Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:41

Quba hadisələri ilə bağlı daha 3 nəfərin saxlandığı deyilir


Quba hadisələri ilə bağlı martın 14-də daha 3 nəfərin saxlandığı bildirilir. Qubadan aldığımız məlumata görə, saxlananlardan biri Qubadakı Xəlay televiziyasının icraçı direktoru Vüqar Qonaqov, digəri baş redaktor Zaur Quliyevdir. Televiziyadan məlumatı nə təsdiq, nə də təkzib edirlər. Bildirirlər ki, səhər saatlarında işdə hər iki şəxs işdə olsa da indi onların harda olmasından xəbərsizdirlər.

Həmin gün Qubada fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinə dəstək inkişaf ictimai Birliyinnin sədri Cəmil Məmmədlinin də saxlandığı bildirilir.

Sonuncunun saxlanması barədə məlumatı Azadlıqradiosuna Quba hadisələri ilə bağlı hesabat hazırlayan Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva verib.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

Rəsmi məlumatlara görə, Quba hadisələrinə görə saxlananlar 5 nəfərdir. Onlardan 3-ü hadisələr baş verən gün, martın 1-də, digər 2 nəfər isə martın 7-də saxlanılıb.

Həmin şəxslər Bakı İstintaq Təcridxanasında saxlanılır. Bir neçə gün əvvəl Ombudsman Aparatının nümayəndələri onlara baş çəkiblər.

Saxlananlar Cinayət Məcəlləsinin 186.1 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinirlər.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun iki villası yandırılıb.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)

Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara təhqir kimi qəbul etdiklərini bildirblər.

Martın 2-də prezidentin sərəncamı ilə Rauf Həbibov icra başçısı vəzifəsindən azad edib.

Quba hadisələri ilə bağlı istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.


XS
SM
MD
LG