Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:05

"İran Qərbpərəst qonşularına qarşı daha aqressiv olacaq"


Vashinqtondakı Beynəlxalq Sülh uğrunda Karnegi Fondunun eksperti, "Qara bağ" kitabının müəllifi Thomas de Waal AzadlıqRadiosuna eksklüziv müsahibə verib.

AzadlıqRadiosu: Iranla Azərbaycan arasında indiki durum nə qədər ciddidir? Azərbaycan indiyə kimi balans gözləməyə çalışırdı, indi isə hər iki tərəf bir-birini açıq ittiham edir, bir-birini daxili işlərinə qarışmaqda, beynəlxalq terrorizmi himayə etməkdə ittiham edir.

Thomas De Waal: Mən ehtimal edirəm ki, ABŞ sanksiyaları ilə üzləşən İran bu sanksiyalar gücləndikcə öz Qərbpərəst qonşularına qarşı daha aqressiv olacaq.

Həm İranın, həm Azərbaycanın bir bir-birinə ziyan vurmağa əllərində vasitələr var. İranda böyük Azərbaycan icması var, Azərbaycanda isə islam hərəkatı var.

Bütün bu baş verənlər narahatedicidir.

Ancaq ümid etmək olar ki, bunlar keçib gedəcək, xüsusilə daha aqressiv olan İran tərəfində bunlar qızışmayacaq.

AzadlıqRadiosu: Ancaq bunların qızışması qaçılmaz ola bilər. Çünki İran nüvə proqramı məsələsində mövqeyini dəyişmir. Embarqo müzakirələri davam edir. Öz geosiyasi mövqeyinə görə Azərbaycan dilemma ilə üzləşir...

Thomas De Waal: Doğrudur, ancaq hər iki tərəf həqiqətən də müharibənin olmasında maraqlı deyil.

Bir var söz müharibəsi, iqtisadi insidentlər. Bu ola bilər. Bir də var müharibə.

Azərbaycan cəbhə xəttinin önündə deyil. O seçmək məcburiyyəti qarşısında qalmayıb.

AzadlıqRadiosu: Bəs Azərbaycanın Dağlıq Qarabağ problemi necə olacaq? Bu problem demək olar ki, tamamilə yerində sayır. Bundan sonra nə olacaq?

Thomas De Waal: Biz bu vəziyyətdə dəfələrlə olmuşuq. Rusiya prezidenti Dmitri Medvedevin Qarabağ probleminin həllində təşəbbüsünün uğur qazanmaması onu göstərir ki, vasitəçilər Azərbaycan və erməni tərəfinin mövqelərində olan fundamental fərqləri aradan qaldırmaqda uğursuz oldular. Ola bilər bunu vasitəçilər edə də bilməzdilər.

Ancaq narahat edən odur ki, zəif də, kiçik də olsa sülh prosesi getməyəndə aqressiv danışıqlara meydan verilir.

Mənim fikrimcə, beynəlxalq aləm sülıh prosesini daha geniş resurslarla genişləndirməlidir. Məsələn, Avropa Birliyi, mən bilirəm ki, bu problemdən narahatdır.

İndiki vəziyyətdə sülh prosesi kiçikdir, xırda resurslarla aparılır, çox az adam cəlb olunub.
ATƏT-dən cəmi 6 adam monitor aparır. Bu, kifayət deyil. Mənim fikrimcə, bu, genişləndirilməlidir.

Azərbaycan hər il daha güclü olur və hər il cari vəziyyətdən, sülh razılaşmasının cari vəziyyətindən daha narazı olur. Məncə, daha güclü və daha narazı olmaq təhlükəli kombinasiyadır.
XS
SM
MD
LG