Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Azərbaycan cavab zərbəsi endirir


Rusiyanın Kommersant qəzeti “Azərbaycan cavab zərbəsi endirir” başlıqlı məqaləsində yazır ki, Qəbələ RLS-nin statusu, istifadə prinsipləri və şərtləri haqda
Azərbaycanla Rusiya arasında danışıqlar başlayan kimi dalana dirənib.

Bakı illik icarə haqqını indiki 7 milyon dollardan 300 milıyon dollara qaldırılmasını tələb edir. Rusiyanın müdafiə nazirliyindən “Kommersant” qəzetinə deyiblər ki, Bakının istədiyi qiymət adekvat deyil.
Hətta hərbçilər deyiblər ki, belə getsə, Rusiya Qəbələdən imtina edəcək.

RUSİYA ÜÇÜN GÖZLƏNİLMƏZ ADDIM

Qəbələdəki Daryal radiolokasiya stansiyası ətrafında bu il Azərbaycanla Rusiya arasında elə birinci danışıqlarda problemlər yaranıb. Problemin olmasını həm Rusiyanın Müdafiə, həm də Xarici İşlər Nazirlikləri bildirirlər.

İndiyə kimi ildə 7 milyon dollara qane olan Azərbaycanın birdən-birə 300 milyon dollar istəməsi Rusiya üçün gözlənilməz olub.

Rusiya ilə Azərbaycanın Daryal stansiyası üzrə müqaviləsi 2002-ci ildə bağlanıb.
İndiki danışıqlar həmin 10 illik müqavilənin vaxtının bitməsi və yeni müqaviləyə ehtiyacla bağlıdır.

İndi qüvvədə olan müqavilədə deyilir ki, tərəflərdən biri müqavilənin bitməsinə 6 ay qalmış müqavilədən çıxacağı haqda xəbərdarlıq etmirsə, onda müqavilə avtomatik olaraq 3 illiyə uzadılır.
İndiki 6 aylıq müddət iyunun 9-da qurtarır. Həmin vaxta tərəflər aralarındakı fikir ayrılıqlarını yoluna qoymalıdırlar.

Moskva yeni müqaviləni 25 illiyə bağlamaq istəyir. Rusiyanın müdafiə nazirliyi keçən noyabrda deyirdi ki, bütün məsələlər həll olunub, qalıb bircə maliyyə məsələsi. O vaxt Azərbaycan ilə 15 milyon dollar istəyirdi.
Rusiyanın bu qiyməti azaltmaq cəhdləri əks nəticə verib. Azərbaycan əvvəlcə qiyməti 150 milyona, sonra 300 milyona qaldırdı.


GENERALLAR GETMƏKLƏ HƏDƏLƏYİR

Rusiyanın Müdafiə Nazirliyində olan mənbə “Kommersant” qəzetinə deyib ki, Bakının bu qiyməti heç nə ilə əsaslandırılmayıb. Nazirlikdəki başqa yüksək vəzifəli mənbə isə daha sərt deyib : “Bakı maliyyə iştahını azaltmasa, biz Qəbələdən gedəcəyik”.

Ancaq Qəbələdən getmək, “Kommersant” qəzetinin fikrincə, Rusiyaya əhəmiyyətli problemlər yarada bilər. Rusiyanın Qara Dəniz sahillərindəki Armavir şəhərində yeni “Voronej-DM” stansiyası Qəbələ RLS-i müəyyən qədər əvəz edə bilər. Ancaq bu yeni stansiyanın yeni seqmenti hələ istifadəyə verilməyib. Məhz o seqment Qəbələ RLS-nin izlədiyi yerlərə nəzarət etməlidir.

O biri tərəfdən, Rusiya Qəbələdən gedən kimi bu yeri ABŞ və ya Türkiyə tuta bilər.

DİPLOMATLARIN İZAHLARI

Azərbaycanın yüksək haqq istəməsini Rusiyanın Xarici İşlər Nazirliyində konyunktura ilə izah edirlər.
Onların fikrincə, Azərbaycan indiki əlverişli məqamdan istifadə edir. Məqam isə köhnə müqavilənin vaxtının qurtarmasıdır.

Rusiyanın Xarici İşlər Nazirliyində ikinci versiya da var. Bu versiyaya görə, Moskvanın Xəzərin statusundakı mövqeyinə görə, Bakı Moskvadan intiqam alır.

Kommersant yazır ki, Rusiya ilə Azərbaycanın münasibətlərində əsas qıcıqlandırıcı məsələ Azərbaycanın transxəzər kəməri lyihəsində mümkün iştirakıdır. Rusiya hər vasitə ilə bu kəmərin qabağını almaq istəyir.

İkinci problem 1,2 trilyon kub metr ehtiyatı olan Şahdəniz yatağı qazının taleyidir.
Bu qazı çox layihələr almaq istəyir, ancaq onların hamısı Rusiyadan yan keçən kəmər layihələridir. Ona görə Rusiya Şahdəniz yatağı qazının hamısını almaq istəyir. Ancaq Bakı satmağa tələsmir.
XS
SM
MD
LG