Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:26

İntiqam Hacılı. Maneken sevgilim


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


İntiqam Hacılı


MANEKEN SEVGİLİM

Yaşadığım şəhərdə,
“Xəqani” ticarət mərkəzinin
aynabəndinə düzülmüş
maneken qızların
sol tərəfdən üçüncüsü
mənim sevgilim.
O çox nikbin, sadə, mülayim,
dilsiz və sakit bir qızcığaz.
Hər gün yanından
bir qızla keçsəm də,
məni heç qısqanmaz.

Deyingən qadınlar kimi
çörək, pul, geyim istəməz məndən,
heç ehtiyacı da yox kimi.
Mən alt paltar geyinmirəm,
Osa yay-qış alt paltarında olar,
geyindiyi bu paltarları
satmaqla dolanar.
Mövsümdən mövsümə,
satılandan satılana dəyişər,
onçün üst geyim olan
bu alt paltarlarını.

Maneken sevgilimdən gözəl,
bu şəhərdə qız yox.
Həmçinin bu şəhərin ən özəl,
məndən eybəcər oğlanı da yox.
Biz sevişərkən
o üst paltarlarını çıxarmır,
mənsə alt paltarlarımı.


QƏDƏR

Səni nənəmin məni danladığı
sözlər qədər sevirəm.

Səni babamın axsadığı
addımlar qədər sevirəm.

Səni anamın yapdığı
təzəklər qədər sevirəm.

Səni atamın biçib doğradığı
otlar qədər sevirəm.

Səni bacılarımın oxumadığı
kitablar qədər sevirəm.

Səni ortancıl qardaşımın vurduğu
şərablar qədər sevirəm.

Səni böyük qardaşımın yaratdığı
bürokratiyası qədər sevirəm.

Səni məmurların aldığı
rüşvətlər qədər sevirəm.

Səni diktatorların etdiyi
çıxışları qədər sevirəm.

Səni seçkilərdə saxtalaşdırılan
səslər qədər sevirəm.

Səni büdcədən yeyilən
pullar qədər sevirəm.

Səni günahsız olan
məhkumlar qədər sevirəm.

Səni hüquqları pozulan
insanlar qədər sevirəm.

Səni “sevirəm” deyilmiş
kəlmələr qədər sevirəm.

Səni qədərlər qədər sevirəm.
Səni nə qədər sevirəm!
XS
SM
MD
LG