Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

Azərbaycan Avropa Birliyi ilə viza danışıqlarına başladı


Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev
Martın 1-dən Azərbaycanla Avropa Birliyi arasında Viza Rejiminin yüngülləşdirilməsi və Readmissiya Sazişləri ətrafında danışıqlar başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev danışıqların başlanmasının münasibətlərdə vacib addım olduğunu bildirib. Deyib ki, viza rejiminin sadələşdirilməsi və readmissiya barədə razılıq Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına kömək edəcək: «İstərdik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycanın daha çox vətəndaşını əhatə etsin. Bu razılaşmaların imzalanması və ratifikasiyası məsələnin yalnız bir tərəfidir. Bu razılaşmaların həyata keçirilməsi üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi zəruridir».

VİZA REJİMİNİN SADƏLƏŞDİRİLMƏSİ NƏ DEMƏKDİR?

M. Məmmədquliyev bildirib ki, viza rejiminin sadələşdirilməsi ilə bağlı sərhəd xidmətində qanunsuz miqrasiya ilə mübarizə və digər məsələlərlə bağlı müəyyən iş aparılmalıdır.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jerom Pons deyib ki, «2009-cu ildə Şərq Tərəfdaşlığı təşəbbüsünü başlamaqla biz Avropa Birliyi və onun Şərq qonşuları arasındakı əlaqələri hədəfə almışıq. İndi Azərbaycanla viza rejimi ətrafında danışıqlara başladıqda bu təşəbbüsün bəhrəsini görürük. Viza rejiminin yüngülləşdirilməsi Avropa Birliyi və Azərbaycanda insanlar arasında daha çox əlaqələrin qurulması, mübadilə və biznes imkanlarının artırılması məqsədini güdür. Bu, sadəcə olaraq insanlar arasında mobilliyin artması deməkdir. Avropa Birliyi və Azərbaycan vətəndaşları bunu səbirsizliklə gözləyir».

REJİMİN TAMAMİLƏ LƏĞV OLUNMASI NƏZƏRDƏ TUTULMUR

Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan və Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində institusional proqramı reallaşdırmağa hazırlaşır. Proqram ticarət, ədliyyə, miqrasiya, dövlət məmurlarının hazırlanması sahələrində hərtərəfli islahatların keçirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, hazırda yalnız viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır və rejimin tamamilə ləğv olunması nəzərdə tutulmur: «Danışıqlar başa çatdıqdan və viza rejiminin sadələşdirilməsi həyata keçirildikdən sonra ikinci mərhələyə keçmək, viza rejiminin tamamilə ləğvindən danışmaq olar».

Rasim Musabəyov
Rasim Musabəyov
2011-ci il dekabrın 20-də Avropa Birliyi Nazirlər Şurası Azərbaycanla viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamaq üçün mandat verib. Bu proses bir sıra kateqoriyalara aid olan insanlar üçün rüsumun azaldılması və daha az sənəd tələb olunmasını nəzərdə tutur.

AZƏRBAYCANIN BOYNUNA NƏ QOYMAQ İSTƏYİRLƏR?

Politoloq Rasim Musabəyov bildirir ki, viza rejimi yüngülləşərsə, tələbələr, iş adamları, elmi-mədəni mübadilə proqramlarını həyata keçirmək xeyli asanlaşacaq:

«Ona görə də Azərbaycan bu məsələdə maraqlıdır. Ancaq bunun maliyyə yükü var. Ona görə ki, Avropaya gedib orada qanunsuz qalmaq istəyində olan Azərbaycan vətəndaşlarının qaytarılmaq xərcləri Azərbaycanın boynundadır. Ancaq eyni zamanda Azərbaycan ərazisindən Avropa ölkələrinə gedən insanların da qayıtmaq xərcini Azərbaycanın boynuna qoymaq istəyirlər. Bunlar İran, Pakistan, Əfqanıstan vətəndaşlarıdır. Onlar Azərbaycandan keçərək Avropa ölkələrinə daxil olmaq istəyirlər. Bunun maliyyə yükü kifayət qədər böyükdür. Bu məsələlərdə mübahisələr hələ qalır. Ancaq burada hansısa kompromis tapmaq olar».

Politoloq deyir ki, Əfqanıstan, Pakistan, İrandan Avropa ölkələrinə gedənlər daha çox Azərbaycandan keçərək getdiyindən belə bir saziş Ermənistanla, Gürcüstanla daha asandır. Ona görə də bu danışıqlar kifayət qədər çətin gedir.
XS
SM
MD
LG