Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:02

300-dən çox sürücü etiraz edir [VİDEO]


Bakıda taksi sürücülərinin kütləvi etirazı
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00
Direct-ə keçid

Yanvarın 16-da 300-dən çox taksi sürücüsü Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşıb, nazir Ziya Məmmədovun istefasını, nazirliyin taksi xidmətini məhdudlaşdıran qərarının ləğvini tələb ediblər. Vüsalə Əlibəyli və Ülkər Akıfqızının videoreportajı

«Biz çörək davası edirik, çörək istəyirik, çörək. Bizə çörək, iş versinlər. Polislər bizi «dubinka» ilə döyürlər».

«Bir səlahiyyətli çıxsın, sözümüzü deyək də».

Etiraz edənlər Bakıdakı taksi sürücüləridir. Yanvarın 16-da 300-dən çox taksi sürücüsü Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşıb, nazir Ziya Məmmədovun istefasını, nazirliyin taksi xidmətini məhdudlaşdıran qərarının ləğvini tələb ediblər:

«İki gündən bir gedib Çindən zir-zibil gətirirlər. Gətirib, yaxşı eləyib, qoy yerdə qalan kasıb-kusub da işləsin də. 50 manat plan qoyub, işlədim, 50 manat sənə verdim, bəs evə nə aparım? Uşaqlarım acından ölməlidir?»

«Dövlətin işi yox, bir şeyi yox, qoysunlar özümüz özümüzü dolandıraq da».

«Necə vergi ödəyiriksə, lisenziyanı da müəyyən etsinlər ödəyək, ailəmizi saxlayaq da».

«Ziya Məmmədov istefa verməlidir. Camaatı incidirlər. Bu, bütün respublikanın süqutudur. Bu dəqiqə Azərbaycanın 60 faizi taksi sürür. Dövlət yerlərində normal maaş yoxdur, hamı dövlət işindən çıxandan sonra maşının başına bir şahmat qoyub taksi sürür. Taksini ləğv etsələr bütün millət ayağa qalxacaq. Hərə ailəsində azı 4 nəfər saxlayır. Bir yerə yığanda gör Azərbaycanın nə qədər əhalisi ac qalacaq».

POLİSLƏ QARŞIDURMA OLUB

Taksi sürücülərinin «İstefa» tələbindən sonra hadisə yerində olan 100-dən çox polis əməkdaşının etirazçılara qarşı münasibəti kəskinləşdi. Polis aksiya iştirakçılarına qarşı «dubinka»dan istifadə etdi.

Daha sonra razılığa gəlindi ki, nazirlikdə katibliyin rəhbəri Namiq Həsənovla görüşmək üçün taksi sürücülərindən 10 nəfər nümayəndə seçilsin. Amma görüşdən qayıdan sürücünün gətirdiyi xəbər etirazçıları sakitləşdirmədi:

«Namiq Həsənovla görüşdük. Deyir ki, iki gün vaxt verin, nazirlə danışım, özüm televiziya vasitəsilə sizə xəbər verəcəm. Deyir, bu qanun bizlik deyil, göstəriş yuxarıdandır».

«İş istəyirik, iş versinlər bizə».

REYDLƏR BUNDAN SONRA DA DAVAM ETDİRİLƏCƏK

Namiq Həsənov
Namiq Həsənov
AzadlıqRadiosuna müsahibəsində isə nazirliyin sözçüsü Namiq Həsənov bildirdi ki, hətta sürücülərin aksiyaları davamlı olsa belə bu, verilən qərarı dəyişməyəcək. Başqa sözlə, Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlər bundan sonra da davam etdiriləcək:

«Taksi sürücüləri yalnız lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Kimlərin ki, maşını standartlara uyğun deyil gedib «London taksiləri»ndən götürə bilərlər və ya ağ rəngli, istehsal müddəti 5 ildən aşağı olmayan maşınla lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Qanun qarşısında hamı bərabərdir, əgər biz qanunsuz fəaliyyətə icazə versək belə çıxır ki, Nəqliyyat nazirliyinin özü qanunsuz işlə məşğuldur».

Namiq Həsənov deyir ki, bundan sonra taksi xidməti göstərmək istəyən fiziki şəxslər 150 manat ödəyib 5 illik lisenziya almalı, fərqlənmə nişanı, texniki və tibbi müayinəyə də hər ay 30 manata yaxın pul ödəməlidirlər. Bundan başqa, sürücü öz hesabına avtomobilə naviqasiya sistemi və sayğac quraşdırmalıdır.

Bu qaydalara etiraz edən taksi sürücüləri bundan öncə də - yanvarın 13-də metronun «Neftçilər» stansiyasının yaxınlığında etiraz aksiyası keçiriblər. Dediklərinə görə, tələbləri yerinə yetirilməzsə, etiraz aksiyalarını bundan sonra da davam etdirəcəklər.

London taksilərinin Bakıya gətirilməsinə bir il bundan qabaq başlanıb. Bənövşəyi rəngli taksilər Nəqliyyat Nazirliyinin sifarişi ilə idxal olunur.
XS
SM
MD
LG