Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:45

Rafiq Tağının ailəsi qorxu içində yaşayır [VIDEO]


"Rafiq Tağının qatili tapılmasa..."
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00
Direct-ə keçid

"Rafiq Tağının qatili tapılmasa..."

Yazıçı-publisist Rafiq Tağının ailəsinin Azərbaycan prezidentinə göndərdiyi müraciətə reaksiya gəlib, yazıçının ailə üzvləri prokurorluğa dəvət olunublar. Bu barədə AzadlıqRadiosuna yazıçının həyat yoldaşı Mailə Tağıyeva məlumat verib. Onun sözlərinə görə, istintaqın ləng gedişi ailəni qane etmədiyi üçün fevralın 20-də prezident İlham Əliyevə teleqramla müraciət ediblər. 21-də isə müraciətin daxil olduğu barədə cavab gəlib:

«ÜMİD PREZİDENTƏDİR»

«Hadisədən üç aya yaxın vaxt keçir, hələ bir xəbər yoxdur. Ona görə prezidentə müraciət etmişik. Ümid prezidentədir. Başqalarının qatili tapıldığı halda Rafiqi öldürən necə ola bilər ki, tapılmasın? Əgər tapılmasa, elə biləcəm ki, bu qətldə hökumətin əli var. Ömür boyu ürəyimdə qara qalacaq ki, dövlətin əli oldu bu işdə. Amma tapılsa, şübhəm qalmayacaq».

Mailə Tağıyeva deyir ki, qatil tapılmayanadək rahat olmayacaqlar. Özünün və övladlarının həyatına görə qorxu içində yaşayır. Ona görə də ümid prezidentədir. Onun sözlərinə görə, prezidentə müraciət edəndən sonra onları istintaqın gedişi ilə bağlı məlumatlandırmaq üçün prokurorluğa dəvət ediblər:

«Hələ getməmişik. Düzdü bizi çağırırlar, amma eyni sözləri deyirlər: «Axtarırıq». Sizin xəbəriniz yoxdur ki, biz nə qədər materiallar toplamışıq. Guya prezidentin də göstərişi var. Yəni deyirlər boş oturmamışıq. Amma nə olsun, nəticə yoxdur».

«İŞLƏYƏNİM YOXDUR»

Qeyd edək ki, mətbuatda Rafiq Tağının ailəsinin Azərbaycanı tərk edib xaricə gedəcəyi barədə məlumatlar da yayılıb. Belə fikir yazıçının qardaşları tərəfindən də səsləndirilib. Mailə Tağıyeva isə qatil tapılmayınca heç yana getməyəcəyini deyir. Baxmayaraq ki, özünün də dediyi kimi ailənin maddi durumu yaxşı deyil:

«Evdə vəziyyət pisdir. İşləyənim yoxdur. Uşaqlar oxuyur. Bir dənə işləyən Rafiq idi, o da...»

Mailə Tağıyeva düşünür ki, onun həyat yoldaşının başına gələnlərin səbəbkarı həkimlərdir. Sonuncu iynədən sonra Rafiq Tağının vəziyyəti pisləşib və o keçinib. Amma tibbi ekspertiza həkimlər amilini ört-basdır edib.

Fevralın 2-də Baş Prokurorluq və Daxilli İşlər Nazirliyi birgə məlumat yayıblar ki,
cinayət işi üzrə zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilib. 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilib. Rafiq Tağını müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb: «Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkənin bədəninə bıçaqla yetirilən xəsarətlər olmuşdur».

PORTRETLƏRDƏN BOYLANAN BAXIŞLAR

Mailə Tağıyevanın anası 70 yaşlı Xanım İsmayılova rayonda ev-eşiyini buraxıb, gəlib qızının yanında oturub. Deyir övladından və nəvələrindən nigarandır. AzadlıqRadiosunun vasitəsilə o da Rafiq Tağının qatilinin tapılması üçün prezidentə müraciət edib:

«Televizorda göstərirlər ki, hamının qatili tapılır. Nə oldu bir dənə bunun qatili tapılmadı! Allah prezidentimizin canını salamat eləsin. Rafiq Tağının qatilini tapsın, biz də bir az rahat olaq».

Rafiq Tağının evində çox otura bilmədik. Çünki evdəki atmosfer çox ağır idi. Dolabın üstündəki bir neçə portretdən bizə boylanan baxışlarında o özü də elə bir bu prosesin nə ilə nəticələnəcəyini gözləyirdi.

Noyabrın 19-u saat 22.00 radələrində işdən evə qayıdan Rafiq Tağıya naməlum şəxs çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı noyabrın 23-də xəstəxanada vəfat edib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları bildirirlər ki, istintaq davam edir, saxlanan yoxdur.
XS
SM
MD
LG