Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Azərbaycanın cənubunda QİÇS-dən ölənlərin sayı artır...


Foto: Arxiv
Foto: Arxiv
«Mən sahibkaram. Rusiyaya getmişdim. Ordan da Avropa ölkələrinə uçmaq istəyirdim. Qanımı yoxladılar, dedilər ki, səndə murdar xəstəlikdən var. Mən inanmadım. İkinci dəfə özümü yoxlatdırdım».

«BU BƏLA HARADAN GƏLDİ»

Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxan həmsöhbətimin gözləri dolur. Gözlərini bir nöqtəyə zilləyərək pıçıltı ilə deyir: «Bu bəla haradan gəldi». Bir neçə dəqiqədən sonra sözünə davam edir:

«Axır ki, QİÇS-ə yoluxduğum mənə sübut olundu. İndi qalmışam Allahın ümidinə. Öz yerimə oğlumu hazırlayıram».

Həmsöhbətim deyir ki, normal həyat tərzi yaşayıb. Spirtli içki aludəçisi deyil, siqaret çəkmir. Əxlaqa zidd hərəkətlərə də yol verməyib. Özü də bilmir ki, bu xəstəlik haradan onu tapıb. Özünü müalicə etmək üçün 10-a yaxın xarici ölkədə olsa da, qeydiyyatda durmur.

«CƏNUB BÖLGƏSİNDƏ 500 NƏFƏRƏ YAXIN QİÇS-Ə YOLUXAN AŞKARLANIB»

Həmsöhbətim cənub bölgəsində QİÇS-ə yoluxmuş yeganə adam deyil. Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HIV/AIDS Diaqnostikası Laboratoriyasının müdiri Rəmiəli İbişov deyir ki, cənub bölgəsində indiyə kimi 500 nəfərə yaxın QİÇS-ə yoluxan aşkarlanıb.

Rəmiəli İbişov bildirir ki, istər virusa yoluxan, istərsə də xəstəliyə tutulmuş şəxslər qeydiyyatda durmalıdırlar:

«MÜALİCƏ FƏRDİ QAYDADA EFFEKT VERMƏZ»

«Virusun artımı hiss olunursa, orda faiz var, qanda virusun səviyyəsi müəyyənləşir. O halda müalicəyə götürülürlər. Belə halda bir neçə il ömrünü uzada bilər. Dünyada vahid strategiya var, Qlobal Fond tərəfindən təklif edilmiş müalicə üsulları var. Müalicə fərdi qaydada effekt verməz. Özünü iflic edər, xəstəliyini ağırlaşdırar. Dünyada 27 adda dərman var, onun əsas istehsalçıları Almaniya, ABŞ, İngiltərədir».

Laboratoriya müdirinin dediyinə görə, ötən il 6 rayonda 20 min nəfərin qanı yoxlanıb:

«Hər il yeni xəstələr aşkarlanır, dispanser qeydiyyatında dururlar. Özlərini vaxtaşırı yoxlatdırılar. Təzə hal deyil».

APA agentliyinin verdiyi xəbərə görə, İranda 93250 nəfər QİÇS-ə yoluxan var. Verilən məlumatlara görə, Rusiyada bu xəstəliyə tutulanların sayı 636 mini ötüb. Xəstəliyin artım sürəti 9 faizdən çoxdur. Bölgə əhalisinin ən çox üz tutduğu ölkə də Rusiyadır.

Azərbaycanda isə QİÇS-ə yoluxanlarla bağlı dəqiq rəsmi rəqəmlər açıqlanmır. Hərçənd, Rəmiəli İbişov deyir ki, Azərbaycan bu xəstəliyin az yayıldığı ölkələr sırasındadır.
Foto: Arxiv
Foto: Arxiv
Onun fikrincə, buna baxmayaraq, miqrasiya və narkomanlığın hesabına belə xəstələrin sayı artmaqdadır. O, hesab edir ki, indi dünyada təhlükəsiz yer yoxdur:

«TƏHLÜKƏ HƏR YERDƏ VAR»

«Təhlükə hər yerdə var, öz rayonumuzda da təhlükə var. Öz davranışımıza fikir vermiriksə, həmişə yoluxma təhlükəsi altındayıq. Narkomaniya islam ölkələrində də var. Heroini maye şəkilində vururlar. Şprisdən istifadə edirlər».

Həkimin dediyinə görə, bölgədə bu xəstəliyə sürətlə yoluxma halları xüsusilə Astara rayonunda özünü göstərir. Bu rayon sərhəd zonasında yerləşdiyinə görə İrana, Rusiyaya gedənlər çoxdur.

Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının (MAGİYA) rəhbəri Arif Məlikov isə hesab edir ki, əhali arasında maarifləndirmə işi aparılmalıdır:

«QİÇS CƏNUB BÖLGƏSİNDƏ AKTUAL BİR PROBLEMƏ ÇEVRİLİB»

«Bu gün cənub bölgəsində problemlərdən biri də QİÇS problemidir. Bizdə olan statistikaya nəzər yetirsək, 2010-cu ildə cənub bölgəsində 432 nəfər QİÇS xəstəsi aşkarlanıb. 214 nəfər Lənkəranın, 80 nəfər Masallının, 98 nəfər Astaranın, 30 nəfər Cəlilabadın, 4 nəfər Yardımlının, 6 nəfər isə Lerikin payına düşür».

Arif Məlikov düşünür ki, bu problem artan xətlə davam edəcək. Ona görə də, yaxın vaxtlar üçün ən vacib tədbirlər həyata keçirilməlidir:

«6 AYDAN ÇOX ÖLKƏNİ TƏRK ETMİŞ ŞƏXSLƏR LABORATORİYA MÜAYİNƏSİNDƏN KEÇMƏLİDİR»

«Düşünürəm ki, əhalinin maarifləndirilməsində problemlər var. Bu xəstəlik miqrantlar arasında çox yayıldığı üçün 6 aydan çox ölkəni tərk etmiş şəxslər laboratoriya müayinəsindən keçməlidir. 10-11-ci siniflərdə şagirdlər üçün hökumət tərəfindən müvafiq dərsliklərin təşkil edilməsi vacibdir. O cümlədən reabilitasiya mərkəzinin olması aktual məsələlərdəndir».

Sədrəddin Kazımov
Sədrəddin Kazımov
Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Sədrəddin Kazımov isə deyir ki, QİÇS-ə qarşı mübarizə zəif aparılır. Onun fikrincə, hamı nəyi isə gözləyir:

«Mübarizə zəifdir. Bir sıra qeyri-hökumət təşkilatları var, bunlarla mübarizə aparır. Burda bir neçə iş görürlər. Onların istiqaməti düzgün deyil. Xəstəliyə tutulanların sayı ildən ilə artmaqdadır. Dövlət bu sahəyə zəif nəzarət edir. Bir nəfər stomatoloji kabinetdən istifadə etdiyi üçün QİÇS-ə yoluxub. Mənim yaxınımdır».

Sədrəddin Kazımovun fikrincə, bu xəstəliyin əsas mənbəyi narkomanlıqdır, narkomaniyanı dayandırmadan bu ocağı söndürmək mümkün deyil:

«XƏSTƏLİYİN KÖKÜNÜ KƏSMƏK LAZIMDIR»

«Narkomaniya ilə mübarizə zəifdir, açıq aydın mübarizə apara bilmirlər. Dövlət qayğısı ilə həll oluna bilər. Əfsus ki, bu işə o qədər də maraq yoxdur. Xəstəni qeydə alıb müalicə etmək azdır, xəstəliyin kökünü kəsmək lazımdır».

Cənub bölgəsində ilk dəfə 2000-ci ildə QİÇS-ə yoluxan xəstə aşkarlanıb. Bu, Lənkəran rayonunda baş verib. Ötən 10 il ərzində cənub bölgəsində bu xəstəlikdən 46 nəfər vəfat edib. Ötən il isə 6 nəfər ölüb. Mütəxəssislər isə QİÇS-ə yoluxmuş xəstələrin sayının qat-qat çox olduğunu bildirilər. Onların fikrincə, nə bunun dəqiq statistikası aparılır, nə də rəsmilər bu rəqəmləri açıqlamaqda maraqlıdırlar.
XS
SM
MD
LG