Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:36

Samirə Əşrəf "Nəhs rəqəm" (Hekayə)


Özümü keçmiş zamanda təssəvvür edə bilmirəm. Çünkü, təssəvvür hissi məndə yox olub. Mənim bacardığım iş düşünməkdi. Bədənimin bütün hissələri iflic olub. Başım elə bil ki, sal bir qayanın uzərinə yapışıdırılıb. Bəzən gözlərimin önünə başı, əlləri, ayaqları olan, daim hərəkət edən baş görsənir. Ağrıyanda da başımın ortası ağrıyır, düşünəndə də başımın ortası düşünür. Heç bir tərrəddüdsüz, etirazsız. Lakin iflic olmağın ən dəhşətli sirri də bundan ibarətdir ki, hər kəs elə bilir ki, sən tamamilə iflicsən.
Əvvəllər tez-tez təəssüflə yırğalanan başlar, axan göz yaşları görürdüm. Beş ilə yaxındır ki, nə məni, nə də hər kəsdən etibarlı qoca ərimi bir nəfər də olsun itirib axtarmır. Sağ qalan qohumdan, qardaşdan yalnız mənə sadiq qalan təkcə bu qoca olub. Vəfalı, sadiq ərim isə bütün bu düşüncələrdən xəbərsiz vaxtlı-vaxtında məni yedirdir, içirdir, çimizdirir. Tez-tez saçlarımı sığallayır. Mən isə bu sığalların heç birini hiss etmirəm, yalnız açıq gözlərimlə görür, başımın ortası ilə düşünürəm. O məni əvvəllər sevdiyi kimi sevir, mən də onu sevirəm, ancaq bunu heç nə ilə- baxışlarımla belə, izah edə bilmirəm. Üzümün bütün əzələləri də hissiyyatını itirib, iflic olub. İflic olmayan isə təkcə beynimdi.
Cavan vaxtlarımda tez-tez necə yaşlanacağımı göz önünə gətirərək özümü cürbəcür qocalıq tablolarından boylanan görərdim. Düşünürdüm ki, mən də nə vaxtsa ağarmış saçlarımı sancaqla bir yerə topalayıb cavanlığım və keçmişim barədə xatirələrə dalacağam və təəssüflə düşünəcəm ki, artıq bütün gözəlliklər, təravətli günlər geridə qaldı. Vaxt gəlib çatmış, qocalıq tablolarının hansısa gerçəkləşmişdi. Keçmişdə etdiyim günahlar və bir də vicdanımın yorulub usanmadan məni sıxma-boğmaya salması artıq məni qorxutmurdu. Vicdanım bir ömür boyu o qədər əsib-coşmuşdu ki, indi laxlayıb yerində ləngər vururdu. Geriyə qayıtmaq isə əsla mümkün deyildi. Xəstələnib yatağa düşdükdən sonra bir şeyi yaxşı anladım ki, bu dunyada irəli getməkdən, daim gələcəyə tələsməkdən asan heç nə yox imiş.
Beynim dayanmadan mal istehsal edən fabrik maşınları kimi ancaq ve ancaq düşüncə istehsal edir.
Qoca işdən indilərdə gəlib. Əvvəlcə xörəyi qızdırır, məni yatağımdan ehmalca qaldırır, başımın altına yastıq qoyur, boşqabdakı xörəkdən qaşıq-qaşıq mənə yedirdir. Xörəyi yedirdib qurtardıqdan sonra mənə bir fincan da çay içirdib özünə xörək çəkib iştahla yeməyə başlayır. Arada mənimlə nə barədəsə danışır, gülür.
Son vaxtlar keçmiş günlərimiz, ərimlə sevgili vaxtlarımızda gəzdiyimiz bulvar yadıma düsür. Buludsuz, tərtəmiz, şaxtalı hava, göydən yağan qar dənələri. Eh o bulvarlar, parklar, dəniz kənarları çoxlarına uğur gətirmir.
Ey sevgililər, bir-birlərini sevən dəlilər gəzməyin o bulvarı, dəniz kənarı qumluqları, qarlı, yağışlı, küləkli gecələri, yoxsa siz də mənim halıma düşəcəksiniz. Ya da ki, vaxt gələcək ikinizdən biriniz tənhalığa məhkum olanda mütləq həmin bulvarı, bir yerdə gəzdiyiniz qaranlıq gecələri, ayın buludlu çöhrəsi altında bərq vuran dəniz ləpələrini, ayaqlarınızın altından torpaği dəlib cücərən ot-ələfi, bir sözlə keçmiş gözəl günlərinizi düşünüb məyus olacaqsınız. O zaman üzünüzə xəfif bir meh toxunacaq. Bu meh sizdən əvvəllərdə o ciğırları, o yolları keçib getmiş milyonların ruhu olacaq.
Düşünməkdən məni bircə yatmaq xilas edir. Gözlərimi açanda isə ilk işim pəncərəyə baxmaq olur. Qaranlıq düşür qoca isə hələ də işdən gəlib cıxmayıb. Düşünə-düşünə yuxulayıram. Ayılanda isə qatı zülmətdən başqa heç nə görmürəm. Bir neçə saat da kecir, dan yeri yavaş-yavaş ağarır. O bütün bir gecəni evə gəlib cıxmır. Üşənirəm, beynim dinc dayanmır yenə keçmişi qurtdalayır.
Nə vaxtsa da qaranlıq düşmüşdü, o gəlməmişdi, səhər açılmışdı o yenə də gəlməmişdi, gün günortanı yandıranda qapı açılmış, o içəri girmiş məni qucaqlayıb ağlamış. Bintlə sarınmış, qana bulaşmış əlini mənə göstərib uzun-uzadı nəsə danışmışdı.
Ölümdən qorxmuram, tənha ölməkdən qorxuram. Bir də ki, həyatımın mənasızlığına təəssüflənirəm. Dünyaya, dünyanın etibarsız insanlarına usyan edirəm.Təbiət məni bu hala salmaqla nə qazandı gorəsən? Axı onun üçün nə fərqi vardı. Bu darısqal otaqda çürüyüb qurtlamış cəsəd, ya da torpağın, qumun altında.
Qocaya çox yazığım gəlirdi. O bu neçə illəri mənimlə birgə əzab çəkərək ömrünü heç elədi. O mənim üçün dünyanın ən müqəddəs insanı idi. Mən indi bütün qəlbimlə,varlığımla hiss edirəm, duyuram ki, artıq o bu dunyada yoxdur. Mən də yox olub, illərcə çəkdiyim can əzabından qurtulub, ruhumun azadlığına qovuşacağam.
Hündürboylu, arıq sarışın oğlan bu gün küçədən gətirilmiş kişi meyidinin sağ ayağının baş barmağından on üç rəqəmli kağız parçasını asıb gedir. Ilahi bu nəhs rəqəm görəsən neçə insanın ayaq barmağından asılmışdı.
Ayağından nəhs rəqəmi asılmış meyidə isə sahib çixan bir kimsə yox idi. Külək vurduqca kişinin barmağından asılan nəhs rəqəm yazılmış kağız parçası yellənrək, yerini dəyişəcək vaxtı və yeni sahibini səbrsizliklə gözləyirdi.
XS
SM
MD
LG