Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:51

Nərmin Kamal – Şərif Ağayarın “Haramı” romanını tənqid edir


Nərmin Kamal
Nərmin Kamal

O hesab edir ki, “Haramı” müasir roman deyil, Şərif Ağayarın yaratdığı qəhrəmanları “ədəbiyyat çoxdan fəth edib". Əsərdə “cinsi şovinizmə xidmət edən” diskurs var.

Nərmin Kamal bu məqaləsi ilə yazıçı Şərif Ağayarın “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasında çap edilmiş “Haramı” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


Nərmin Kamal



“HARAMI” ROMANININ BİR EYBİ VAR

Nədir o eyib? Əvvəlcə öz yazımı bu romanı oxumayanlar üçün də maraqlı etməkdən ötrü haqqında danışdığımız romanın qısa məzmununu yazmağa çalışıram.

Qısa məzmunu. Xalidə hər kimdirsə, əsərin əvvəlində titrəyə-titrəyə “Rüüüssstəm sssənsən? Ssssəməndəri öhöhhöldüürdüm, Rüsüstəm!” deyir. Sonrakı səhifədən başlayaraq öyrənirik ki, Rüstəm kasıb bir oğlandır, qaçqındır, 5 min manat pul borc edib Rusiyaya ticarət qurub pulu artırmağa gedib, ancaq tezliklə dükanı yanıb, qayıdıb rayona, ailəsi pulun üç minini düzəldib verib, ancaq iki min manat tapılmır.

Pula görə onlara daha bir il vaxt verib hədələyən qorxulu adamlar budur, yenə üç-dörd günə gəlməlidirlər, Rüstəm, arvadı, qardaşı pulsuz, təşviş içindədir.

Belə bir vaxtda Səməndər adlı bir igid peyda olub onu yaxşı şərtlərlə, ailəqarışıq özünə çobanlıq etmək üçün Haramı düzündəki mülkünə aparır.

Burdan o yana üç yol ayrılır. Rüstəmgilin Haramıdakı həyatı birinci yol (buna ana süjet deyək), ana süjetdən əlahiddə, Səməndərin qoçaqlıqlarını göstərən 12 əhvalat – ikinci

Beləliklə, kitabın əvvəlindəki “Bu əsər müasir roman xüsusiyyətlərinə uyğun olaraq qələmə alınıb” cümləsini şiddətlə şübhə altına alıram, zira, müasir roman xüsusiyyətləri təkcə strukturla məhdudlaşmır, yalnız forma məsələsi deyildir! Müasir romanın işi təkcə struktur məsələsi deyil, təkcə üçxətli süjet deyil, təkcə Şərifin etdiyi digər gözəl şeylər deyil, ilk növbədə əsassız köhnə inancları ifşa etməkdir, nəinki onları təbliğ etmək.

yol, Rüstəmin 7 günlük gündəliyi – üçüncü yol.

12 əhvalat ayrıca verilsə də, ana süjetin içində də “Bir dəfə” ilə başlayan əhvalatlar var. Xülasə, əhvalatlar çoxdur, lap çoxdur:

Səməndərə əngəl yoxdur, çox qoçaqları ölümcül vəziyyətə salır, birini dərəyə yuvarladır, birinin başını yarır... Borc pulun dalınca Haramıya qədər gələnləri də döyüb əzişdirir, Rüstəmin əvəzinə pulu onlara özü göndərir.

Elə bir igid ki, qarşısında handa qaçaqlar tir-tir əsir, polislər ona dəyib dolaşmağa qorxur! Belə bir adam öz evində arvadı Xalidənin arxadan atdığı güllələrdən ölür.

Xalidə ərini öldürəndən sonra axırıncı günüsü, 16 yaşlı Fatmanı və Fatmanın qarnındakı uşağı da öldürür.

Qoç Səməndərin heç kəsin dağıda bilmədiyi tifağı dağılır, böyük oğlu Şiruyə atasının sürüsünü satmağa girişir, balaca oğlu Laçının 1 yaşı da yoxdur, atasını heç xatırlamayacaq, Xalidənin məhkəməsi olur, cinayəti boynuna alır, 14 illik həbs olunur.

Hər üç xətt - ana süjet də, 12 əhvalat da, 7 gündəlik də Rüstəmin dilindən nəql olunur. Səməndərə qədər çoxlu kitab oxumuş, Səməndərdən sonra Aqrar İslahatlar Komitəsində işləyən, Səməndər sağ olan vaxt isə onun böyük sürüsünün çobanı olmuş Rüstəm öz gündəliklərində Səməndərdən çox sonrakı - bugünkü həyatını, bu əsəri yazmaq fikrinə necə düşdüyünü, əsəri kompüterində bilmədən necə itirdiyini və tapmağını, əsəri yazdığı müddətdə komitədəki müdirilə və Səməndərin qətlini araşdırmış jurnalist Dilşadla söhbətlərini yazıya alır.

Bu 12 əhvalat və 7 gündəlik - babam kitabların vərəqlərini topa-topa bir neçə yerə ayırıb pulları o aralara qoyduğu kimi, ana süjetin aralarına qoyulub.

Axırı da budur ki, qaçqın düşəndən sonra Haramı düzündə yer tutub özünə məskən salan qoçaq Səməndər haqda bütün bu xatirələri danışan, onun ölümünə görə şübhələndiyi müxtəlif motivləri götür-qoy edən Rüstəm indi arvadı Sərəngüllə Yasamalda ömür sürür. İndi onun atasının adını qoyduğu oğlu İdris var. İdris oyuncaq tapançasından səmaya atəş açır. Əsər belə bir hüznlü kinayə ilə başa çatır.

Konsepsiyası. Əgər biz müxtəlif məktəbləri təmsil edən ən müxtəlif müəlliflərin roman nəzəriyyəsi haqda kitablarını qısaca araşdırsaq, hamısının Ondan danışdığını görərik. Nəzəriyyəçilər Ona “Mesaj”, “Konsepsiya”, “Posılka” deyirlər. Azərbaycan ədəbiyyatşünaslarının onu necə adlandırdığını mütləq öyrənəcəyəm özüm üçün.
Hər bir romanın mütləq (imkan varsa, bu sözü yüz dəfə təkrar oxumalı) hər hansı bir “posılka”sı olmalıdır.

Yazıçı hələ romana başlarkən Onu bilməli, yazarkən Ona doğru getməli və O böyük sonuca varmalıdır. Belə qəbul olunub ki, romanın heç yerində posılkaya (“əsər nə üçün yazılıb” sualının əsas cavabı) açıqca rast gəlmək olmaz, lakin o elə bir şeydir ki, oxuyandan sonra sən yazıçının göndərdiyi o mesajı almış olduğunu görürsən.

Əsər nə qədər mürəkkəb olsa da, posılka “Romeo və Cülyetta” pyesinin posılkası (Böyük sevgi ən qatı düşmənçiliyə də qalib gəlir) qədər sadə olur. “Haramı”nın da bir posılkası var. “Kişi cəmiyyətdə nə qədər qoçaqlıq edib at oynatsa da, onun evdən təhlükəsi var; onu öz evindəcə arvadı öldürə bilər!”

Ancaq yazıçı Şərif Ağayar konsepsiyasının “Müasir cəmiyyətdə igidlik bir dəyər kimi məhvə məhkumdur” sonucu olduğunu romana daxil etdiyi igidlik haqda fəlsəfi bir esse və bu romandan sonra mətbuata verdiyi müsahibələr vasitəsilə aydırır. Buradaca onunla mübahisəm başlanır.

Əvvəla, müəllifin irəli sürdüyü bu ikinci konsepsiya deməzdim ki, həqiqətən də romanın konsepsiyasıdır. Axı igidliyin zamanının keçməsi haqda mesaj yalnız sondadır
(Səməndərin ardından dərindən hüznlənən Rüstəmin daxili monoloqu və bir də yazıçı dostunun ona göndərdiyi igidlik haqda məqaləsi vasitəsilə). Ora qədər isə bütün əsər boyu Səməndərin igidliyi zəmanəylə lap bal kimi yola gedir. “Mənim konsepsiyam əslində budur” deməklə deyil, konsepsiya əslində “Qoçaq ər üçün ən böyük təhlükə, ölüm - arvaddan gələ bilər” fikridir. Yox, bunu kitabın epiqrafına görə demirəm (“Bir ər öz evində bir qadın əlində həlak olursa – bu ölüm dəhşətlidir!” İşıq tanrısı Apollon). Bu dəqiqə deyim niyə.

Birincisi, kitabda “yazıçı Şərif Ağayar” obrazının dostu Rüstəmə dediklərinə görə; o, antik yunan miflərindən, miflər əsasında qələmə alınmış antik yunan pyeslərindən, mif və din tarixinin qaranlıq künclərindən Səməndərə bənzər, hətta ondan da qüdrətli igidlərin həmişə qadınları tərəfindən zəhərlənib öldürüldüyünə aid çoxlu misallar gətirir (s.252-253).

İkincisi, Rüstəm itirdiyi romanın variantını xeyli şifrəni sınayandan sonra “Herakl” şifrəsi ilə açır. Dostum Şərif Ağayarın şəxsən mənə dediyinə görə, o, bu şifrəni Herakl da arvadı tərəfindən zəhərlənib deyə, belə qoyub. Zahirən əladır!

Mənim tibbdən başım çıxmasa da, şəhərin ən ciddi həkimlərinin belə, yazdıqları dərmanları içindəki kağızı oxumadan içmərəm. Bir “bilincli tükətici” olaraq, Herakl da daxil olmaqla, bütün bu igidlərin adbaad hamısının həqiqətən arvadı tərəfindən öldürüldüyünə və ya öldürülmədiyinə əmin olmadan içə bilmərəm. Ancaq bu birmənalı şəkildə doğrudur ki, mifologiya qadına inamsızlıq ifadə edən misallarla dolub daşır.
Simona de Bovuarın “İkinci cins” tədqiqatının “Miflər” adlanan üçüncü fəsli başdan ayağa miflərdəki qadına inamsızlıq misallarını sadalayır, təhlilə çəkir. Mif elə mifdir. Onun adı üstündədir. Apollonu da, Zevsi də, Heraklı da insanlar uydurublar.

Mif və din tarixində niyə qadınların həmişə Prometey, Parsifal kimi qüdrətli kişilərin kölgəsində Xalidə kimi ikinci dərəcəli rol oynayan, axırda nəsə bir hoqqa çıxaran kimi təqdim olunmasını həqiqətən də bilmək üçün adını çəkdiyim tədqiqatın üçüncü fəslini oxumaq lazımdır.

Konkret olaraq bu dəqiqə təqsir nə miflərdə, nə mifləri yaradan insanlarda deyil, təqsir kitabın önünə “Müasir roman xüsusiyyətlərinə uyğun yazılıb” cümləsi yazan adamdadır. Nə üçün belə deyirəm?

Birincisi, əsərin yuxarıda sözügedən posılkasına görə. İkincisi, elə bu miflərə görə. Bu romanda miflərə arxaik münasibət var, onları sadəcə təkrarlanır və hətta təsdiq edilir; “Apollonda da belə olub” deyərək, anılır. Bu niyə qəbahətdir?

Qədim yunanlar mifləri “Apollon belə yaşayıb”, “Zevs belə deyib” şəklində nəql edirdilər. Onlara müqəddəs kimi baxırdılar. 19-20-ci əsrlərin böyük qovşağında incəsənətdə və ədəbiyyatda mifləri xatırlamaq ənənəsi olub, bldiyimiz kimi, adı da Neomifologizm qoyulmuşdu. (Dostoyevskinin romanları, Coysun “Uliss”ində Odissey mifi, Tomas Mannın “Sehrli dağ”, “Yusif və qardaşlarıı”, “Doktor Faust” əsərlərindəki İncil mifləri və s.)
Həmin dövrün böyük yazıçıları mif dövrünün insanlarından fərqli olaraq, mifləri müstəqil danışmır, bədii əsərlərin içində qəşəngcə əridir, məsələni “onların da arvadları onları öldürüb” şəklində qoymur, mifləri bugünkü insanların simasına salıb Yeni baxışla dindirirdilər. Sonralar Neomifologizmin də təbiəti dəyişdi, Mif – yüksək dəyərli kult roldan məhrum oldu, gedib öz mif yerində oturdu.

“Haramı” ədəbiyyat tarixindəki son iki əsrin mif mövzusunda keçdiyi yolu silir, miflər haqqında qədim yunanların özləri kimi danışır. Mifi yenidən yüksək dəyərli kulta çevirir. Bugünkü cinayətə “keçmişdə də, miflərdə də belə olub, bu gün də belədir, binadan belədir” şəklində baxış atır.

Üçüncüsü, Dilşad da qadın olduğuna görə, mən də Xalidənin yerində olsam, öldürərdim, - deyir və Azərbaycanda son illər ildə yetmiş kişinin arvadı tərəfindən öldürüldüyünə dair statistika çıxarır qarşımıza Şərif bəy. Mən burada bayağı qadın-kişi tərəzisi quraşdırmaq istəmirəm, ancaq oxucuda “bəs ərlərinin öldürdüyü arvadların statistikası?” kimi bir sual yaranması yazıçının əsərdə öz konsepsiyandan şübhə oyadacaq məqamlar buraxması deməkdir. Məni düzgün başa düşün, söhbət qadın-kişidən yox, hər hansı məsələdən getsə, miflərə həqiqət qismində istinad edən, statistikanın bir tərəfini göstərib o biri tərəfini göstərməyən bu cür diskurslar ziyanlidir, indiki halda cinsi şovinizmə xidmət edir.

Beləliklə, kitabın əvvəlindəki “Bu əsər müasir roman xüsusiyyətlərinə uyğun olaraq qələmə alınıb” cümləsini şiddətlə şübhə altına alıram, zira, müasir roman xüsusiyyətləri təkcə strukturla məhdudlaşmır, yalnız forma məsələsi deyildir! Müasir romanın işi təkcə struktur məsələsi deyil, təkcə üçxətli süjet deyil, təkcə Şərifin etdiyi digər gözəl şeylər deyil, ilk növbədə əsassız köhnə inancları ifşa etməkdir, nəinki onları təbliğ etmək.

Üçölçülü xarakterlər. Hər bir insanın üç ölçüsü var: onun fiziologiyası, sosiologiyası, psixologiyası. İnsanın psixologiyası (temperamenti, kompleksləri, mənəvi xüsusiyyətləri) digər ikisinin bəhrəsidir.

“Haramı” romanında maraqlı xarakterlər var. Onların onundan doqquzu Səməndərin peykləridir, Səməndər baş qəhrəmandır, Səməndər üçölçülü xarakterdir, Səməndər elə bir xarakterdir ki, onu kök-budağıyla qazıyıb süjetdən çıxarsan, o biri qəhrəmanların sərbəst həyatı yoxdur. Roman Səməndərin başında məhvər edir. Səməndər öz mühitində bu dərəcədə nüfuzludur, cürətlidir, qoçaqdır, qaçaqdır, qabağında heç kəs dayana bilmir, “köhnə kişilər”dəndir. Koroğlu kimi, Cahandar ağa kimi hünərlidir. Səməndərin xarici görünüşünün portreti aydın yaradılıb. Onun psixologiyası bu görünüşün və mühitinin nəticəsidir.

Bir çoxları yazıçıya kompliment demək istəyəndə “Rəssam kimi yaratmısan”, “Sözlə yazmamısan, lap tablo çəkmisən!” deyirlər. Amma rəssamın əsəri statikdir. Yazıçı isə təkcə şəkil çəkmir, çətinlik hərəkət edən şəkillər qurmaqdadır.

Şərif Ağayar gözəl çəkdiyi Səməndər şəklini hərəkət etdirmək üçün əhvalatlardan istifadə edir, ağız ədəbiyyatı janrında.

Bir dəfə elə oldu, Səməndər şücaət göstərdi. Bir dəfə belə oldu, Qoç Səməndər gözdən
Şərif Ağayar
Şərif Ağayar
tük qapdı. Bir dəfə qızı atasının yanında zorlayan adamın tərəfində durdu. Amma o, pis adam deyil. Bir dəfə belə bir əhvalat oldu, Səməndər kasıb uşağın qoyununu bazarda baha satdırdı. Bir dəfə saza qulaq asanda kövrəldi. Bir dəfə üzünü dağlara tutub Ağamusanın qardaşını gərək döyməyəydim dedi.

Əhvalatlar eyni bir qəlibdən çıxır: bir situasiya qurulur, o situasiyada başqası olsa neynərdi, amma Səməndər neynir! Beləcə, romandakı bütün əhvalatlar Səməndərin xarakterindən doğur, Səməndəri açır.

Eyvaz, Ağamusa, başqa igid-igid azəri oğulları, həmçinin Xalidə, Qərənfil, Fatma müstəqil xarakterlər deyil, onlar Səməndərin mühiti – sosiologiyası ölçüsünü əmələ gətirən ünsürlərdir. Səməndər romanın mərkəzi oxudur, savadlı adamlar demişkən, protaqonistdir. Ona qarşı çoxlu antaqonistlər var, ona heç bir antaqonist davam gətirə bilmir, heç biri ona bata bilmir. Səməndərin antaqonistləri həm özü kimi qoçaqlar, həm də dövlətin özüdür.

Orkestrləşdirmə. Roman üçün seçilən xarakterlər eynitiplidirsə, eyni musiqi alətlərindən ibarət orkestr təəssüratı yaranır. Belə söyləyirlər ki, xarakterlərin rəngarəngliyi vacibdir. Misalçün deyirəm: Beş dindar varsa, bir nəfər də olsa, qeyri-dindar əlavə etmək lazımdır ora. “Haramı”-da kitab oxuyan, adam döyməyə əli gəlməyən, at öləndə gözü dolan təhkiyəçi Rüstəm olmasaydı, kişilərin hamısı yalnız bir-birinin ağzını-burnunu partladan, bir-birindən oğurlayan igidlərdir (Bəxşeyiş, Ağamusa, Qaçaq Nadir, Eyvaz...). Amma yox, burada uzaqdan görünən Qafar kimi fağır kişilər də var. Dilşad da olmasaydı, qadınların hamısı eyni qəbildəndir (Qərənfil, Xalidə, Xalidənin kötəyini yeyən Fatma, Sərəngül).

Bu qəhrəmanlar çox da rəngarəng olmasa da, birlikdə çox gözəl orkestr yarada biliblər. Azərbaycan əyalətində insan tipləri elə belədir, onlar rəngarəng deyil, ağ və qaranın tonları və yarımtonlarıdır.

İntriqa. Şərif Ağayarın əsərdə konflikt və dramatizm yaratmaq, onu irəlilətmək və sair bu kimi sırf nasirlik qabiliyyətlərinə ancaq əhsən demək olar. Konflikt tədrici artan konfliktdir. Əsərin sonlarına doğru antaqonist rolu bu rolda yarıtmayan qoçaqlardan alınıb Səməndərin arvadı Xalidəyə verilir. Fatma onları iki üzbəüz qütbə qoyur.
Ancaq burada əvvəldən fərdlər yox, qruplar üz-üzə dayandığından, Xalidənin bu işdə tək olmadığı, daha kimlərin və ya dövlətin də burada barmağı ola biləcəyi sualı Xalidənin məhbəsdən uşaqlarına çatmayan məktubda yazdığı “Mən günahkar deyiləm. Böyüyüb bilərsiz kim öldürdü atanızı” cümləsilə açıq qoyulur. Aha, ola bilsin ki, Şərif məhz bu (dövlətin gizli əli) versiyanı nəzərdə tutur öz konsepsiyasının “İgidliyinin zamanı keçib” olduğunu deyərkən.

Ad-işarələr. Səməndər adı Səməndər quşuna, onun anası Qərənfilin adı qadının hüznlü taleyinə, Eyvazın adı “Koroğlu” dastanına, atasının təzə arvadını çoxdan, hələ atası onu almamışdan sevən və atasını öldürmək versiyası bir neçə səhifədə götür-qoy edilən Şiruyə adı “Xosrov və Şirin”də Şirini sevən və Xosrovu öldürən Şiruyəyə işarədir. Dilşad da könül şad edəndir. Səməndərin axırıncı oğlunun adını Laçın qoyması Səməndər kimi igidin vətən hissi olmadığından, Laçın rayonunu qorumayıb Haramı düzlərinə pənah gətirən, ancaq orada Laçın adlı oğullar və müəssisələr yaradanlara eyhamdır. Roman balaca İdrislə tamamlanır. İdris rəvayətlərdə kitabla məşğul olan, ilk yazını yazan, ilk müəllimlik edən şəxs kimi xatırlanır. Bu, keçmişi qaçaqlıq, oğurluq, quldurluq olanların gələcəyinin kitabla, yazıyla, elmlə bağlanmasıdır. Milyoner Feyzullanın adı məhsuldarlıq, bərəkət deməkdir. Fatma adı göyçək Fatmanın məsumluğuna kinayə, Bəxşeyişin adı bilmirəm nəyə işarədir.

Əks-səda vermək qabiliyyəti. Əsər nasirlik baxımından nə qədər yaxşı yazılsa da, bu meyara cavab verməsə, onun taleyi solğun olur. Əks-səda vermək qabiliyyəti romanın xarakterləri, obrazları, konflikti, dramatizmi, dinamikası qədər vacib bir meyardır. O dərəcədə vacibdir ki, indi biz oturub “Haramı” kimi ilhamla yazılmış, böyük yazıçı enerjisi daşıyan bir əsəri dünyaya çıxarmaq istəsək, “Amazon”-da “Kovboy əhvalatları”, “Cəsur kovboy” kimi yüzlərlə kitab görərik. Onların hamısı bir kovboyun əfsanəvi igidliyindən, amma axırda başına bir iş gəlib ölməsindən danışır. Bu cür ipə-sapa yatmaz qəhrəmanlar hər xalqın tarixində, hər mədəniyyətdə var.

Fəlsəfəyə görə isə Səməndər – “superman”dir. Əgər keçmişdə supermənlər Səməndər kimi cəsur qorxmaz qəhrəmanlar idisə, 19-20-ci əsrlərdə, xüsusən Modernizm dövründə supermən obrazı “Übermensch” - fövqəlinsanla əvəzləndi. Postmoderndə supermən ideyasına yenidən geri dönüş oldu, lakin bu dəfə supermən gülməli qəhrəmandır, onun qüvvətli qolları yalnız göstərmək, kameralara oynamaq üçündür, o, bəzən Leydi Qaqa kimi bir şeydir. Öz qeyri-adi imkanlarını sülh və əmin-amanlıq vaxtlarında, bu qabiliyyətlərə ehtiyac olmayan yerlərdə nümayiş etdirir. Deməli, Səməndər ənənəvi dövrün qəhrəmanıdır.

Belə qəhrəmanları ədəbiyyat artıq fəth edib, Şərif belə bir tipi yenidən bədii tədqiq etməyə girişəndə “Haramı”nın əks-səda vermək qabiliyyətini aşağı salıb.
Ancaq son vaxtlar bizim cəmiyyətin müəyyən təbəqələrində koroğluluq aktuallaşıb. Ölkədə hökm sürən dərəbəylik əhvalının nəticəsidir. Aşağı iqtisadi təbəqədən olan, dövlətin əzdiyi insanlar sığınmağa Səməndər çiyni axtarırlar. Ona görə də “Haramı”nın Azərbaycanda sevə-sevə oxunması üçün əsl məqamdır.

Romanda Xalidə başlarına gələnləri qaçqınlıqla izah eləyir, “öz rayonumuzda olanda ərim də belə deyildi” deyir. Məhz bu bir cümləylə roman Qarabağ romanları kateqoriyasına daxil olur.

Beləliklə, Şərif Ağayarın məndən füzun nəqletmə ilhamının, nasirlik istedadının qarşısında baş əyirəm, ancaq “Haramı”nı müasir roman saymıram.
XS
SM
MD
LG