Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

Adəmdən qabaq doğulan Ayətulla


Ahmad Jannati
Ahmad Jannati
“Ayətulla Ahmad Jannati (Əhməd Cənnəti) doğulanda hələ Adəm və Həvva yox idi”.

“Musa peyğəmbər Tövratı yazdıranda bir surətini Jannatiyə verib”.

“Jannati alimlərlə görüşəndə deyib: “Kainatın yarandığı Böyük Partlayış sizin üçün nəzəriyyədir, mənim üçün xatirə”.

Bunlar - İranda Ayətulla Ahmad Jannati haqda çoxsaylı lətifələrdəndir.

Zarafatların və lətifələrin hədəfi olan Jannati kimdir? Jannati - hamının çəkindiyi İranın nüfuzlu İnqilabi Qvardiyasının sədridir.

Yaşı da çox deyil. 80 ola, ya olmaya.

Jannati haqda bu qədər lətifə nə ilə bağlıdır?

Bəziləri deyir ki, Jannati 30 ildən çoxdur ki, İranın siyasi səhnəsindən getmir, hamının gözünü qabar etdiyinə görə, gülüş hədəfinə çevrilib.

Başqalarının fikrincə, 1988-ci ildən İnqilabi Qvardiyanın sədri olan Jannati ölkədə siyasi islahat cəhdlərinin qarşısının alınmağında ən fəal rol oynayır.
İslahatçıların və liberalların seçkidən qıraqda saxlanmasında onun böyük “əməyi” var.
Lətifələr onun bu fəaliyyətindən incik düşənlərdən gəlir.

Parisdə yaşayn sosioloq Səid Peyvəndi isə deyir ki, səbəb tamam başqadır.

İranda hətta hakimiyyətdə olan yaşlı siyasətçilər də dəyişirlər. Dəyişməyən bircə Jannatidir. O, yeganə adamdır ki, köhnə fikirləri maqnitofon kimi təkrar edir.
Cənnəti haqda lətifələr ictimaiyyətin bu davarnışa bir növ cavabıdır.

İranda siyasi xadimlər haqda lətifələr həmişə olub. Vaxtilə Ayətulla Möntazeri lətifə qəhrəmanı idi.

Daha sonra prezident Ahmadinejad öz bəyanatları ilə lətifə qəhrəmanına çevrildi.

Ancaq Jannati artıq Ahmadinejadı da keçib.

O da maraqlıdır ki, Jannati haqda ilk lətifə cəmi bir il qabaq yaranıb.
O vaxt xəbər çıxmışdı ki, Jannati ölüb.

Bundan sonra lətifə yarandı ki, Əzrail nə qədər çalışır, ancaq Jannatini o dünyaya apara bilmir.
O hətta o biri mələklərdən kömək istəyir. Cəbraildən xahiş edir ki, Jannatinin getdiyi küçənin başında gözləsin, Mikailə tapşırır ki, küçənin ortasında dayansın, İsrafildən xahiş edir ki, küçənin ayağında gözdə-qulaqda olsun.

İş o yerə çatıb ki, hətta keçmiş rəsmilər də Jannatidən zarafatla danışırlar.
Keçmiş rəsmi Mohammad Mousavi Khoeniha öz saytında yazıb ki, bu dünyada iki şey daimidir- bunlardan biri Cənnətidir.

Sonda Jannati haqda daha bir lətifə. Fars xəbər agentliyinə Jannati deyir ki, dinozavrların yox olmağı haqda xatirələrini yazır.
XS
SM
MD
LG