Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:04

«Freedom House» Azərbaycanı yenə «qeyri-azad» ölkələr siyahısına saldı


Keçən il martın 12-də Bakıda keçirilən etiraz aksiyasında fəallardan biri saxlanarkən.
Keçən il martın 12-də Bakıda keçirilən etiraz aksiyasında fəallardan biri saxlanarkən.
Amerikada yerləşən və dünyada demokratik dəyərlərin bərqərar olunması üçün çalışan “Freedom House” qeyri-hökumət təşkilatı yenidən Azərbaycanı “azad olmayan” ölkələr siyahısına salıb.

Təşkilat 2011-ci ildə dünya ölkələrində siyasi hüquqlar və mülki azadlıqların vəziyyəti ilə bağlı hazırladığı hesabatı açıqlayıb.

Hesabatda Azərbaycanda siyasi hüquqlar “6”, mülki azadlıqlar isə “5” balla qiymətləndirilir.

Qeyd edək ki, təşkilat dünya ölkələrini 7 ballıq şkala ilə qiymətləndirib (ən yaxşı ölkəyə “1”, ən pis ölkəyə isə 7 bal verməklə)

Hesabatda Azərbaycanda bu sahələrdə vəziyyətə verilən ballar ötən illə müqayisədə dəyişməsə də, ümumilikdə vəziyyətin daha da pisləşməyə doğru getdiyi qeyd edilir.

“Freedom House” təşkilatının araşdırmalar üzrə vitse-prezidenti Arch Puddington Azadlıq Radiosuna deyib ki, hesabat dünyada demokratiya ilə bağlı çoxlu problemin qaldığını göstərir.

“Bir neçə il əvvəl avtoritarizmə doğru başlanan meyl dayanmayıb və dünyanın bir çox yerlərində demokratiyaya mənfi münasibət qalmaqdadır.

Avtoritar rejimlər hakimiyyətdə qalmaq üçün çox mürəkkəb üsullar fikirləşiblər və onların yerlərindən tərpədilməsi elə də asan deyil”.

Arch Puddington hesab edir ki, bu dedikləri xüsusilə Azərbaycan və Qazaxıstana münasibətdə doğrudur.

Təşkilatın hesabatında bu iki ölkədə insan haqlarının vəziyyətinin daha da pisləşdiyi bildirilir.


Polis müxalifət fəalını saxlayır, 12 mart 2011
Polis müxalifət fəalını saxlayır, 12 mart 2011
Hesabata görə, Azərbaycan prezidenti nümyişləri dağıtmaq üçün zordan istifadə edib, müxalifət fəallarını həbs edib, beynəlxalq medianı neytrallaşdırmağa çalışıb və böyük tikinti layihələrinin tərkib hissəsi kimi vətəndaşları öz evlərindən çıxarmaq üçün hakimiyyətdən sui-istifadə edib.

Arch Puddington deyib:

“Enerji daşıyıcılarının gətirdiyi zənginliyə görə Əliyev öz qurduğu sistemdən arxayındır və özünə çox güvənir.

O, nə, öz avtoritar idarəçiliyinə görə peşmançılıq keçirmək düşüncəsindədir, nə də islahat aparmağa meyllidir”.

“Freedom House” təşkilatının hesabatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə də “qeyri-azad” qiyməti verilib, ballar da eynilə - ümumilikdə Azərbaycana verilən ballar kimidir. (ötən ilki kimi)

Təşkilat dünya ölkələrində demokratiyanın vəziyyəti ilə bağlı qeyd edir ki, 2011-ci ildə ərəb ölkələrindəki inqilablar başqa repressiv rejimlərdə yaşayanları da ruhlandırıb. Amma bununla yanaşı hesabatda bildirilir ki, dalbadal 6-cı ildir ki, əhalisi siyasi hüquqlar və mülki azadlıqlardan sərbsət şəkildə istifadə edən ölkələrin sayı azalmaqdadır.

Buna baxmayaraq cənab Puddington 2011-ci ili optimizmə əsas verən il sayır. O hesab edir ki, artıq dünyada demokratiyaya münasibət dəyişməkdədir, insanlar diktatura və avtoritar rejimlərdə yaşamaq istəmədiklərini daha tez-tez ifadə edirlər.

Azərbaycandan fərqli olaraq təşkilatın hesabatında Ermənistan və Gürcüstan “qismən azad” ölkələr kimi göstərilib.

Amma eyni kateqoriyada göstərilsələr də, Gürcüstanda siyasi haqq və mülki azadlıqların vəziyyətinin Ermənistandan xeyli yaxşı olduğu qeyd edilir.

Azərbaycan hökuməti bir qayda olaraq "Freedom House" təşkilatının hesabatlarını birtərəfli və qərəzli adlandırır.

XS
SM
MD
LG