Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

Neft ölkəsində ağ neft tapılmır?


Ağ neft satılır
Ağ neft satılır
İrandan ərzaq və kənd təsərrüfatı məhsullarının gətirilməsi Azərbaycanın cənub rayonlarında kütləvi işə çevrilib. Sərhədyanı ərazilərdə yaşayanlar çox vaxt bazarlığa İran Astarasına gedirlər. İran tərəfi vizanı birtərəfli qaydada ləğv edəndən sonra bu məqsədlə qonşu ölkəyə gedənlərin sayı artıb.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, əslində bu alış-veriş İrana su və hava kimi lazımdır. İranın bütün ərazilərindən Azərbaycana mal gətirirlər. Onun deməsinə görə, qiymətlər də İranın digər şəhərlərinə nisbətən İran Astarasında bahadır. İqtisadçı hesab edir ki, İran vətəndaşları bundan qazanırlar. Üstəlik İranda xaricə mal satan iş adamlarına güzəştlər də nəzərdə tutulur.

AĞ NEFT…

İrana gedən Azərbaycan vətəndaşları geri qayıdarkən ağ neft də gətirirlər. Halbuki, Azərbaycan xarici ölkələrə neft və qaz satır. İş adamı Faiq Cəfərov bunu «biabırçılıq» hesab edir. Onun sözlərinə görə, təbii qaz Azərbaycan əyalətlərində rayon mərkəzlərinə və bir neçə kəndə verilir. Kəndlərin əksəriyyəti qazsızdır. Dağ ərazilərində yerləşən kəndlərdə işıq aylarla yanmır. Belə vəziyyətdə ağ neftə ehtiyac yaranır:

«BİR ÖLKƏDƏ Kİ, DƏNİZDƏ VƏ QURUDA NEFT ÇIXA, SONRA DA…»

«Müəyyən malların İrandan gətirilməsi təbiidir, gətirirlər gətirsinlər. Amma, ağ neft gətirmək məni çox təəccübləndirdi. Bir ölkədə ki, dənizdə və quruda neft çıxa, sonra da o ölkənin vətəndaşı oradan əzab-əziyyətlə ağ neft gətirə, İran da qoymur, məni çox təəccübləndirir. Maraqlanmışam, müəyyən sərhədyanı zonalarda, orda işıq çatışmazlığı olur, qaz yoxdur, «solyarka» sobası yandırmalıdır. «Solyarka» bir az bahadır. Ağ neft daha təmizdir, yaxşı yanır, o məcburdur ki, ordan gətirsin».

İş adamının sözlərinə görə, gün ərzində Azərbaycan tərəfə əl ilə 100-200 litr ağ neft çıxarılır. Bunda İranda ağ neftin ucuz olması da rol oynayır.

«ORDA AĞ NEFTİN BIR LİTRİ 15-20 QƏPİKDİR. AMMA BİZDƏ 1 MANATADIR»

«Orda ağ neftin bir litri, səhv etmirəmsə, bizim pulla 15-20 qəpikdir. Amma bizdə 1 manatadır, litri 1 manatdır. Burda qazanc məsələsi var, həm də özü istifadə edir, ondan. Lampanı yandırmaq üçün yaxşıdır, həm də istilik sistemi üçün yaxşıdır. Çox təəccüblüdür, çox təəssüf edirəm. Bu ölkə neft ölkəsi ola-ola nə üçün bu millət nefti ordan gətirməlidir? Mən istərdim ki, ölkədə belə şeylərin qarşısı alınsın, çünki bu biabırçılıqdır».

Astara keçid məntəqəsinin önündə olduq. Məlum oldu ki, bayram günləri olduğu üçün adamların İran tərəfinə buraxılmasında məhdudiyyətlər qoyulub. Həm də adamlar İrana üç gündən bir buraxılırlar. Digər tərəfdən neft «qaçaqmal» hesab olunur. Adamlar ağ nefti qablarda, gizli şəkildə Azərbaycana keçirirlər. Adının çəkilməsini istəməyən bir yerli sakinin dediyinə görə, İrandan gətirilən ağ neft keçid qapısının önündə satılmır. Müəyyən yerlərə verilir və orada satılır. Belə bir yerdə olduq. Ağ neft satılan evin sahibinə jurnalist olduğumuzu, bu məsələni araşdırdığımızı bildirdik. O əvvəlcə belə bir işlə məşğul olmadığını söylədi. Sonra isə səsini lentə almamaq şərti ilə bəzi məsələlərə aydınlıq gətirdi. Onun dediyinə görə, İrandan gətirilən ağ neftin bir litrini 80 qəpikdən alır, 1 manatdan satır. Ağ neft alanların sayı elə də çox deyil. O deyir ki, ağ nefti əsasən dağ ərazilərdə məskunlaşanlar alırlar.

İRANDAN AZƏRBAYCANA AĞ NEFT YÜK MAŞINLARINDA DA GƏTİRİLİR…

Vidadi Mirzəyev
Vidadi Mirzəyev
İrandan ağ nefti təkcə piyadalar gətirmir. Sərhəddə eşitdiklərimizə görə, İrandan gələn yük maşınları da ağ neft gətirməyə çalışır. İrana məxsus yük maşınlarının bundan böyük qazanc əldə etdikləri deyilir.

Lənkəran rayonun bir neçə yanacaq doldurma məntəqəsində olduq. Sahibkarlar deyirlər ki, Bakıda neft bazasından ağ neft almaq mümkün deyil. Heç bir səbəb göstərmədən ağ neftin verilməsindən imtina edirlər.

Astarada yanacaqdoldurma məntəqələrinin birinin sahibi bizə bildirdi ki, bir neçə il bundan əvvəl onlar ağ neft satışa çıxardırdılar. Ağ neft qışda daha çox satılırdı. Alıcılar da var idi. İndi ağ neft verilmir. Ağ nefti hara verirlər, ondan xəbərləri yoxdur.

​İqtisadçı Vidadi Mirzəyev bölgələrdə ağ neftin olmamasını təbii sayır. Onun dediyinə görə, İrandan gətirilən malların hamısından Azərbaycanda var. Lakin bu mallar qiymətdə fərq etdiyi üçün İrandan gətirilir. Ağ neft isə rayonlarda ümumiyyətlə yoxdur. İqtisadçının sözlərinə görə, İran sərhədində qayda yaratmağın vaxtı çatıb. Nəzarətsizlik problem yarada bilər. Vidadi Mirzəyevin fikrincə, ya müştərək bazar, ya da insanların İrana getməsində vahid qayda yaradılmalıdır.

Neft Araşdırmalar mərkəzin rəhbəri İlham Şaban isə deyir ki, vaxtı ilə İran Azərbaycandan neft alırdı:

«BU, BİABIRÇILIQDIR»

İlham Şaban
İlham Şaban
«İran vaxtı ilə bizdən alırdı. İndi bizim adamlar gedib ordan alıb gətirir. Biabırçılıqdır. Bizim özümüzdə istehsal var. Bizim camaat gedib ordan gətirir, alver məqsədi ilə istifadə edirlər. Bizdə istehsal var. Bizdə istehsal varsa rayonlar və yaxud istehsalçılar nə üçün bu vəziyyətdədir? Azərbaycanda iki neftayırma zavodu olduğu halda regionlarda insanlar əziyyət çəkir. Dövlət başçısı hər yerdə elan edir ki, biz öz enerji təhlükəsizliyimizi vaxtından əvvəl yüksək səviyyədə həyata keçirmişik. Ancaq dağ rayonlarında insanlar enerji təminatından əziyyət çəkir, enerji olmadığı vaxtda ağ neftdən istifadə edirlər».

İlham Şabanın fikrincə, bu məmurların dövlət başçısını aldatmasının və hökumətin öz vəzifəsini yerinə yetirməməsinin sübutudur.
XS
SM
MD
LG