Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:24

Dilqəm Əhməd. Kabuldan-Bakıya sevgi metamorfozu


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Dilqəm Əhməd


Kabuldan-Bakıya sevgi metamorfozu


(Xalid Hüseyninin
“Min möhtəşəm günəş altında”
romanını oxuyarkən)



“Min möhtəşəm günəş altında”
əfqan qadınların bir kərə olsun görmədiyi günəşin
həsrəti doğur
Sən Bakı, heç Kabul qədər olmadın
Kabulda bir üzü var işgəncənin,
Səndə hər gün yalan şərbəti doğur
Kişi bədənində, kişi evində, kişi burkası içində
həbs olunur qadınlar.
Hər gün dua edir, bir ana, bir qız,
Tanrı qorusun onları daha betərindən

Bir qadın boylanmaq istəyir
Kabulun uçuq bir evinin pəncərəsindən
Taxtalar mismarlanıb pəncərəyə,
içəri pis qoxuyur, qəddar kişi tərindən
Hər gün bir sevgi ölür,
üzünü qapayaraq ağlayan qadının kədərindən
Yorğun buludlar kəsir qarşısını,
fərqlənmir qüssəli gecəsi səhərindən.
Hər gün bir qadın intihar edir,
ilan kimi qıvrılan kəndirin zəhərindən.

Mən bunları oxuduqca, sevgilim,
Bakı gəlir gözümün qabağına
Bakının üzünə taxdığı maska necə də köhnəlib,
“kapilkam”da qalan sovet qəpikləri kimi
Kabul daha səmimidir, Kabul kişisi daha mədəni,
üzündə iki insan gizlənməyib
On üçündə əllisində olan kişilərin altında inləyən,
mükafat kimi qazandıqları təpikləri kimi
Daha evlilik yaşına çatmadan, ölür qadınlar,
ölüm yaşına çatan kişilərin bəhərindən.

Kabul rüzgarları kimi səksəkə içindəyəm, sevgilim
Əlimdə tutduğu bütün ümidlərini
bir anda itirən insanlar kimi karıxıram
Bir ayağı əlil olan Tarıkı sevən,
İki ayağı olan Raşitin qorxunc tərində həbs olunan
Leyla kimi qadınların olduğu Kabul üçün darıxıram
Sığınıb Kabulun gerçəkliklərinə,
Qaçmaq istəyirəm Bakının şərindən.

Bakının ucalan göydələnlərindəki,
saxta meqapolis sevişməsindənsə
Kabulun bir xarabasına çöküb,
qadağaları büküb, iki gəncin öpüşməsi
Daha safdır, daha günahsızdır
Bakı daha allahsızdır
Kabul dağında vuruşan allah əsgərlərindən.
Hər gün bir qadın boğulur,
ölüm yaşında olan kişi tərindən
Hər gün bir qadın boğulur,
hər gün bir məzar qazılır daha dərindən.

Sevgilim, Kabulda tənhalığın ömrü daha qısadır
Sevgiyə qovuşmasan da,
bir güllənin qığılcımına qovuşursan
Bakıda tənhalığın adı səbir dolu kasadır
Nə sevgiyə, nə gülləyə qovuşmasan da,
zamanla yaşama yovuşursan
Daha ağlamırsan, nə sevgilinin həsrətindən,
nə sevgi kədərindən.

Amma qorxunc oluram gecələr,
əfqan çocuğun yuxusuna girən talib əsgəri kimi
Bütün divləri saçından asıb,
özü divə dönən düşmənin qalib əsgəri kimi
Hər gün bir qadın öldürüb,
hər gün bir ocaq söndürüb, sərsəri kimi
Bakı küçələrinə qəddar şeirlər qoşub,
kriminal xəbəri kimi
Başlıq yazılır:
“Usandı, Kabulda doğub
Bakıda ölən sevgilərindən”


Erota üsyan

Erot,
Teoman mahnılarından sərxoş olub küçələrdə
İçkili görkəmdə insanlara görünməkdən utanmıram
Çünki sərxoş olanda daha səmimi oluram
Maskalanmıram
Çox istədim,
Amma sifətimə uyğun maska tapa bilmədim
Bütün maskaları 125 adam taxmışdı parlamentdə
Ona görə maskasız qalacağam.

Erot, başını qaldır içki masasından
Qaralama dəftəri gətir tanrıların yasasından
Hər kəsin taleyi ağlamada ikən
Tanrılar mənim üzərimdə qaraladılar puç olan sevgiləri
İndi gətir o qaralama dəftərləri, Erot
Tər-təmiz yuyub eyvandakı ipdən asacağam
Daha sonra buxarlı ütü ilə ütüləyəcəyəm
Ağappaq olduqdan sonra, öz sevgimi özüm yazacağam.

Erot, o qəddar tanrılara de ki, arada içdikləri şərabdan
Yağışla mənə göndərsinlər
Arada mürgüləyən başlarını, qaldırıb mənə döndərsinlər
Bacarmırlarsa, insan taleyini yazmağı
Balinalar kimi özlərini topluca sahilə vurub öldürsünlər.
Sevgi verə bilməyən tanrıları, tək-tək iplə asacağam.

Erot, gecələr məni məhv edəcək kabuslar görürəm
Prokuratorun edama göndərdiyi İsanın cismində canlanıram
Bir üzümə tüpürdüklərində, o biri üzümü niyə çevirdiyimi anlamıram
Hər gün qonşuluqdakı dul qadın tərəfindən danlanıram.
Elə bilir ki, hər içkidən sonra onları dul buraxmayacaq kişilər qusacağam.

Erot, Tanrı deyilsənmi? Döndər məni günəbaxana
Onun üzünə baxım hər gün, üzr istəyim günəş ömrü qədər
Altı günə dünyanı yaradan tanrılar, üç dəqiqə versin onun gözlərinə baxana
Diz çöküm, iblisin əvəzinə də, bağışlanmaq istəyim atəş ömrü qədər
Etməsən bunu, bütün tanrıları öz cəhənnəmlərində yandıracağam.
XS
SM
MD
LG