Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

Məşhur fransız yazıçısının hekayəsi ilk dəfə Azərbaycan dilində!


Anatole France
Anatole France
Anatol Frans


YAXŞI MƏNİMSƏNİLMİŞ DƏRS

(Seyfəddin HÜSEYNLİ ruscadan tərcümə edib)


XI Lüdovik dövründə Parisdə Violanta adında varlı-hallı, özünə görə qəşəng, mütənasib bədənli bir qadın yaşayırdı.

Qadının elə heyrətamiz dərisi vardı ki, tanışı - hüquq üzrə doktor və məşhur münəccim cənab Jak Tribuyar az qala hər dəfə ona deyirdi:

- Sizə baxanda, xanım, mən Kukurbitus Pigerin Strabona yazdığı şərhlə bizə çatdırdığı bir rəvayətin, yəni qədimdə Parisin və buradakı universitetin Lütesiya, ya da Levtesiya, yaxud da yunancadan çevirəndə «bəyaz» mənasını verən Leuke sözündən törəmiş hansısa oxşar kəlməylə adlandırılmasının, buranın qadınlarının - sizdəki qədər dümağ və parlaq olmasa da - bəmbəyaz sinələrilə şöhrət qazanmalarının inandırıcı, hətta tamamilə gerçək olduğunu düşünürəm.
Violanta, adətən, belə cavab verirdi:

- Məndən ötrü bu da kafidir ki, tanıdığım bəzi qadınlardan fərqli olaraq, sinəm eybəcər deyil. Mən yalnız dəbdən geri qalmamaq naminə sinəsiaçıq gəzirəm. Axı, ümumi qaydalara zidd davranmaq ağılsızlıq olardı.

Xanım Violanta hələ lap gənc ikən məhkəmə məmuruna – son dərəcə tündməzac, həddindən artıq işlək, vergi və cərimə məsələlərində ona işi düşənlərə qarşı çox sərt davranan, bədəncə cılız, sısqa, qısacası, öz evinə səadət gətirmək əvəzinə, başqalarının ocağını kor qoymaqda pərgar olan bir nəfərə ərə getmişdi.

Öna qalsa, bütün gününü məhkəmə işlərilə dolu, özündən yekə kisələrlə əlləşərdi. Gecələr də işləyib, səhəri o ağır, ağzınadək təpili-tıxalı, az qala sökülüb-dağılan kisələrlə açardı. Xanım Violanta belə bir suyumsuz adamı sevəcək qədər ağılsız deyildi. Ancaq cənab Jak Tribuyar israrla bildirirdi ki, bu xanım olduqca nəcib, ailə həyatında eynən romalı Lukresiya kimi möhkəm, səbrli və sədaqətli qadındır.

Cənab Jakın əsas dəlili bu idi ki, hətta o özü də bu xanımı heç cür yoldan çıxara bilməmişdi. Ayıq adamlar bu fikrə ağlabatan bir şübhəylə yanaşırdılar, düşünürdülər ki, bütün gizli həqiqətlər yalnız o müdhiş gün gəlib yetişəndə - Qiyamətdə aşkara çıxacaq. Xanımın daş-qaşa, bəzək-düzəyə hədsiz meyl göstərməsi, müxtəlif məclislərə, hətta kilsəyə xəz yaxalıqlı, qızılı sapla işlənmiş ipək-məxməri paltarlarda getməsi onların diqqətindən yayınmamışdı.

Amma gözəlliyi və cazibədarlığı ilə ətrafdakı mömin adamlarda batil fikirlər oyatması sayılmasa, bu xanımın özünün haçansa, kiminləsə günaha batdığını iddia etməyə onların tərbiyəsi yol vermirdi. Qısası, onlar xanım Violantanın namusunu püşk mövzusuna çevirməyə hazır idilər, beləliklə də, onun ətrafında söz-söhbət daha da böyüyürdü. Buna görə xanımın ruhani hamisi Jan Türlür onu dönə-dönə tənbeh edirdi:

- Xanım, bir düşünsənizə, əgər sizin kimi bir həyat keçirsəydi, bu cür sinəsiaçıq dolaşıb, Genuyadan qırçınlı əlcəklər sifariş eləsəydi, nəcib xislətli Yekaterina müqəddəslər cərgəsinə layiq bilinərdimi?

Düzdür, Jan Türlür qatı dindar idi, insanın mənəvi zəifliklərinə münasibətdə barışmaz davranır, xətaları bağışlamağı bacarmır, qorxutmaqla hər şeyə nail olmağın mümkünlüyünü düşünürdü. Üzünü eşşək südüylə yumasına görə xanımı cəhənnəmlə hədələyirdi.

İstənilən halda, hələ də kimsə dəqiq bilmirdi ki, bu xanım öz yaşlı ərinin keçəlinə onun çoxdan layiq olduğu buynuzları taxıb, yoxsa yox, ancaq cənab Filipp de Koetkis hərdən bu nəcib qadınla məzə tutub deyirdi:

- Baxın ha, ərinizin tükü tökülüb, birdən zökəm-zad olar e!...

Cənab Filipp de Koetkis hər cəhətdən gözəgəlimli, alicənab, cavan bir zadəgandı, lap kart dəstindəki valet rəsmi kimi yaraşıqlıydı. Xanım Violantanı bir axşam balda görmüşdü, onunla gecədən keçənə kimi rəqs eləmiş, sonra da, yəhərin ön tərəfinə mindirib, öz atıyla evə aparmışdı, həmin saatlarda isə xanımın məmur əri dörd sərxoş lakeyin əllərindəki məşəllərin titrəyən işığında, gah palçığın içində, gah da otluqda zorla addımlayırdı. Həm balda rəqs edəndə, həm də at belində gedərkən Filipp de Koetkis xanım Violantanın əzalarının mütənasibliyi, bədəninin heyrətamiz həssaslığı və bərkliyi ilə bağlı dürüst qənaət hasil edə bilmişdi. Elə buna görə də ondan möhkəm xoşu gəlmişdi. Qımızılığına salıb, xanıma birbaşa demişdi ki, ürəyindən onu lüt soyundurub ağuşuna almaq keçir.

Xanımın cavabı belə olmuşdu:

- Cənab Filipp, siz kiminlə danışdığınızı bilmirsiniz. Mən nəcib bir qadınam...
Sonra da bunu əlavə eləmişdi:

- Sabah gəlin, cənab Filipp, sabah...

Ertəsi gün gələndə isə o, xanımdan bu sözləri eşitmişdi:

- Bu qədər tələsməyə nə lüzum var ki?...

Bu tərəddüd cavan zadəganda xeyli narahatlıq və məyusluq doğurmuşdu. Eynilə cənab Tribuyar kimi, indi o da xanım Violantanın Lukresiya qədər pak, əlçatmaz olduğuna inanmağa hazırdı, axı bütün kişilər eyni dərəcədə özlərindən müştəbehdirlər. Xanım Violanta cənab Filippin heç onu öpməsinə də izn verməmişdi, hərçənd ki, bu cür öpüşdə hansısa günah axtarmağa dəyməzdi, adi bir haldı.

İş elə gətirdi ki, xanımın ruhani hamisi Jan Türlürün mənsub olduğu dini icmanın rəhbəri, təbəəlik üçün onlara üz tutan bir neçə türkə Haqq dinini təlqin etməkdən ötrü, onu Venesiyaya çağırdı. Səfərə çıxmazdan əvvəl Jan Türlür, xudahafizləşmək adıyla, ruhani himayədarı olduğu xanıma baş çəkdi və dünya nemətlərinə uyub çirkaba batmaması üçün həmişəkindən də sərt tərzdə tənbeh eləməyə başladı. O, xanımı tövbəyə çağırdı, bəd meyllərdən çəkindirməkdə misilsiz vasitə, cismani günahlardan arındırmaqda ən təsirli çarə sayılan yun qaftan geyinmək üçün dilə tutdu.

Violanta:

- Mehriban qardaşım, mənimlə bunca tələbkar davranmayın, - deyəndə Jan Türlür onu eşitmək belə istəmədi, elə hey düz yola səsləyib cəhənnəm qorxusuyla hədələdi.

Nəhayət, xanımın ondan bir istəyi olub-olmadığını, varsa, məmnuniyyətlə yerinə yetircəyini dedi. Ümidvardı ki, xanım ondan ya sapa düzülmüş muncuqlar, ya da əriyəndə xoş ətri yayılan kəhrəba rəngli yağ, yaxud da, ən yaxşısı, türklərin qurudulmuş qızılgüllərlə birgə Yerusəlimdən gətirdikləri, sonra isə italyan rahiblərin satdıqları, Məsih məzarından götürülmüş bir ovuc torpaq istəyəcək. Ancaq xanım Violantanın xahişi tamam fərqli oldu:

- Sevimli qardaşım, bir halda ki, mahir aynacilalayan ustaların cəmləşdiyi Venesiyaya gedirsiniz, gələndə mənə ordakı ən saf güzgülərdən birini alıb gətirsəniz, sizə çox minnətdar olaram.

Jan Türlür söz verdi.

Ruhani hamisi gedəndən sonra da xanım Violantanın yaşayışında bir dəyişiklik olmadı. Cənab Filipp ona: «Bəlkə bir eşq aləminə baş vuraq» - deyəndə belə bir cavab aldı: «Yaman istidir. Siz bir flügerə baxın, görün, havada dəyişiklik gözlənilirmi?»

Xanımın davranışlarını davamlı izləyib, onun nə vaxtsa mütləq öz idbar ərinə buynuz qoyacağını gözləyənlərin ümidləri getdikcə azalırdı. «Bu, sadəcə, günahdır» - deyirdilər.

İtaliyadan qayıdıb xanım Violantaya baş çəkən Jan Türlür onun istəyini yerinə yetirdiyini bildirdi.

«Buyurub baxa bilərsiniz, xanım» - deyib, cübbəsinin altından bir quru kəllə çıxartdı.
- Budur sizin dediyiniz güzgü. Mənə dedilər ki, bu, Venesiyanın ən gözəl qadınlarından birinin kəlləsidir. Bir vaxtlar o, eynən sizin kimiymiş, zaman keçdikcə siz də ona çox bənzəyəcəksiniz.

Xanım Violanta dəhşət və çiyrinmə hissini boğaraq, xeyirxah ruhaniyə kifayət qədər təmkinlə cavab verdi, ondan aldığı dərsi anladığını, mütləq bundan faydalanacağını bildirdi.

- Mehriban qardaşım, sizin Venesiyadan gətirdiyiniz güzgünü - məni indi olduğum kimi yox, tezliklə olacağım şəkildə özümə göstərən bu aynanı əsla unutmaram. Sizə söz verirəm ki, bundan belə özümü məhz onun məndə oyatdığı düşüncələrə uyğun aparacağam.

Jan Türlür ondan bu dərəcədə dərrakəli cavab gözləmirdi. Buna görə onu təqdir elədi.

- Bəli, beləliklə, xanım, siz özünüz də anladınız ki, daha ağıllı olmaq vaxtıdır. Söz verirsiniz ki, bundan sonra bu kəllənin sizdə oyatdığı fikirlərə uyğun ömür sürəcəksiniz. Amma bu haqda təkcə mənə yox, Cənabi Haqqa da vəd verməlisiniz.
Xanım ondan soruşdu:

- Bu belə vacibdirmi?

O da xanımı əmin etdi ki, bəli, çox vacibdir.

- Mən elə bu cür də eləyərəm, - xanım dilləndi.

- Bax, bu yaxşı oldu, xanım, ancaq vədinizə xilaf çıxmağı əsla ağlınıza gətirməyin.

- Xilaf çıxmaram.

Bu vədi eşidən Jan Türlür xanımın evindən sevincək çıxdı. O, küçəylə gedə-gedə qışqırırdı:

- Belə ha, nə gözəl! İlahinin köməyilə bir qadını cənnətin qapılarına doğru yönəltdim, düzdür, o hələ peyğəmbərin dediyi dərəcədə (on dördüncü fəsil, on səkkizinci nəğmə) zinaya bulaşmamışdı, amma hər halda, pərvərdigarın ona itaət və xidmət üçün bəxş etdiyi bədəniylə insanları günaha batırmaq üzrəydi. Amma artıq bu meyllərindən əl çəkəcək və islah olunacaq. Haqq Təalaya şükürlər olsun, mən bu qadına doğru yolu göstərə bildim.

Xeyirxah ruhaninin cübbəsinin mehi pilləkəndən yeni çəkilmişdi ki, cənab Filipp de Koetkis həmin pillələrlə yuxarı qalxıb xanım Violantanın qapısını usdufca döydü. Xanım onu çox mehriban qarşıladı, indiyədək görmədiyi, xalça-döşək salınmış, gözdənuzaq bir otağa aparılmasını qonaq dərhal xeyirə yozdu.

Cavan zadəgan qutuda gətirdiyi nabatlardan çıxarıb xanıma uzatdı:

- Sümürün bunlardan, xanım, sümürün. Şirindir, dadlıdır. Ancaq, əlbəttə, sizin dodaqlarınız daha şirindir...

Violanta bu sözləri etirazla qarşılayıb dedi ki, dadına baxmadan nəyisə tərifləmək qəribə, hətta səfeh hərəkətdir.

Bu məqamda xanımın dodaqlarından öpməsi gənc əsilzadənin ona layiqli cavabı kimi alındı. Violanta hirslənib-eləmədi, təkcə bunu dedi ki, o, nəcib bir qadındır.
Cənab Filipp onun bu rəftarını alqışladı, həm də xanıma öz ləyaqətini tamamilə əlçatmaz bir yerdə gizlətməyi məsləhət gördü. Əks halda, onun ləyaqəti bir göz qırpımındaca oğurlana bilərdi.

- Görün neynirsiz də... - pıçıldayan xanım çəhrayı ovcuyla onun yanağına xəfif bir sillə çəkdi.

Cavan zadəgan isə, artıq, çoxdan arzuladıqlarını bir-bir əldə etmək üzrəydi.
Birdən xanım çəmkirdi:

- Mən… istəmirəm mən… Yox! Yox! Cənab Filipp, eləməyin belə, eləməyin! Dostum, əzizim mənim!... Vay, öləcəm indi...

Bir ara dinməzcə dayanıb yalnız dərindən içini çəkən xanım, nəhayət, dilləndi:

- Cənab Filipp, elə bilməyin ki, guya siz məni belə birdən-birə, öz bacarığınız sayəsində ələ aldınız. Ürəyinizdən keçənlərə yalnız ona görə nail ola bildiniz ki, indi mən özüm belə istədim, həm də sizin qələbəniz daha şirin alınsın deyə, tam lazım olduğu qədər müqavimət göstərdim. Sevimli dostum, mən artıq sizinəm. Məni elə ilk baxışdan əsir edən yaraşığınıza, sizinlə yaxınlığın bəxş edəcəyi zövqə rəğmən, bu an nail olduqlarınıza indiyədək sizi həsrət qoymağım sırf mənim səfehliyimin nəticəsiydi: heç nə məni həyəcanlandırmır, büsbütün ətalətə qapıldığım üçün öz gəncliyimdən, gözəlliyimdən zövq ala bilmirdim. Amma mehriban qardaşım Jan Türlür mənə yaxşı bir dərs verdi. O, su kimi axıb keçən saatların qədrini bilməyi öyrətdi mənə. Bu gün o mənə bir kəllə bağışlayıb dedi: «Tezliklə sən də bunun kimi olacaqsan». Mən isə bundan belə nəticə çıxartdım ki, biz vaxt itirməməli, mütləq sevişməli, bizə bağışlanan bu qısa ömürdən yaxşı bəhrələnməliyik.

Xanım Violantanın onu sığallaya-sığallaya dediyi bu sözlər cənab Filippi dərhal özünün heysiyyət və məmnunluğu, istəkli xanımınsa şöhrət və səadəti haqqında düşünməyə sövq etdi, o da bu cür məqamlarda hər bir xeyirxah bəndənin ağlına gələ biləcək məlum dəlilləri sadalamağa başladı.

Ayrılanda xanım Violanta onu qapıya qədər ötürdü, gözlərindən məlahətlə öpərək dedi:

- Dostum, Filipp, məncə, xeyirxah qardaşımız Jan Türlürün məsləhətinə əməl etmək heç də bəd deyil, eləmi?...
XS
SM
MD
LG