Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:16

Ermənistan «Eurovision»də iştirakdan imtina etdi (Reaksiyalar)


«Baku Crystal Hall»
«Baku Crystal Hall»
Ermənistan Bakıda keçiriləcək «Eurovision-2012» Mahnı Yarışmasına qatılmayacaq. Bu barədə qərarı Ermənistan İctimai Televiziyası martın 7-də açıqlayıb.

«Ermənistan yayımçılarının bu ilki «Eurovision» Musiqi Yarışmasında iştirakdan imtina qərarı bizi həqiqətən də məyus edir», deyə Avropa Yayım Birliyinin yarışmadakı icraçı direktoru Yon Ola Sand bildirib:

«Avropa Yayım Birliyi və Azərbaycan İctimai Televiziyası Ermənistan təmsilçilərinin builki yarışmada iştirakında hər hansı problemlə üzləşməyəcəklərinə təminat versələr də, onların bu mənfi qərarı bizim qüvvəmiz xaricində idi».

«BƏHANƏ AXTARIRDILAR»

Azərbaycanda yarışmanın təşkilatçısı İctimai Televiziyanın prezidenti İsmayıl Ömərov deyir ki, erməni heyətinin Azərbaycana gəlməkdən imtina edəcəyini əvvəlcədən hiss edib:

İsmayıl Ömərov
İsmayıl Ömərov
«Çünki müxtəlif bəhanələr axtarırdılar. Bir gün təhlükəsizliyi və s. bəhanə edirdilər. Sonra mən onların mətbuatında oxuyanda ki, onların sənətçiləri, müğənniləri, bəstəkarları İTV-nin rəhbərliyinə müraciət ediblər ki, göndərməsinlər Azərbaycana. Mən gördüm ki, bu, qurma bir oyundur və elə o vaxtdan duydum ki, gəlməyəcəklər. Bu, onların öz işidir, özləri bilən məsləhətdir. Amma gəlməməyin özü də bir məğlubiyyətdir».

Bu xəbər hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunanlar arasındadır. Bakı sakinlərin münasibəti isə belədir:

«SİYASİ YARIŞMADIR BU»

- Əslində heç təəccüblənmədim. Bura Türkiyənin məşhur müğənnisi Sertap Erenerin erməni pianoçusu gəlməyə çalışmışdı, amma onu aeroportdan geri qaytarmışdılar, Sertapın özü də sonra imtina etdi gəlməkdən. Əslində iki ölkə arasındakı gərgin vəziyyətin aradan qalxmasında bir az da olsa köməkliyi ola bilərdi.

- Buna münasibətim çox yaxşıdır. Mən şəxsən istəmirəm onları ölkəmizdə görmək.

- Düşünürəm ki, bir daha sübut etdilər ki, zəifdirlər.

- Siyasi bir oyundur bu, fərqi yoxdur onlar gəldilər, gəlmədilər. Musiqi yarışması deyirlər, amma məncə, siyasi yarışmadır bu. Ona görə də inanmıram ki, onların gəlib-gəlməməyinin hər hansı fərqi olacaq.

KONFLİKT MƏDƏNİYYƏT SFERASINA DAŞINMAMALIDIR

Azərbaycanla Ermənistan arasında bundan əvvəl idman yarışmalarında səfərlər olub: Azərbaycan idmançıları Ermənistana səfər ediblər, erməni idmançılar isə Bakıya. Hər dəfə müxtəlif təşkilatlar tərəfindən etirazlarla qarşılansalar da, hər hansı insident qeydə alınmayıb.

Konfliktdə olan ölkələrin mədəniyyətləri arasında dialoq necə olmalıdır?

Kulturoloq-bəstəkar Elmir Mirzəyev Ermənistanın bu qərarını yanlış hesab edir. Onun fikrincə, ölkələr arasındakı konflikt mədəniyyət sferasına daşınmamalıdır:

Elmir Mirzəyev
Elmir Mirzəyev
«Keçmiş böyük müharibələrə diqqət versək, məsələn, Birinci və İkinci Dünya müharibələri zamanı bu cür açıq- açığına kültür müharibəsi yox idi. İdeoloji qarşıdurma olsa da. Görünür, bəlkə, bu cəmiyyətlərin mədəni səviyyəsindən də asılıdır həm də. Amma yenə də aydındır ki, bu qərarı yuxarı rəhbərlik verir, cəmiyyət vermir birbaşa».

Ermənistan tərəfində də bu qərar müxtəlif qruplar arasında müzakirə edilməkdədir. «Facebook», «Twitter» şəbəkələrində, bloqlarda erməni cəmiyyətində bu qərar münasibətin birmənalı olmadığını görürük: qərarı dəstəkləyənlər də var, buna təəssüflənənlər də. Məsələn, bəstəkar Artur Grigoryan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində ölkəsinin verdiyi bu qərarı müsbət dəyərləndirir:

«BU, BİABIRÇILIQDIR»

«Günü bu gün də həbsxanalarında erməni əsgərlərini saxlayan bir ölkəyə getmək olmaz. Mən bunu ilk növbədə bir vətəndaş kimi deyirəm, yalnız bundan sonra bir bəstəkar və xalq artisti kimi. Əgər bu ölkədə bu barədə danışmaq haqqı olan birisi varsa, elə o mənəm. Bəli, mən o ölkədə bir erməni müğənnisinin necə mahnı oxuduğunu görmək istəmirəm».

«Artmika» adlı bloqqer isə bu addımı biabırçılıq adlandırır və Ermənistan İctimai Televiziyasının ünvanına yazır ki, «bu hərəkətlə uduzmuş olmağı göstərməklə yanaşı, həm də böyük məbləğdə cərimələnəcəklər».

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən «Eurovision» müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də «Eurovision-2012»nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. 57-ci «Eurovision» mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək.
XS
SM
MD
LG