deyildim, heç harda olduğumu da bilmirdim, soyuq küçəyə düşüb gedirdim. Qarşıda tank kalonnası var idi, döyüş maşınları dayanmışdı, uzun saçlı əsgərləri almışdım çənəmin altına. Sizi bura kim çağırıb? Bu işğalçılıqdır, daha nələrsə deyirdim, başım dumanlıydı, təfərrüatı ilə xatırlamıram. Əsgərlər gülüşürdülər, rusların sərxoşlara münasibəti həmişə yaxşı olub.

Plaş geydiyindən rütbəsi bilinməyən komandirləri də gəlib çıxdı. Komandirə də işğalçılığın bəyənilməyən hərəkət olduğu haqda fəlsəfi ibarələr döşəyirdim. Qoluma girdi, harda xidmət eləyibsən, soruşdu. Nijni Saldada, dedim. Inanmırdı. Hərbi hissəmizin yerləşdiyi yeri, Saldanın küçələrini təsvir elədim. Adam bircə göz qırpımında dəyişdi, gövrəlmişdi, məlum oldu Nijni Saldadandır, elə də böyük şəhər deyildi, harda yaşadığını deyən kimi evlərini də tanıdım.
Məni tank kalonnasından keçirib dedi: Get, başını at, uzan yat. Gecə dünya qopsa belə evdən çölə çıxma.

Gecə dünya qopdu, mənsə çölə çıxmadım. Daha doğrusu çıxa bilmədim.

Yanvarın 19-dan 20-nə keçən gecəydi.

***

Mən şahmat oynamağı xoşlayıram, amma nərd oynamaqdan da imtina eləmirəm. Əlabbas Bakı çempionu olduğunu, nərddə özündən başqa oyunçu tanımadığını deyəndə məni qıcıqlandırdı. Şərt kəsdik. Uduzan yazı yazacaq, qalibin həmyerlilərinə, şəcərəsindəki bütün qohum-əqrəbasına salam göndərəcəkdi. Əla

Əlabbas yazıçı kimi də, dost kimi də əvəzsizdir, mən onun çox yaşamasını arzulayıram, həm də sağlıq və rifah içində. Amma bu qəddar şərtə qeydsiz-şərtsiz razılaşan dostuma kədərlə baxırdım, əməlli-başlı kədərlənmişdim. Adam mənim şəcərəmin, qohum-əqrəbamın, həmyerlilərimin sayından xəbərsizdi, dünyanın hər tərəfinə səpələnmişik, hamısına salam yazmağa ömrü yetəcəkdimi?

Ağacların arasındakı çayxanada oynadıq, ilk oyunu başa çatdıra bilmədik, ağacın başındakı quşlar ağ köynəyimi cürbəcür rənglərə boyadığından yaxınlıqdakı dükana gedib mənə təzə köynək alası olduq və yalnız bundan sonra oyunu davam elətdirdik.

Əlabbasın Naxçıvandakı bütün qohum-əqrəbasını, sinif yoldaşlarını, oturub-durduğu, gəzib dolaşdığı, çay içdiyi, çörək kəsdiyi, meşəyə, çölə getdiyi, futbol, beş-daş, gizlənpaç oynadığı, qoyun otardığı, ot biçdiyi, danışdığı, söhbətləşdiyi, görüşdüyü bütün tanışlarını, dostlarını, əlli kilometrlik radiusunda olan bütün həmyerlilərini qəlbən salamlayıram.

***

Moskvada «Izmayılov» otelində təsadüfən Şamaxıdan olan tələbə yoldaşım Ramizlə rastlaşdım. Dedi məndə erməni konyakı var, gedək, içək. Imtina eləmədim. Getdik. Şokoladla konyakı içdik. Sanki heç nə içməmişdik. Ramiz dedi, sən heç narahat olma, viski də varımdı. Etiraf eləyim ki, ona kimi viski içdiyim olmamışdı.

Adama iki qədəh də viski içdik. Bilmirəm, konyak bunu özünə həqarət kimi qəbul eləyib
hərəkətə keçdi, ya viski öz təsirini göstərdi, hər nəydi, ayağa qalxa bilmirdim. Ramiz məni otağıma aparmaq istəyirdi, amma o özü də ayaq üstə güclə qalırdı. Beləcə bir-birimizə söykənə-söykənə dəhlizə çıxmışdıq və beləcə dostum məni öz otağıma aparırdı. Əgər buna aparmaq demək mümkünsə.

Qorbaçovun sərxoşluğa qarşı qərar verdiyi vaxtlardı, pasportlara araq şəkilli möhürlər vurur, paytaxtda sərxoş vəziyyətdə yaxalanan azərbaycanlılar haqda mərkəzi qəzetlərdə silsilə yazılar yazıırdılar. Bütün bunları artıq göz önünə almışdım.

Rusların sərxoşlara olan sevgisinin bir daha şahidi oldum, növbətçilər, otelin personalı bizləri bir-birlərinə göstərir: «Biz ruslar qorxağıq, - deyirdilər, – amma qaralar nə Qorbaçovu, nə də onun qərarını veclərinə almırlar! Halal olsun bunlara! Bunlarda olan cəsarət bizdə olsaydı, bu günə qalmazdıq!»

Hələ bir bizə kömək də eləyirdilər, qolumuza girən kim, otağın qapısını açan kim.
Cəsarətli olmağa gələndə isə, əgər mən viskidən sonra nə günə düşəcəyimizi, Moskvanın bu məşhur otelinin dəhlizində hansı vəziyyətdə dolaşacağımızı qabaqcadan bilsəydim, viskiyə gözümün ucu ilə də baxmazdım.

***

«Yolun sonu» kitabım «Açıq dünya» nəşriyyatında çapdan çıxanda nəşriyyatın direktoru Sahib Əliyev şikayətlənirdi, sən orda cöngə yox başqa şey də yaza bilərdin, kompüterçi qız elə hey soruşur, cöngə nədi? Qız uşağıdı, indi mən ona cöngənin nə olduğunu necə başa salım?

***

Tehrandan qonaqlarım gəlmişdi, dostumun ruscası mənim ingiliscəm kimi idi, yəni nə dostum rusca bir kəlmə bilirdi, nə də mən ingiliscə. Beləcə şirin cənublu ləhcəsinin müşaiyyəti ilə dostlarımı şəhərlə tanış eləyirdim.

Metroda isə ilişdik. Əlabbas metro kartını maşında unutmuşdu, mən evdə,satışda da kart yox idi. Kimlərdənsə bizi keçirmələrini xahiş eləmək ürəyimcə olmadı. Pulumuzu verib keçmək əvəzinə, nəyə görə kimdənsə xahiş eləməliydik.

Qonaqları yola salanda jurnalımızın baş redaktoru Azad Qaradərəli böyük məmuniyyətlə kartının xidmətini təklif elədi, heç nə də yükləyib eləmə, dedi, bəs qədər varıdır. Mənə belə deməkmi olar, həm də 750 qram araqdan sonra?

Qonaqlarımı ötürdüm, daha bir nəfər kartsız adamı keçirtdim, bu əyalət adamının cibimə yöndəmsiz tərzdə salmaq istədiyi qəpiyi götürməkdən imtina elədim. Gödəkçəmin cibini cırılmaqdan sığortalayım deyə sonrakılara pul lazım olmadığını bəri başdan elan eləyirdim. Xeyirxahlıq, yaxşılıq eləmək necə də gözəldir! Qəlbim şövqlə çırpınır, bütün Bakı əhlinin kartın xidmətindən istifadə eləməsini istəyirdim. Heyf, tələsirdim.

***

Doktor Ikram bir müddət Iranda həkim işləmişdi. Danışır, bir dəfə taksiylə Ərdəbildən Tehrana gedirdim, sürücüyə bakılı olduğumu, elə bu gün gəldiyimi demişdim.

Günorta sürücü maşını bir yeməkxananın həyətinə döndərib saxladı. Çörəyimizi yeyək, gedərik, dedi, etiraz eləmədim. Keçib oturduq, yemək sifariş verdik. Sürücü mənim farsca bilmədiyimi düşünür və farsca yeməkpaylayana deyir, mənə bir stəkan o sudan gətir. Yeməkpaylayan da bir stəkan su gətirib gəldi. Iranlılarda bir adət var, süfrəyə nə gəldisə, birinci qonağa dəvət eləyərlər. Bu da stəkanı mənə uzadıb dedi: «Babam, bəlkə buyurasan?» Əlbəttə buyurdum, stəkanı alıb başıma çəkdim, əla araq idi, heç nə olmayıbmış kimi yenə də yeməyimə davam elədim. Sürücünün gözləri hədəqəsindən çıxıb, bir şey başa düşə bilmir. Nəhayət dilləndi: «Babam, necə suydu?» «Əla! – dedim. – Amma elə bil bir damarı acıydı».
Yeməkpaylayanı çağırdı: «Pədər süxtə, - deyir, - sən mənim üçün nə gətirmişdin? Bu şurəviyə verdim, çəkdi başına, heç sifətini də turşutmadı». «Babam, - yeməkpaylayan da hirslə deyir, - sən ona niyə verirdin? Bunlar arağı da su kimi içirlər, su ilə araqda fərq bilməzlər». «Hər halda o qədər də yox, - sürücü razılaşmır, - bir stəkan da gətir!» Yeməkpaylayan bir stəkan da gətirir, bu dəfə sürücü mənə təklif eləmədən arağı içdi. Necə olsa mənə toxunur, babam, deyirəm, bəs bu dəfə mənə niyə təklif eləmədin? Bu da qızarıb bozarır: «Babam, su istəyirsən, özün gətirt!»

Yolda buna farsca deyirəm, biz bakılılar araqla suyun fərqini bildiyimiz qədər, türkcə ilə farscanın da fərqini bilirik. Hər şeyi başa düşdü, bir xeyli üzr istədi, hər Tehrandan gələndə mənim üçün iki şüşə araq gətirirdi.

***

Fikrət Güloğlana qız adıyla düz altı ay sevgi məktubları yazmışdı. Fikrətin şairliyi öz yerində, amma sevgi məktublarını elə yazırdı, Güloğlan hər oxuyanda göz yaşlarını saxlaya bilmirdi. Tezliklə bu əyləncə Fikrəti yordu və məktub yazmaq əziyyətinin bəhrəsini görməyə qərar verdi. Meyvə yemək istəyirdisə, Güloğlana yazırdı. «Dünən səni gördüm, rəngin ağarmışdı, yəqin səndə vitamin çatmır, çoxlu meyvə yeməlisən». Axşama Güloğlan evə meyvə dolu torbalarla gəlirdi. Ya da xətrinə ət yemək düşürdüsə, məktubda buna işarə vurulurdu. «Bu gün səni gördüm, qəlbim qan ağladı, yaman sınıxıbsan, çoxlu ət yeməkləri yeməlisən». Güloğlan da ət alıb gətirir, köşkün yanında manqalı yandırır, kabab bişirirdi. Fikrət də kababdan ləzzətlə yeyirdi. Könlünə şirniyyat düşəndə də növbəti məktubda Güloğlana şirniyyat yeməyin vacibliyi haqda yazırdı.

Güloğlanı pencəyinin döş cibində ağ qızılgül, əlində də «Kommunist» qəzeti dəfələrlə Sahil parkına, «28 may» metrosunun qabağına görüşə dəvət eləyir, özü isə kənarda dayanıb pencəyini, köynəyini, pencəyinin döş cibindən boylanan ağ qızılgülü qaydaya salıb həyəcanla gəzişən Güloğlanı seyr eləyirdi.

Güloğlan görüşdən kor-peşiman qayıdanda növbəti məktubu alırdı. «Mən səni gördüm, necə də şahanə duruşun var idi! Bilsəydin qızılgül sənə necə yaraşırdı. Özüm sənə yaxınlaşmadım, bu həyəcan, intizar, həsrət dolu anların ömrünü uzatmaq istədim. Gələn dəfə mütləq görüşəcəyik!»

Həyəcan, intizar, həsrət dolu anların ömrü isə uzandıqca uzanırdı.
Altı aydan sonra Güloğlan təsadüfən hər şeyi öyrənmişdi. Uzun müddət bunu Fikrətə bağışlaya bilmədi.

***

Bakıda olduğumu bilən Elman Eldaroğlu məni xeyriyyə cəmiyyətinin iclasına dəvət elədi, pulum az idi, qalmaq istəmirdim, sonda birtəhər keçinərəm deyə, qalmağa qərar verdim. Gecə biznesmen olan bacanağımla bir otaqda yatdıq, bacanağım səhər tezdən oyanıb rayona getməliydi.

Səhər oyanıb pencəyimi geyirəm, lənət şeytana, pencək əynimə keçmir, bir təhər geyinirəm, qolları dirsəyimdən bir az aşağıdır. Bir gecədə pencəyə nə olmuşdu? Bacanağımın yerində olmadığını görəndən sonra hər şey aydın oldu. Mənim pencəyimi geyib getmişdi. Dilxor oluram, bu pencəklə tədbirə necə gedə bilərdim? Adam, sən bir bax da, əyninə üç ölçü böyük olan pencəyi necə geyərsən? Ciblərinə baxıram, vah bə, burda bəs qədər pul var.
Tədbirə böyük məmuniyyətlə qatılıram, hələ bir nitq də irad eləyirəm. Bağışlayın, deyirəm, belə pencəklə qarşınıza çıxası oldum, amma bu mənim günahım deyil, pencəkləri bacanağım dolaşıq salıb. Əslinə qalarsa, bundan ötrü qan qaraltmağa dəyməz, pencəyin dəyişik düşməsi dərd deyil, əsas cibinin dolu olmasıdı.


Bakı, 1990
Bakı, 1990
Bacanağım isə yalnız QAI-yə pul verməli olanda ciblərinin boş olduğunu görüb pullarını düşürtdüyünü zənn eləmişdi, eyni pencəklər geyirdik, rayondan mənə zəng eləyəndən sonra işin nə yerdə olduğunu başa düşmüşdü. Deyir: «Elə bildim, pulları düşürtmüşəm». «Elə bildim, nə deməkdir, - ona təskinlik verməkdən çox uzağam, - sən elə də bil».

Bu heç də pencəklə bağlı başıma gələn birinci əhvalat deyildi. Xırdalandakı qohumumun qızına elçi gəlmişdi, isti idi, içəri keçəndə pencəklərimizi çıxarıb dəhlizdəki asılqandan asdıq. Hamı rəsmi geyinib, qara, qəhvəyi kostyumlar, qalstuklar işıldayır. Yazıçı cənabları isə dama-dama pencəyi, girdə boğaz qırmızı köynəyi ilə hamıdan seçilir. Bir sözlə pencək sarıdan arxayınlaşıram, adamların dama-dama pencəyi geyib gedəcək hallarının olmadığı hər qırımlarından bəlli.

Sonda qonaqlar dağılışır, mənsə qohumumgildə qalıram, səhər getmək istəyəndə isə məlum olur ki, heç də mən düşünən kimi deyilmiş, pencəyimi geyib gediblər, asılqanda qara bir pencək qalıb. Inanmağım gəlmir, bu necə ola bilərdi? Qapı döyülür, qaynımın sürücüsü gəlir, pencəyi gətirib, əlli manat da pul. Pencəyimi geyib gedən qaynım imiş, zəng də eləyir, bağışla, deyir, mən hər halda narahatçılığı azacıq da olsa aradan qaldırmağa qərar verdim. Boş şeydir, deyirəm, sən əgər hər dəfə pencəyi gedib gedəndən sonra belə mühüm qərarlar verəcəksənsə, hər gecə mənim dama-dama pencəyimi geymək şərəfinə nail ola bilərsən.

***

Ikram Tehranda həkim işləyəndə Azərbaycandan bacısının rəhmətə getdiyi xəbərini alır. Pasportunda nəsə qaydada deyilmiş. Tehranın bütün idarələrində tanışı olan dostunun yanına gedir. Dostunun arvadı deyir, indi səninlə görüşə bilməz, divara dırmaşır, hər tərəfə adam salıb, qoy o zəhrimardan gətirsinlər, halı düzəlsin, sonra görüşərsiz. Çox gözləyir, nəhayət adamlar gəlirlər, qadının dediyi zəhrimardan gətirirlər, qızılı çay kağızına bükülmüş barmaq uzunluqda bükülülər imiş. Ikram; mənim buna çox işim düşür, bir də gələndə gözləməyim deyə bükülülərdən birini cibinə qoyur.

Dostunun halı düzəlir, onu bu işə baxan generalın yanına aparır, general hansısa sənədi istəyir, Ikram ciblərini generalın stolunun üstünə boşaldır, sənədi tapıb verir. Pasportunu qaydaya salırlar, Ikram da özünü bacısının dəfninə yetirir.

Tehrana qayıdandan sonra qərara alır gedib dostuna təşəkkür eləsin, amma onu görən dostunun arvadı deyir ki, hər tərəfə adam salıb, qoy o zəhrimardan gətirsinlər, sonra görüşərsiz. Birdən həmən bükülüdən birini götürdüyü Ikramın yadına düşür. Bükülünü dostuna verir, halı düzələndən sonra dostu ondan soruşur, bu səndə hardandı? Ikram da hardan olduğunu danışır. Dostu deyir, demək, generalın yanına gedəndə bu sənin cibindəydi, bu cibində ola-ola Iran kömrüyünü, öz kömrüyünüzü keçdin, sonra da qayıdıb gəldin.
Ikram dostuna baxır-baxır, huşunu itirib guppultu ilə döşəməyə sərilir.
Xoş təsadüflər onu asılmaq təhlükəsindən xilas eləmişdi.

***

Yardımlıya yeni işıq xətti çəkilməliydi. Bu işi həyata keçirəsi olan adam Yardımlıya gəlir, qonşu rayonlarda yubanır və Masallıdan Yardımlıya yola düşəndə artıq gecədən bir qədər keçibmiş. Meşədə maşını saxlatdırıb özünü ağacların arasına verir, möhkəm külək əsirmiş. Bir azdan külək qapını çırpıb bağlayır. Sürücü elə bilir müdiri mindi, işığı yandırıb arxaya baxmadan maşını sürüb gedir. Məsul şəxs arxasınca qışqırır, küləkdə sürücü onu eşitmir. Meşədə də telefon tutmur. Adam qalır meşənin ortasında. Qaranlıq, göz-gözü seçmir, sağda-solda canavarlar, çaqqallar ulaşır. Adamın qaranlığa qarşı fobiyası var imiş. Tir-tir əsir, neyləyəcəyini bilmir, hər an canavarların hücum eləyib onu parçalayacağını düşünür. Bir tərəfdən də soyuq, külək əhdini kəsir

Sürücü Yardımlıya gəlir, otelin qarşısında maşını saxlayıb arxa qapını açır, amma müdirinin orda olmadığını görür. Ha fikirləşirsə, müdirini harda itirdiyini yadına sala bilmir. Oteldə yer alıb yatır, deyir uşaq deyil itə, harda olsa, tapılar.

Sübhdən Masallıya bazarlığa gedən dükan sahibi bir nəfərin yolun kənarında oturub başını qucaqladığını görür. Maşını saxlayır, adam gömgöy göyəribmiş. Dili söz tutmurmuş, haçandan-haçana kim olduğunu başa sala bilir. Dükançı onu maşınına mindirib, rayona gətirir. Ondan layihənin necə həyata keçəcəyini soruşurlar. Adam qısaca cavab verir, heç bir layihə olmayacaq, unudun.

Məsul işçinin qarnının namünasib vaxtda ağrıması, sürücünün diqqətsizliyi Yardımlını gözəl bir layihədən kənarda qoydu.

***

Ömrünün yarıdan çoxunu yaşayan şairin nəsrə keçməsi, nasirin isə şairliyə başlaması məncə qələm adamının xərifləməsinin ilk əlamətidir.

Fikrət qulaq asır və deyir: Onda ədəbiyyatımız büsbütün xərifləyib.
XS
SM
MD
LG