Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

Yol polisləri də, sürücülər də gözləyir


Yol polisləri
Yol polisləri
«Məncə rüşvətin qarşısını almağa kömək edəcək. Kamera qarşısında nə mən ona rüşvət təklif edəcəyəm, nə də o, məndən qəbul edəcək. Təzə bir ideyadır, niyə də olmasın ki?»

Sürücü Nazim Məmmədov daxili işlər nazirinin «Yol Patrul Xidməti haqqında təlimatı»ndakı əlavə və dəyişikliyə əsasən, yol patrul xidməti avtomobillərində quraşdırılması nəzərdə tutulan videokameralardan danışır. Deyir, videokameraların quraşdırılacağı barədə çox eşidib, indi də səbirsizliklə o günü gözləyir.

YPX HAQQINDA «TƏLİMAT»A DƏYİŞİKLİK TƏSDİQLƏNƏRSƏ...

Ancaq videokameraların quraşdırılması ilə bağlı təlimata əlavə və dəyişikliklə bağlı layihə Ədliyyə Nazirliyinin Reyestr Xidmətində qeydiyyata alınmadığından hələlik hüquqi qüvvəyə minməyib.

Təsdiq olunması üçün Ədliyyə Nazirliyinə təqdim olunmuş əlavə və dəyişiklikliyə görə, nəqliyyat vasitəsi Yol Patrul Xidməti (YPX) inspektoru tərəfindən saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalıdır. Məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində, və ya kənarda, ancaq kameranın görünüş dairəsində aparılmalıdır. Ancaq bunlar hələ ki, kağız üzərində deyilir.

SÜRÜCÜLƏR NƏ DÜŞÜNÜR

Müfəttiş-sürücü münasibətlərinin görüntülərə alınması sürücülərin işinə nə dərəcədə yarayacaq, sürücülər bu barədə fərqli düşüncədədirlər. Məsələn, sürücü Eldar Həsənov belə düşünür: «Xeyri odur ki, kameradır da, qarşısında nə danışılacaq, hamısı eşidiləcək, görünəcək. Ancaq sənin maşınında kamera yoxdur, gəlir, aranızda nə söhbət olursa, bağlı qalır».

Başqa sürücü Elşad Məmmədəliyev isə düşünür ki, köhnə hamam, köhnə tas olacaq:

«Məncə heç nə dəyişməyəcək. Vallah, bura Azərbaycandır, mümkün deyil ki, burda nə isə düzəlsin. Yəqin ki, o kameraya da müdaxilə olunacaq. İnanmıram ki, o kamera düz işləsin».

«GÖZƏL TƏŞƏBBÜSDÜR, DİVARA DİRƏNMƏSƏ»

Vaqif Əsədov
Vaqif Əsədov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Vaqif Əsədov da avtomobillərdə videokameraların quraşdırılmasının tərəfdarıdır:

«Bu prosesi ancaq alqışlamaq olar. Nə zaman bu yeniliklərin tətbiqinə başlansa, sürücüləri xəbərdar edəcəyik».

Hüquqşünas Ərşad Hüseynov «YPX haqqında təlimat»a əlavə və dəyişiklikləri dəstəkləyir. Əlbəttə ki, əgər hüquqi qüvvəyə minərsə:

«Burda bir neçə məqsəd var. Birincisi, rəhbərlik görməlidir ki, işçisi iş vaxtı işlə məşğuldur. İstirahət edir, pul yığır, ya işləyir. İkinci məqsəd müfəttişin təhlükəsizliyi ilə bağlıdır. Ola bilsin xidmət vaxtı həyatına təhlükə var, siqnal vermədən, elə kamera vasitəsilə rəhbərlik xəbərdar olacaq. Üçüncüsü, elə sürücülər var ki, polisi hədələyirlər ki, «mən filankəsəm, yuxarıda adamım var», bax, bunların qarşısı alınacaq. Bir sözlə, təşəbbüs gözəl təşəbbüsdür, qalır hüquqi qüvvəyə minməsi və tətbiqi. Adətən bizdə belə gözəl təşəbbüslərin tətbiqi divara dirənir».

YPX inspektorları deyirlər ki, uzun illərdir xidmət zamanı səsötürücüdən istifadə etsələr də, videokameralar barədə məlumatları yoxdur:

«Əlbəttə, olsa, hər iki tərəfin işinə yarayar. Ən azı sürücü ilə yol polisi arasında hərc-mərcliyin qarşısı alınar», - YPX inspektoru Ramin Kazımov belə deyir.

Bunlara da bax:
Bu video Daxili İşlər nazirinə təqdim edilib (VİDEO)
İlham Əliyev: «Korrupsiyaya qarşı amansız mübarizə aparılır» (VİDEO)
2011-ci ildə yol qəzalarının statistikası açıqlanıb
Polis yolda sürücüdən pul alır - VİDEO
Yol Polisi «Facebook»da
Yol polisi rüşvət almır?
Yol Polisi maşını qovur - VİDEO
XS
SM
MD
LG