Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:57

«Azərbaycanda post-senzura var»


Sərhədsiz Reportyorlar Təşkilatının «İnternetin düşmənləri» kateqoriyası
Sərhədsiz Reportyorlar Təşkilatının «İnternetin düşmənləri» kateqoriyası
Sərhədsiz Reportyorlar Təşkilatı 2012-ci ildə İnternetə nəzarətlə bağlı hesabatını açıqlayıb. Hesabatda deyilir ki, qurum bəzən sosial şəbəkə fəallarının həbs olunduğu Azərbaycan, Mərakeş və Tacikistan kimi ölkələrdə internetdə söz azadlığının vəziyyətini yaxından izləyəcəklər.
Sərhədsiz Reportyorlar Təşkilatının yeni hesabatında Bəhreyn və Belarus «nəzarət altında» olan kateqoriyadan «İnternetin düşmənləri» kateqoriyasına aid edilib.
«İnternetin düşmənləri» siyahısında Birma Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnamın adı var.
İnterneti «nəzarət altında» olan ölkələr siyahısında isə Avstraliya, Misir, Eritreya, Fransa, Qazaxıstan, Malayziya, Rusiya, Cənubi Koreya, Şri-Lanka, Tailand, Tunis, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.
Təşkilat bildirir ki, Azərbaycanın adı bu siyahılarda olmasa belə, onlar internetdə söz azadlığının vəziyyətinin monitorinqini aparacaqlar.
«AZƏRBAYCANDA İNTERNETƏ TEXNİKİ SENZURA MÜMKÜN DEYİL»
Bəs Azərbaycan sosial media təmsilçiləri İnternetdə senzuranı nə zaman hiss edirlər?
Bloqqer Əli Novruzov AzadlıqRadiosuna müsahibəsində deyir ki, yeni hesabatla tanış deyil, amma əgər söhbət internetdə senzuradan gedirsə, o, yalnız daxili senzura və hakimiyyətin nəzarətini müşahidə edir:
- Azərbaycanda internetə texniki senzura mümkün deyil, əgər sən «Facebook»-dasansa, istədiyini yazıb yaya bilərsən. Amma ölkədə ən qorxulu odur ki, post-senzura var. Sərt fikirlərini yazan gənci sabah döyə bilərlər, həbs edə bilərlər. Gənclər gördülər ki, Adnangilin (gənc fəallar Adnan HacızadəEmin Milli nəzərdə tutulur –red.) sosial şəbəkədə yaydıqları zərərsiz videoya və Cabbar Savalanın sosial şəbəkədə yazdıqları nəticəsində həbsə atıldılar. Heç ağlına gəlməzdi ki, «eşşək» videosuna görə adamı cəzalandıra bilərlər.
Əli Novruzov
Əli Novruzov
Əli Novruzovun fikrincə, sosial şəbəkədə paylaşılan fikirlərə, videolara, şəkillərə total nəzarət var, amma cəza mexanizmi gözlənmədiyi məqamda işə düşür.
Müsahibimiz hesab edir ki, hakimiyyətin belə nəzarəti bəzi fəallarda daxili senzura yaradır. Ona görə də çoxlarının sosial şəbəkələrdə, yeni mediada fəallıq etməsinə maneə yaradır: «Bəlkə də gənclər sektoru daha kreativ, fərqli olardı, çünki azad mühitdə adamın istedadı daha çox parlayır» deyən Əli Novruzovun fikrincə, qeyri-azad mühit özünü ifadə etmək imkanlarını daraldır.
«İNTERNET TELEVİZİYALARININ LİSENZİYALAŞDIRILSIN»
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bir necə dəfə internet televiziyalarının lisenziyalaşdırılması məsələsini gündəmə gətirib. O bildirib ki, Milli Teleradio Şurası qanunvericilik bazası hazırlayarsa, lisenziyalaşdırma tələbləri internet TV-lərə də tətbiq oluna bilər. Nazirin sözlərinə görə, lisenziyalaşdırma olmaması səbəbindən internet TV-lər yerli yayımçıların xarici dillərdə proqramlar yaydığı bir məkana çevrilib.
Amma hökumət sosial şəbəkələrə, internetə müdaxilə edilməsi iddialarını əsassız sayır.
Müstəqil ekspertlər isə Əli Abbasovun internet televiziyalarının lisenziyalaşdırılması təklifini söz azadlığına təhlükə kimi qiymətləndirmişdilər.
«BİR DƏ GÖRÜRSƏN POLİS DEYİR, «FACEBOOK»-DA FİLAN SÖZÜ YAZMISAN»
Rəşid Hacılı
Rəşid Hacılı
Sərhədsiz Reportyorlar Təşkilatının son hesabatına gəlincə, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, Azərbaycanda internetdə senzuranı yox, xüsusilə ictimai-siyasi sahədə fəal internetin istifadəçilərinin izlənməsini müşahidə edir:
- Sosial şəbəkədə yazılanlar izlənir. Hökumət barədə tənqidi yazı yazanda hakimiyyətin diqqətinə çatdırılır. Bir də görürsən ki, aksiyalarda gəncləri tutub polis idarəsinə aparanda deyirlər ki, sən «Facebook»-da filan sözü yazmısan. Onda görürsən ki, polisin sənin internet fəallığından xəbəri var.
Rəşid Hacılı hesab edir ki, özünüsenzura nəticədə birdən sosial partlayışa gətirib çıxara bilər.
Bloqqer Əli Novruzov isə inanmır ki, Azərbaycan «İnternetin düşmənləri» siyahısına düşə bilər. Onun fikrincə, bunun üçün Azərbaycan Şimali Koreyadakı kimi interneti kəsməlidir: «Amma Azərbaycan dünyada özünü bir Avropa ölkəsi kimi göstərmək istəyir, buna görə də inanmıram ki, ölkə öz imicini bu qədər korlamaq istər».
XS
SM
MD
LG