Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:57

Sevinc el Sevər. Sənli qorxular (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).


Sevinc el Sevər


Sənli qorxular


Sən həyatıma girəndən
Qorxuram zəlzələlərdən
Vulkanlardan
Su daşqınlarından
Müharibələrdən
Daha qəhrəman olmağını da istəmirəm
Qorxuram qəfil səni itirməkdən

Yanımdasan deyə
Qorxmuram gecələrdən
Sarılıb boynuna mışıl-mışıl uyuya bilirəm
Qorxmuram gecənin səslərindən
Bayırdakı it hürüşmələri
Cırtdan kimi vəlvələ salmır canıma
Işıqlı səmtdəyəm
Əlləri, sinəsi tüklü
Sevimli divimin evindəyəm
Saçlarımdan asılı
Zərrə şikayətim yox
Üstəlik ürəyimin içində divimin canı
Heç bir Məlikməmmədə satmaram yerini

Maşının olsun istəmirəm
Efirlərdən gələn qəzalı xəbərlər
Canıma vic-vicə salır hər axşam
Sevdikləri artdıqca
Çoxalır qorxuları insanın

Səni sevmək zəlzələli
Vulkanlı
Daşqınlı
Müharibəli
Qəzalı dünyayla döyüşməkdi...

Səni sevmək
Qorxulara sinə gərməkdi
Bir də bunun üstünə
Dörd yanını saran gözəl qadınları gəlsəm
Səni sevmək
Müharibə elan etməkdi
Yer üzünün bütün qadınlarına, sevgilim.

İndi köhnə aşiqlər kimi
Dəryayla
Dəryadakı balıqlarla
Göydəki ulduzların sayıyla ölçməyəcəm
Sənə olan sevgimi
Bir uşaqdan sorarsan ha
“Atanı nə qədər sevirsən?” –deyə
Qollarını bacardığı qədər açar
“Dünya boyda sevirəm” deyər...
O uşağın qollarının arasına sığan
Dünya boyda sevirəm səni...



***

Atıb getmək istəyirəm səni
Qürurlanıram bir də görürsən
“sevmirəm” hökmünü verirəm
Başımdan yekə danışıram
Qorxuram sən atıb gedəsən məni
Ürəyim çıxır ağzımdan
Sonra birdən
Inanıram sevdiyinə
Marsdan aya uçuram
Yer kürəsi əllərimdə top kimi
“Görəsən, peşiman deyil ki?”
Soruşuram özümdən
Kədər yağsa gözündən
Sevgi taxtına çıxıram
Taclı-zadlı hökmdar oluram
Ikiqat əyilib ev süpürdüyüm yerdə qəfildən
O zaman ki,gözünün içiylə gülürsən.
XS
SM
MD
LG