Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Rəsul Quliyev Avropadan azad seçki dəstəyi almağa çalışır (AUDİO)


Rəsul Quliyev
Rəsul Quliyev
Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev Almaniyada səfərdədir. 2013-cü ilin prezident seçkisinin azad və ədalətli keçirilməsinə dəstək üçün Avropa turnesinə çıxdığını deyən keçmiş spiker AzadlıqRadiosunun da suallarına cavab verib.

(Müsahibəni mətnin sonunda dinləyə də bilərsiz.)


- Rəsul bəy, Siz indi Almaniyada səfərdəsiz. Zəhmət olmasa, orada görüşləriniz, səfərinizin məqsədi barədə məlumat verin.

- Dünəndən parlamentdə və Xarici İşlər Nazirliyində görüşlərə başlamışam. Xarici İşlər Nazirliyində Qafqaz və Orta Asiya üzrə idarənin rəhbəri və onun müavini ilə görüşmüşəm. Bundestaqda da deputatlarla görüşmüşəm. Bu görüşlər davam edəcək.

Niyə Almaniya? Biz qəbul etməliyik ki, Almaniya kontinental Avropada superdövlətdir. Təbii ki, əsas görüşlər Almaniyadan başlamalı idi. Almaniya parlamenti və hökumətinin Azərbaycanda demokratik proseslərə dəstəyini almağın əhəmiyyəti çox böyükdür.

- Zəhmət olmasa, bir az konkret deyin, nəyə, hansı formada kimdən dəstək almaq istəyirsiniz?

- Azərbaycandakı problemlərin həllinin yeganə yolu demokratik seçkilərdən keçir. Hazırda Azərbaycanın böyük problemləri həm ərazi ilə, həm də korrupsiya və rüşvətlə bağlıdır.

Faktiki olaraq, Azərbaycan müstəqilliyini alan dövrdə hüquqi dövlət yaratmağa indikindən daha yaxın idi. Ölkədə 8 dəfə - 4 dəfə prezident, 4 dəfə də parlament seçkisi keçirilib. Hər dəfə də beynəlxalq təşkilatlar bu seçkilərin saxtalaşdırılması barədə məlumatlar yayıblar. Saxtalaşdırma arta-arta davam edib. Belə saxta seçkilər, Azərbaycanda demokratiyanın olmaması ölkənin üzləşdiyi problemlərinin də həllinə imkan vermir.
...başa salsınlar ki, bu dəfə də demokratik seçki keçirməsə, Azərbaycan Avropa Şurasından da azad oluna, hökumət açıq şəkildə qeyri-legitim də elan edilə bilər.

Mənim Avropadan istəyim odur ki, Azərbaycan hökumətinə təsirləri bu dəfə daha güclü olsun. Yəni, başa salsınlar ki, bu dəfə də demokratik seçki keçirməsə, Azərbaycan Avropa Şurasından da azad oluna, hökumət açıq şəkildə qeyri-legitim də elan edilə bilər. Yəni, Azərbaycan hökuməti qarşısında gərək şərt qoyula.

Ümid edirəm ki, 2012-ci ilin sonlarına qədər həm Avropa Şurasının, həm də Avropa Parlamentinin bu məsələlərlə bağlı konkret qərarlar qəbul etmələrinə nail olacağıq. Almaniya deputatları həmin problemi həm Avropa Şurasında, həm də Avropa Parlamentində qaldıracaqlar.

Sözsüz ki, mən Avropanın xarici siyasətinin açarı əlində olan başqa ölkələrə - İngiltərəyə, Belçikaya, Skandinaviya ölkələrinə də səfər edəcəm. Bu dəfə biz qəti şəkildə yol verə bilmərik ki, seçki saxtalaşdırılsın. Bu dəfə də seçkinin saxtalaşdırılması Azərbaycan Respublikasını çox böyük təhlükələr qarşısında qoyacaq.

Çox gözəl başa düşürəm ki, Azərbaycanın özünün daxilindən hər hansı etiraz, müqavimət olmasa, kənardan heç bir qərar, heç bir ölkə, beynəlxalq təşkilat vasitəsilə Azərbaycanda köklü dəyişikliyə nail olmaq mümkün deyil. Ona görə də sözsüz ki, mən əsasən Azərbaycanın daxilində işləri qurmalıyam.

- Rəsul bəy, Sizin haqqınızda Azərbaycanda cinayət işi var. İnterpolun xətti ilə də axtarışdasınız. Bəs, bu problemlər Sizin xarici ölkələrə səfərlərinizə mane olmurmu?

- (Gülür) Mən başa düşə bilmirəm... Korrupsiya və rüşvətin içində olan, milyardları oğurlayan bu Azərbaycan hökumətinin İnterpola verdiyi kağız əsasında, doğrudan siz fikirləşirsiz ki, məsələn, Avropadakı sivil demokratik dövlətlər bir addım atar, həmin sənədi ciddi qəbul edərlər? Bu, mümkün olan şey deyil...

- Hər halda, İnterpol beynəlxalq təşkilatdır...

- Bilirsiz, bəli, İnterpol beynəlxalq təşkilatdır. Amma onun sənədlərinin istifadə edilib-edilməməsi hər dövlətin öz daxili işidir.

Mən ABŞ-da siyasi sığınacaq verilmiş bir şəxsəm. 1951-ci ildən BMT qərar qəbul edib ki, siyasi sığınacaq alan şəxslərin hüquqları toxunulmazdır.

- Bəs, Azərbaycana qayıtmağı nə vaxta planlaşdırırsız? Çünki, yəqin Sizə də tanışdır, tənqidçiləriniz deyir ki, Rəsul Quliyev Bakıya dönmək şansını hələ 2005-ci ildən itirib.

- Hətta 2010-cu ilin axırlarına yaxın da bir çoxları deyirdi ki, Rəsul Quliyev siyasi meyitdir. Ümumiyyətlə, Azərbaycanda bu sözü sevirlər. Vaxtilə Heydər Əliyev barədə də deyirdilər ki, siyasi meyitdir. Azərbaycandır də deyirlər qurtardı, siyasi meyit oldu...
İndi görək də. Mən, bu barədə konkret bir söz deyə bilmərəm. Ancaq bu o demək deyil ki, Azərbaycana qayıtmaq qeyri-mümkündür. Müəyyən şərtlər daxilində bu, çox realdır.

- Yəni, şərtiniz nədir?

- O şərtləri sizə açıqlamaq niyyətim yoxdur.

- Bizim dinləyicilərə heç olmasa, təxmini bir zaman deyə bilərsizmi? Məsələn, qarşıdakı prezident seçkisi ərəfəsi, filan...

- Mən Azərbaycanda qarşıdan gələn prezident seçkisində iştirak etmək niyyətindəyəm. İştirak etmək və azad şəkildə keçirilən seçkini udmaq niyyətindəyəm.

- Yəni, artıq Sizinlə prezidentliyə namizədliyini verməyə hazırlaşan bir siyasi lider kimi danışmalıyıq, eləmi?

- Yox, hələ onu qəti demək tezdir. Çünki, hələ seçkiyə 1 il 9 ay qalır. İndidən prezidentliyə namizəd fikrini irəli sürməməliyik. Mən deyirəm ki, iştirak etmək niyyətindəyəm. Niyyətində olmaqla iştirak edəcəm demək arasında böyük fərq var.
Deməli, ilk növbədə ölkədə azad seçki keçirilməsi mühitinə nail olmalıyıq.

İş elə gətirə bilər ki, 2013-cü ildə doğrudan da Azərbaycanda demokratik dəyişikliklər baş verər. Birdən normal ekzit-pollarla yoxlanar və görünər ki, reytinqin sıfra yaxındır. Ondan gərək ağılını tamamilə itirəsən ki, gedib o prezident seçkisində iştirak edəsən.

Deməli, ilk növbədə ölkədə azad seçki keçirilməsi mühitinə nail olmalıyıq. Onda sözsüz ki, mənim niyyətim də real olacaq. Ona görə indidən mənimlə bir namizəd kimi danışılmasına mənim özüm də istehza edərdim.

- Rəsul bəy, Azərbaycanda müxalif çevrələrdə belə fikirlər dolaşır ki, hər hansı formada müxalifət liderlərinin, təşkilatlarının birliyinə nail olmaq lazımdır. Müxalifət çevrəsində bu niyyətlə bir İctimai Palata yarandı. Amma onun ardınca da Siz bir neçə başqa müxalifət partiyası ilə Milli Müqavimət Hərəkatı yaratdığınızı elan edibsiz. Bununla o mesajı vermirsiz ki, birləşmək əvəzinə daha da parçalanırsız?

- Mən, yaxın tariximizə nəzər salıram. Bir neçə dəfə müxalifət qrupları arasında birlik olub. Məsələn, 1998-ci ildə bütün müxalifət və müxalifətə bənzər qüvvələrin hamısı SİDSUH deyilən bir qurumda birləşdi.

2003-cü ildə prezident seçkisi ərəfəsində mən də bir bəyanat verdim. Demək olar ki, bütün müxalifət qüvvələri bir namizədi dəstəklədi.

2005-ci ildə ümumiyyətlə, müxalifət və müxalifətə bənzər hər hansı qüvvə kənarda qalmadı, hamısı bir yerdə oldu. Nəticə nə oldu?..

İctimai Palata, yaxud, ona bənzər bir qurumda qərarlar konsensus yolu ilə qəbul edilirsə, orada hökumətin hər hansı adamı istənilən vaxt istənilən qərarı belə də çevirə bilər, elə də. Orada səhərdən axşama qədər oturub, müzakirə aparıb, axırda tamamilə qeyri-ciddi bir qərar da qəbul oluna bilər. Bir dənə qeyri-ciddi qərar sonradan ümumiyyətlə, Azərbaycanda demokratik hərəkatın belini qıra bilər.

Məsələn, keçən ilin aprel-may aylarında mitinqlərin keçirilməsi kimi qeyri-ciddi qərarın qəbulu görün, nəyə gətirib çıxardı...

- Bəs, Siz də deyirsiz bir etiraz, müqavimət olmalıdır...

- Yox, bir dəqiqə... Ona görə ciddi yanaşmaq lazımdır. Bunun da yolu odur ki, gərək yaradılmış təşkilatda nizam-intizam ola. Qərar 50+1 səs çoxluğu ilə qəbul olunmalıdır. Qəbul olunmuş qərarı müzakirə etmək olmaz. Onu gərək, əleyhinə səs verənlər də, lehinə olanlar da icra edələr. İntizam olmayan təşkilatda müvəffəqiyyət ola bilməz, bu, Azərbaycanın indiki şəraitində mümkün deyil.
Biz yerdə qalan müxalifət qüvvələri ilə əməkdaşlığımızı qurmağı fikirləşirik. Bunun üçün ehtimal ki, İctimai Palata ilə müqavilə bağlayacağıq ki, bir-birimizin aksiyalarında fəal iştirak edək.

Ona görə müxalifətin bir yerə yığışıb, nəyisə müzakirə etməsi, heç bir qərar qəbul etmədən prosesin yenidən davam etməsi yolverilməzdir.

Amma Müqavimət Hərəkatı tamamilə başqadır, burada nizam-intizam və çoxluğun qəbul etdiyi qərarla işləyən bir təşkilatdır.

Biz yerdə qalan müxalifət qüvvələri ilə əməkdaşlığımızı qurmağı fikirləşirik. Bunun üçün ehtimal ki, İctimai Palata ilə müqavilə bağlayacağıq ki, bir-birimizin aksiyalarında fəal iştirak edək. Bunu Müqavimət Hərəkatında razılaşdırmaq mümkündür, amma İctimai Palatada buna razılıq əldə etmək mümkün olacaqmı? Ola bilər, İctimai Palatada bir nəfər deyəcək ki, yox, belə bir müqaviləyə imza atmaq olmaz. Bizdə sadə çoxluqla bu,qəbul olunacaq, amma orada?

Ona görə, ikinci variant da var. Ola bilər, biz İctimai Palataya daxil olan ayrı-ayrı partiyalarla, məsələn, AXCP ilə müqavilə imzalayacağıq ki, onların bütün aksiyalarında Müqavimət Hərəkatı, bizim aksiyalarda da AXCP iştirak edəcək. Bəli, bu, artıq realdır.
Yəni, müxtəlif yollarla biz o qüvvələrlə müəyyən əlaqələr yaratmağa cəhd edəcəyik. Bu, bizim işlərimizdən biridir.

- Rəsul bəy, Siz hansısa şəraitdə bəlkə Azərbaycanın prezidenti ola bilərsiz deyə, seçicilərin də Sizin fəaliyyətinizdə şəffaflıqla bağlı məlumatlarla maraqlanması yəqin ki, təbiidir. Seçicinin bilmək hüququnun olduğunu göz önünə alıb da bir sual da vermək istəyirəm. Artıq 20 ilə yaxındır ki, daimi iş yeriniz yoxdur. İşləmirsiz, bəs, nə ilə dolanırsız?

- (Gülür) Hə... o çox maraqlı sualdır. 100 faiz sizə deyim ki, mənim yaşayış səviyyəm orta amerikalının yaşayış səviyyəsindən də aşağıdır. Yəni, ucuz maşınım var. Maşınımı özüm sürürəm.

- Maşınınız nədir?

- Əvvəl Ford idi, indi isə balaca bir Volkswagen-im var. Evi borcla almışam.
Çox maraqlıdır e, 20 ildir milyonlar Azərbaycanda heç bir şeylə məşğul olmadan yaşaya bilir, amma mən Rəsul Quliyev ABŞ kimi ölkədə yaşamağa pul tapmaqda çətinlik çəkəcəkdim... Məsələn, mənim verdiyim bir məsləhətim bir saata 250 dollardır, əgər bilmək istəyirsizsə.

- Bəli, Rəsul bəy, sadəcə bilmək istəyirik...

- Əgər bilmək istəyirsizsə, mən Sovet dövründə Azərbaycanda işlədiyim dövrdə həddən artıq yuxarı məbləğdə maaş almışam. Bilmirəm, sizin yaşnız nə qədərdir, amma yaşlı adamlar bilirlər. O vaxt çox böyük maaşı xərcləməyə yer yox idi. Həm də bir az imtiyazı olan adamlar üçün belə xərc yerləri yox idi.

Sovet rublunu da dollara çevirəndə, mən 1992-ci ilə qədər 1.5 milyon dollara qədər maaş almışam.
100 faiz sizə deyim ki, mənim yaşayış səviyyəm orta amerikalının yaşayış səviyyəsindən də aşağıdır.

Uşaqlarımın hamısı işləyir, yoldaşım əvvəl işləyirdi, indi işləmir. Yəni, bir yoldaşımdır, bir mən, iki nəfərik də.

Mən 7 kitab yazmışam...

- Kitablarınıza qonorar da aldınızmı?

- Sözsüz ki, başqa necə ola bilər?

Bundan başqa, mən Rusiyada, Türkiyədə çalışan bir çox şirkətlərə analizlər yazmışam. Bilirsiz, (gülə-gülə) mənim ABŞ-da yaşamaq imkanım çoxdur. Ümumiyyətlə, ABŞ-da yaşamaq problemi ola bilər?

- Siz Azərbaycan vətəndaşının taleyi ilə bağlı qərar verməyə iddialı siyasi lidersiniz. Ona görə vətəndaşın Sizinlə bağlı hər şeyi bilmək istəyi məncə haqlıdır...

- Yox, mən bir söz demirəm ki, hər halda, sualınıza cavab verdim.

Neçə illərdir ürəyimdən keçir ki, Azərbaycan vətəndaşlarının da ABŞ vətəndaşları qədər olmasa da, heç olmasa onların 50 faizi səviyyəsində yaşamasına nail olam.

- Bilirsiz ki, Siz necə indi hakimiyyətdə olanları korrupsiyada, talançılıqda ittiham edirsiz. Eyni sözlərlə də onlar Sizi ittiham edirlər...

- 1992-ci ildən bu yana mən heç bir təsərrüfat işində, iqtisadiyyatda işləməmişəm. 1996-cı ildə də mən gedəndə bu bədbəxt Azərbaycanın hələ qətiyyən pulu yox idi. Heç nəyi yox idi, haa! Nefti də ancaq özünə çatırdı. Mənə deyin, görüm, mən bu pulu hardan götürmüşəm? Axı gərək, bir insan məntiqi düşünməyi bacara də! Yox idi axı bu pul!

- Siz zavod direktoru idiz, axı...

- Mən sizi başa salıram də. Mən zavod direktorluğundan 1992-ci ildə getmişəm. 1992-ci ildə Sovet dağıldı, mən də ordan getdim. 1992-ci ildən orda işləmədim.

İkincisi, hətta, indiki zavod direktorları bu hökumətin başında duranlarla müqayisədə korrupsiya və rüşvət sahəsində balaca uşaqlar hesab oluna bilər. Onların heç adlarını çəkən yoxdur ki, pulları var...

- Rəsul bəy, çox təşəkkür edirəm bu suallara cavab verdiz. Bu yöndə bir sual da var. Sizin dediklərinizdən belə çıxır ki, siyasi rəqiblərinizin yaxşı pulları var, Sizin isə yox. Siz həm də yaxşı iqtisadçısız. Onda bu mübarizəni pulsuz necə aparacaqsız?

- Mən nə dediklərimi çox yaxşı xatırlayıram. Bəli, bunların dəhşətli dərəcədə çox pulları var. Bu baxımdan, onlara qarşı mübarizə aparmaq çox-çox çətindir. Ancaq bu pul xalqın qəzəbinin qarşısında heç vaxt dayana bilmir.

Onun üçün də misal çəkirəm, Tunisdə ben-Alinin və nəslinin əlində milyardla toplanmışdı. Misirdə Mubarak və oğlanlarının 50 milyard dollara yaxın pulu vardı. Qaddafini, indiki Suriyanı misal gətirmək olar. Bəhreyndə neftin pulunun 70 faizi şeyxlərin əlindədir.

Ona görə, heç vaxt o pul xalqın qəzəbinin qarşısını ala bilməz.

- Rəsul bəy, sonda bir sual da verim. İndi 1990-ci il 20 Yanvar Qırğınının ildönümü gəlir. Həmin hadisələr baş verən günlər Siz harda idiz, xatirələriniz nədir?

- Mən, o dövr hadisələrinin aktiv iştirakçılarından biri idim. Yanvar hadisələrinə qədər Bakıda bir çox millətlərin nümayəndələrinə qarşı baş verən qırğınların qarşısının alınmasında Əbülfəz Elçibəylə birlikdə çox ciddi işlər görmüşük.

Yanvar hadisələrindən 2-3 gün əvvəl mən həmin bu Almaniyada idim. Televiziyada Bakıda qırğınlar barədə məlumat aldım və məzuniyyəti kəsib Moskvaya getdim. O zaman Etibar Məmmədov orada idi. Onu qatarla Azərbaycana gətirib həbsdən xilas etmək istəyirdik. Amma bu, alınmadı, onu həbs etdilər.

Yanvarın 21-də Azərbaycana qayıtdım. Azərbaycanda hər yerdə fövqəladə vəziyyət idi. Mənim işlədiyim zavoda da əsgərlər yerləşmişdi. Zavodun yerləşdiyi Xətai rayonunun komendantı isə çox maraqlı adam idi. O, hərbi akademiyanın kafedra müdiri, professor idi. Tarixi çox gözəl bilirdi. Onun söhbətimiz tuturdu. Ona görə Xətai rayonunda fövqəladə vəziyyət rejimi başqa yerlərə nisbətən yumşaq keçdi.
Birinci dəfə özüm maşının sükanı arxasına keçib Əbülfəz bəyi 8-ci kilometr qəsəbəsindən gətirib jurnalistlərlə görüşdürdüm.

Həmin günlərdə müxalifət rəhbərlərini axtarırdım. Onda hərə bir tərəfə getmişdi. Müxalifəti açıq şəkildə müdafiə edən demək olar yeganə üzdə olan insan idim.
Nəhayət, Əbülfəz bəyi tapa bildim. 2-3 gündən sonra məlum oldu ki, 8-ci mikrorayonda Rayon Partiya Komitəsində Sücəddin Abdullayev adlı adam işləyirdi, onun qardaşının evində gizlənmişdi. Sonradan həmin adamı da öldürdülər.

Mən hökumətdə olan adamlarla Əbülfəz bəyin həbs olunub-olunmayacağı barədə məlumatlar aldım. Mənə söz verdilər ki, heç bir həbs olmayacaq. Ondan əvvəl də Əbülfəz bəylə görüşmüşdüm. İstəyirdim ki, üzə çıxsın, ancaq o, həbsindən çəkinirdi.

Moskvadan 35-36 xarici və yerli jurnalist gəlmişdi. Onların hamısını aeroportdan götürüb yerləşdirmək mənə qalmışdı. Köhnə İnturist mehmanxanasında onların camaatla görüşlərini təşkil etdim. Birinci dəfə özüm maşının sükanı arxasına keçib Əbülfəz bəyi 8-ci kilometr qəsəbəsindən gətirib jurnalistlərlə görüşdürdüm. O, gələnə qədər Yusif Səmədoğlunu gətirmişdilər. Amma jurnalistlər Əbülfəz bəyi görəndə, tamamilə ab-hava dəyişdi. Bilirsiz də, jurnalistlərə də əsas sensasiya lazımdır. Onda jurnalistlər çəkdilər, yazdılar, planetin bütün ölkələrində 20 Yanvar hadisələri göstərildi. Hər halda, bu barədə mən yazacam.

Müsahibəni burada dinləyə bilərsiz:
XS
SM
MD
LG